“BAYDEN ONU GÖNDƏRMİŞDİ Kİ, KREMLƏ XƏBƏRDARLIQ ETSİN...” - Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun sərhədə qoşun cəmləşdirilirməsinə görə gəldiyi açıqlandı

Baxış sayı:
980

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin bir neçə gün əvvəl Moskvaya etdiyi səfərin məqsədi açıqlanıb. CNN kanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən Uilyam Bernsin Ukrayna ətrafındakı situasiyaya görə Moskvaya göndərildiyini xəbər verib.

MKİ direktoru noyabrın 2-də və 3-də  Moskvada  əvvəlcədən anons edilməyən səfərdə olub, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə və Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkinlə danışıqlar aparıb. Səfərlə bağlı rəsmi açıqlama verilməyib.

CNN bildirir ki, Uilyam Berns Rusiyanı Ukraynaya qarşı “aqressiv hərəkətlərin yolverilməzliyi” haqda xəbərdar etmək, habelə Rusiya tərəfinin niyyətini öyrənmək üçün səfər etmişdi.

“Prezident Bayden Bernsi Moskvaya göndərib ki, Kremlə xəbərdarlıq etsin”, - telekanal bildirir.

KİV-lər xəbər verir ki, Moskvaya səfərdən sonra MKİ direktoru Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. Danışıqların məqsədi Moskva ilə Kiyev arasında son günlər yaranmış gərginliyi yumşaltmaq olub.

Xatırladaq ki, bu günlərdə Donbass ətrafında situasiyanın gərginləşməsi, eskalasiyanın artması fonunda Rusiya Ukrayna sərhədlərinə iri qoşun qruplaşmaları cəmləşdirirdi. ABŞ və Avropa rəsmiləri bu barədə narahatlıq ifadə ediblər, habelə kommersiya peykindən çəkilmiş görüntülər Ukrayna ilə sərhəddə minlərlə hərbi texnikanın cəmləşdirildiyini təsdiq edib. Sosial şəbəkələrdə isə Rusiya hərbi kalonlarının Ukrayna sərhədlərinə tərəf hərəkətini əks etdirən videokadrlar yayılıb./virtualaz.org