Baş Prokurorluq internet saytlarına xəbərdarlıq edib

Baş Prokurorluqda aparılan araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-lərdə həqiqətə uyğun olmayan məlumatlar yayılıb
 
Baş Prokurorluq internet saytlarının rəhbərlərinə xəbərdarlıq edib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluqda aparılan araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Aztoday.az”, “İnfoaz.org” və “Xural.com” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.
Bununla əlaqədar həmin saytların baş redaktorları baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlər görüləcəklərinə dair rəsmi xəbərdarlıq ediliblər.