AZƏRBAYCANLI BİZNESMENLƏRİN QARABAĞLA BAĞLI SUSQUNLUĞU... - Müharibə xaricdəki milyarderlərimizin Vətənə biganəliyini bir daha üzə çıxardı

Baxış sayı:
890

Vətən müharibəsi dövlət, toplum olaraq bir çox üstünlüklərimizi, hətta indiyə qədər inanmadığımız dərəcədə fədakarlıq və əzmimizi üzə çıxardığı kimi, bəzi neqativ cəhətləri də ortaya qoydu. Təəssüf ki, gözünü qırpmadan canını Vətənə fəda edənlərlə yanaşı, naqislik, fürsətcillik, xalqa, dövlətə qarşı biganəlik kimi “xüsusiyyətlər”in daşıyıcıları olan bəziləri elə olduqları kimi də qaldılar...

Yəqin Ermənistan və Rusiya mətbuatı ilə maraqlananlar müharibənin gedişində çoxlu sayda ereməni əsilli iş adamlarının orduya və əhaliyə böyük miqdarda yardımları, dəstəyilə bağlı məlumatlara tez-tez rast gəliblər. Demək olar elə bir gün yox idi ki, Ermənistandakı, xüsusilə də xaricdəki erməni iş adamlarının, milyonçularının, ayrı-ayrı imkanlı peşə adamlarının böyük məbləğli pul köçürmələrilə bağlı məlumatlar yayılmasın.

Hələ həmin şəxslərin Rusiyadan və digər bir çox ölkələrdən öz vəsaitləri hesabına müxtəlif növ silahlar alaraq, qamaq yolla Ermənistana göndərməlrini demirik. Hətta Azərbaycan prezidenti də onların adlarını çəkərək, bu şəxslərin Ermənistana silah-sursat göndərdiklərini demişdi. Bir sözlə, Ermənistana bu dəstək olmasaydı, bəlkə də müharibə 44 gün yox, daha az müddətə başa çatardı.

Lakin təəssüf ki, nəinki erməni işa adamları, milyonçuları ilə eyni səviyyədə, heç bunun yarısı qədər də dəstəyi azərbaycanlı iş adamlarından, onların istər ölkəmizdəki, istərsə də ondan kənardakı şirkətlərindən görmədik. Əlbəttə, bəzi ara-sıra, xırda-para jestlərə rast gəlindi, lakin bunlar müharibənin miqyası və tarixi əhəmiyyətinin qarşısında olduqca kiçik və təsirsiz göründü. Və konkret hansısa şəhid, yaxud qazi ailəsinə edilən yardımların da adlı-sanlı, milyonlara, hətta milyardlara sahib olan həmvətənlərimiz deyil, kiçik və orta ölçülü iş adamları tərəfindən həyata keçirildiyini gördük.

Elə indi də, müharibədən sonra əlil olan, normal evsiz-eşiksiz qəhrəmanlarımıza, şəhid ailələrimizə kömək edənlər yalnız dövlət və ortabab imkana malik həmvətənlərimizdir. Arxasında iri məmurların, sabiq və bəzi indiki nazirlərin durduğu, dövlətin keçirdiyi tenderləri məlum yollarla qazanıb büdcədən yüzmilyonlar qoparan şirkətlərdən isə ümumiyyətlə səs-soraq yoxdur...

Biz hələ xaricdə, xüsusilə Rusiyada milyardlara sahib olan və Azərbaycanda da böyük biznesi olanları demirik. “Milyarderlər İttifaqı” yəqin ki, heç kimin yadından çıxmayıb. 

Ortaya siyasi ambisiya qoyan, guya vətəni, xalqı düşünərək seçki öncəsi siyasi proseslərə qoşulan, əslində isə məlum dairələrin siyasi sifarişini yerinə yetirən Rusiyadakı milyarderlərimizin müharibə dövründə və ondan sonra hansısa ciddi addımını, böyük yardım və dəstəyini görən oldumu?

 

 

“Putinin dostuyam” deyib Moskvada 100 milyonluq lahiyələr reallaşdırması ilə öyünənlərin nə müharibə dövrü Qarabağda gördükləri, nə də müharibədən sonra görə biləcəkləri işlər barədə səslərini belə eşidən olmadı.

Heç Rusiyada telekanallarda, tanınmış mətbu orqanlarda bütün müharibə dövrü Azərbaycan əleyhinə aparılan təbliğatı dayandımağa belə cəhd etdiklərini müşahidə etmədik. Halbuki bir az vəsait xərcləməklə bu çirkin təbliğatıı neytrallaşdıra bilərdilər. 

Bu adamların əksəriyyəti ordumuza, xalqımıza nəinki maddi, heç mənəvi dəstək də göstərmədilər. Necə olur ki, onların seçki öncəsi guya Vətən, xalq yadlarına düşür, amma ən ağır və məsuliyyətli, taleyüklü günlərində heç Azərbaycan tərəfə baxmaq belə istəmirlər? Onu da yaddan çıxarmayaq ki, həmin şəxslərin bir çoxunun ölkəmizdə də böyük biznesləri var və vətənlərindən gen-bol bəhrələnməkdə davam edirlər.

Ancaq bugünkü reallıq Azərbaycandakı iri biznes strukturları və xaricdəki iş adamlarımızdan indiyə qədər gördüyümüz mənzərə ilə nisbətdə daha böyük həssaslıq və fədakarlıq tələb edir. Özü də bu, təkcə qəhrəman şəhidlərimizin ailələri və qazilərimizə, yaralılarımıza münasibətdə deyil, işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsi məsələsində də özünü göstərməlidir. Təbii ki, dövlət bu məsələdə öz üzərinə düşəni etməyə çalışacaq, yol, infrastruktur layihələrini həyata keçirəcək. Lakin məsələ bununla bitmir.

Əhalinin həmin yerlərə qayıtmasına, iş yerlərilə təmin olunmasına və ümumiyyətlə, bu ərazilərin cəzbediciliyinə nail olunması üçün artıq indidən böyük şirkətlər, iş adamları ortaya biznes planları, layihələr qoymalıdırlar. Müharibənin bitməsindən 1 aya yaxın vaxt keçsə də, belə bir təşəbbüslə şıxış edən heç bir şirkət və iş adamına rast gəlinmir. Hansı ki, bu bölgələrimiz turizmdən tutmuş kənd təsərrüfatına, sənaye və ayrı-ayrı istehsal müəssisələrinin qurulmasına qədər böyük potensiallara malikdir.

Ancaq Azərbaycanın biznes mühiti, xüsusilə böyük şirkətlər sanki hələ qəflət yuxusundadırılar və sadəcə, dövlətin bu ərazilərlə bağlı elan edəcəyi yeni “yağlı” tenderləri gözləyirlər ki, nəsə qapazlasınlar. Ortda nə hansısa təşəbbüs, nə layihə, nə də belə bir məramın olduğuna dair hər hansı işarə var. 

Hökumət artıq indidən bu ərazilərdə iş quranlara böyük vergi, kredit güzəştlərinin ediləcəyinə dair bəyanatlar verib. Lakin hələlik bu ərazilərilərimizin canlandırılması planlarına dair müstəvidə mobil operatorların reklamlarından başqa heç nəyə rast gəlinmir ki, onların da hansı maraq güddükləri bəlli məsələdir...

Yəqin ki, hökumət də sözügedən ərazilərdə iş yerlərinin açılması üçün əlindən gələni edəcək və buraya iri şirkətlərin, iş adamlarının cəlb olunmasına çalışacaq. Lakin nəzərə alsaq ki, iri bizneslərin böyük əksəriyyəti hələ də məmur-oliqarxların əlindədir, bunu etmək o qədər də asan olmayacaq, çünki bu şəxslərin hansı mənəvi keyfiyyətlərə malik olduqları son iki ayda bir daha üzə çıxdı.

Deməli, birinci növbədə biznes mühitinin sağlamlaşdırılması istiqamətində daha radikal və qəti addımlar atılmalıdır. Bu ərazilərə daha çox nisbətən şəffaf reputasiyaya malik şirkət və iş adamlarının cəlb edilməsinə, onlara ciddi güzəştlər edilməsinə, bizneslərinə dəstək verilməsinə nail olmaq lazımdır və ən azından heç olmasa həmin torpaqlarımızda görüləcək işlərlə bağlı keçiriləcək iri tender və satınalmalar yenə də məmur-oliqarxalara aid şirkətlərə yem edilməməlidir.

C.Məmmmədov