“AZƏRBAYCAN NAXÇIVANLA NƏQLİYYAT ƏLAQƏSİ ƏLDƏ ETMƏLİDİR” – Paşinyan prioritetlərini açıqlayıb

Baxış sayı:
685

"Regionda kommunikasiyaların açılması Ermənistanın xarici siyasət prioritetlərindən olmalıdır".

Bunu Baş nazir Nikol Paşinyan parlamentə hökumətin 2021-2026-cı illər üzrə fəaliyyət proqramını təqdim edərkən deyib. O qeyd edib ki, bu proses Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyi və həyati maraqları hesabına başa gəlməməlidir.

“Bu, Ermənistan Respublikasının 30 ilə yaxın davam edən blokadasını qırmaq üçün ciddi fürsətdir. Bu, sadə proses deyil, Azərbaycan tərəfin hansısa dəhlizlər haqda bəyanatları ilə daha da dərinləşir”, – deyən Paşinyan, iddia edib ki, 9 noyabr və 11 yanvar tarixli üçtərəfli bəyanatlarda Ermənistan ərazisindən dəhliz çəkilməsinə dair heç bir ifadə, istinad, formula yoxdur.

Ötən il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderləri Qarabağda əməliyyatların dayandırılması haqda atəşkəs bəyanatı, bu il yanvarın 11-də isə regionda kommunikasiyaların açılmasını nəzərdə tutan bəyanat imzalayıblar.

“Söhbət başqa məsələdən gedir: Ermənistan Azərbaycan ərazisindən Rusiya və İranla nəqliyyat əlaqəsi əldə etməlidir. Azərbaycan isə Ermənistan ərazisindən özünün qərb regionları, eləcə də Naxçıvanla nəqliyyat əlaqəsi əldə etməlidir”, – Baş nazir deyib.

Paşinyan kommunikasiyaların açılmasının Ermənistanın maraqlarına müəyyən risklər yaratdığını da inkar etməyib: “Buna görə də hökumətin proqramında qeyd etmişik ki, kommunikasiyaların açılması Ermənistanın xarici siyasət prioritetlərindən olmalıdır. Eyni zamanda bu proses Ermənistanın və Qarabağın təhlükəsizliyinə və həyati maraqları hesabına baş verməməlidir”.

Baş nazir iddia edib ki, regionda sülh və sabitlik onların uzunmüddətli strategiyasıdır, qonşu ölkələrlə münasibətlərin dərinləşməsi və normallaşması isə xarici siyasətin əsas istiqamətlərindən olacaq./azpolitika