ARTIQ GÜRCÜSTAN VƏTƏNDAŞLARI DA AZƏRBAYCANDA PEYVƏND OLUNA BİLƏCƏK - Açıqlama

Baxış sayı:
220

Artıq Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olmayan, bununla belə pandemiya səbəbindən ölkədən çıxa bilməyən Gürcüstan vətəndaşları da koronavirusa qarşı peyvənd oluna biləcəklər.

Bununla bağlı Gürcüstan azərbaycanlılarının “Soydaş” İctimai Birliyindən məlumat verilib.

Məlumatda deyilir:

“Hazırda Azərbaycanda olan və pandemiya səbəbindən ölkəni tərk edə bilməyən soydaşlarımız vaksinasiya ilə bağlı problemlərlə üzləşmişdilər. Belə ki, olduğu yer üzrə qeydiyyatda olan (müvəqqəti və ya daimi yaşama icazəsi olmayan) soydaşlarımız burada koronavirusa qarşı peyvənd vurdura bilmirdilər.

“Soydaş” İctimai Birliyi olaraq bununla bağlı müxtəlif dövlət qurumlarına müraciətlər etmişdik. Artıq bu gündən etibarən 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) VII korpusunda vaksinasiya prosesinə başlanılıb.

Vaksin olunmaq istəyən şəxslər həftə içi hər gün saat 09:00-18:00 arası, şənbə günləri 09:00-14:00 arası peyvəndlənmə üçün müraciət edə bilərlər. Xarici pasportunuz və olduğunuz yer üzrə qeydiyyat zamanı sizə təqdim olunan qeydiyyat sənədinizlə birgə xəstəxanaya gedərək canlı növbə götürə bilərsiniz”.

“Soydaş” İctimai Birliyinin rəhbərliyi sözügedən məsələdə göstərdiyi köməyə görə Azərbaycan - Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyevə, həmçinin aidiyyəti dövlət qurumlarına təşəkkür edib./oxu.az