Allahşükür Paşazadənin MÜƏMMALI İRAN SEVGİSİ - Şeyxin fars rejimi üçün ABŞ-a müraciətinin PƏRDƏARXASI

Baxış sayı:
5123

Sərdar Cəlaloğlu: “Allahşükür heç vaxt Azərbaycanın milli maraqlarına bu şəkildə münasibət bildirməyib”

Cahandar Bayoğlu: “Allahşükür Paşazadə İran rejiminə olan sevgisini bildirir”

Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatları prezidenti  Donald Trampa məktubla müraciət edib. İnsanlıq naminə Trampı mərhəmətli və şəfqətli olmağa çağıran Allahşkür Paşazadə yazır ki, bu gün dünya miqyaslı virus fəlakəti zamanında bizimlə qonşu olan İran xalqı ən zəruri tibbi, ərzaq ləvazimatlarından, maddi yardımlardan məhrum qalmış, qocalar və uşaqlar amansız xəstəlik qarşısında ölümə tərk edilmişdir: “Humanitar fəlakət həddində yaşayan qonşu İran xalqının əzab-əziyyətləri barədə bizə daxil olan müraciətlər belə bir fövqəladə dövrdə fövqəladə qərarların verilməsini zəruri edir. Sizdən rica edirik ki, humanizm və bəşəri həmrəylik naminə İran xalqına qarşı sanksiyaların dayandırılmasına, pandemiya dövründə bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına, İran xalqının təcrid və böhrandan azad olmasına dair qərar verəsiniz. Belə bir qərar bütün dünyəvi və mənəvi qanunlara uyğun addım və Uca Rəbbimizə xoş gedən savab bir əməl olar”.

Təəccüblüdür ki, humanizm və bəşəri həmrəylik naminə İran xalqı üçün Trampa müraciət edən Allahşükür Paşazadə elə İranda yaşayan 50 milyon Azərbaycan türkünün hüquqlarının pozulması ilə bağlı bir dəfə də olsun İran  rəhbərliyinə niyə müraciət etmir? Niyə bir dəfə də olsun etiraz səsini ucaldıb demir ki, 50 milyonluq xalqın hüquqlarına hörmətlə yanaşın? Yaxud İranın Ermənistana dəstəyi, Azərbaycana isə düşmən mövqe sərgiləməsi ilə bağlı Paşazadə niyə səsini ucaltmır? Humanizm prinspləri və bəşəri həmrəylik təkcə İrana tətbiq edilən sanksiyalara görə yada düşür?

İllərdir Türkiyədə terror hadisələri törədilir. Terroru törədən PKK/YPD/YPG-yə dəstək verən də Amerika Birləşmiş Ştatlarıdır. Bu barədə dəfələrlə dünya mediasında məlumatlar dərc olunub, Amerika rəhbərliyi səviyyəsində də bu, etiraf olunub. Heç Allahşükür Paşazadə buna görə ABŞ-a etiraz edib? Yox. Eləcə də Suriyada, İraqda, ümumiyyətlə, Yaxın Şərqdə günahsız körpələrin, insanların ölümlərinə Paşazadə səsini ucaldıb? Dünya güclərini insanlıq faciəsinə son qoymağa çağırıb? Yox. İndi isə İran xalqına münasibətdə humanizm yada düşür. Əslində, hər zaman humanizm insa üçün ali dəyər olmalıdır. Təəssüf ki, bu və digər məsələlərə münasibətdə humanizm yada düşmür, siyasi maraqlar önə çəkilir.

Şeyxülislam Allahşükür Paşazadənin ABŞ prezidenti Donald Trampa müraciəti sosial şəbəkələrdə də müzakirə predmeti olub. Cənubi Qafqaz üzrə siyasi analitik Ənvər Börüsoy da ilk olaraq xatırladıq ki, Azərbaycan Respublikasının vətəndaşı, 1942-ci ildə dünyanın ən dəhşətli diktatoru İosif Stalinin qərarı ilə yaradılmış “Qafqaz Müsəlmanları İdarəsi”nin indiki rəhbəri Allahşükür Paşazadə ABŞ prezidenti Donald Trampa müraciət edərək, İran adlı ölkəni 42 ildir idarə edən “mollakratiya” rejiminə tətbiq olunan beynəlxalq embarqonun aradan qaldırılması münasibətilə müraciət ünvanlayıb: “Humanizm siyasətinin tətəfdarı olduğunu qeyd edən vətəndaş A. Paşazadə, əcaba, bu dövləti 42 ildir idarə edən mollakratiya rejiminin nədən Azərbaycan Dövlətinə qarşı apardığı siyasətə “dur” demir? İran adlı ölkədə superetnos statusu ilə tanınan Türklərin ana dilində təhsil almaq, milli-mədəni hüquqlarının tanınması yönündə gərəkən addımların atılması məsələsində 30 ildir nədən susur? Nədən bu ölkədə yaşayan biz Türklərə bağlı bölgələrdə 42 ildir yaşanılan sosial-iqtisadi problemlərin çözümü üçün müraciətlər etmir? Güney Azərbaycanın sərvətlərinin talan edilməsi və ekoloji baxımdan dünyanın ən təhlükəli bölgəsinə çevrilməsinə nə üçün gözlərini yumur? Azərbaycan Respublikasında dini mərasimlərin icrasını İran mollakratiya rejimini idarə edən ayətullahların fetvalarına nə üçün bağlayıb? Ölkənin küçə və meydanlarında edamların aparılmasına nədən qarşı çıxmır?”

Ə. Börüsoyun fikrincə, ABŞ-a müraciət edərək embarqoların aradan qaldırılmasını istəmək, elə Tehran rejiminin yanında durmaq, bu antitürk rejimi dəstəkləmək deməkdir: “Humanizm pərdəsinə bürünərək irtica siyasətlərinə dəstək verilməsi tamamilə yanlış addımdır. Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsində Ermənistanın təcavüzkar siyasətini maddi, hərbi, silahlı və digər yönlərdə dəstəkləyən Tehran molla rejiminə nə üçün qarşı çıxmayıb? Bu sualları 30 ildir vətəndaş A. Paşazadə hələ də gündəmə gətirməyib”.

“Görünür, İranla müəyyən mənada münasibətləri yaxşılaşdırmaq xətrinə belə edir”

Sərdar Cəlaloğlu: "Türkiyə ilə Azərbaycanın konfederativ əlaqəyə ...

Allahşükür Paşazadənin İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün ABŞ prezidenti Trampa müraciəti ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Hürriyyət”ə deyib ki, Allahşkür Paşazadə dini təssübkeşliyə görə edir: “İran şiə hökumətidir. Bu da şeyxülislamdır, şiələrin rəhbəridir. Yəqin o xətlə müraciət edib. Əlbəttə, Allahşükür heç vaxt Azərbaycanın milli maraqlarına bu şəkildə münasibət bildirməyib. Heç vaxt Azərbaycanla bağlı lazım olan aktivlik də nümayişlik etdirməyib. Görünür, İranla müəyyən mənada münasibətləri yaxşılaşdırmaq xətrinə belə edir”.

 “O adam Rusiyanın buradakı maraqlarının müdafiəçisidir”

“O adam bizim başa düşdüyümz kimi yalnız din xadimi deyil, siyasətçidir, siyasətlə məşğul olur, özünün maraqları var, Rusiyanın buradakı maraqlarının müdafiəçisidir. Əslinə baxsan, İranı  müdafiə etməsi elə dolayısı yolla bir tərəfdən Rusiya ilə bağlıdır. Çünki Rusiya ilə İranın müəyyən müttəfiqliyi var, o xətlə çıxış edir. O, müstəqil deyil ki. O, xarici dövlətlərlə əlaqəli olduğu üçün onların da maraqlarına xidmət edir”,-deyə partiya sədri vurğulayıb.

“Moskvanın və imperiyanın qurduğu bu idarə birinci özündə redaktə etməlidir” 

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin ABŞ prezidenti Trampa müraciəti ilə bağlı Turan Partiyasının başqanı Cahandar Bayoğlu da “Hürriyyət”lə öz fikirlərini bölüşüb: “Birincisi, Qafqaz müsəlmanlarının bizdə idarəsi ola bilməz. Bu Sovetlər dövründən qalmış bir termindir.  Qafqaz respublikaları sovetlərin bir ölkəsi idi, orada yaşayan müsəlmanların da idarəsi var idi. İndi Azərbyacan müstəqil respublikadır, cümhuriyyətdir. İndi Gürcüstanda, ya qüzey Qafqazda, orada-burada yaşayan müsəlmanların necə ola bilər ki, bir lideri olsun?! Bu adın özü birinci dəyişməlidir, Azərbaycan dövlətçiliyinə uyğunlaşmalıdır. Moskvanın və imperiyanın qurduğu bu idarə birinci özündə redaktə etməlidir. Bu, ayrı bir mövzudur”.

“Azərbyacanın özü belə, İrandakı soydaşlarımıza humanitar yardımlarda bulunmalıdır”

C. Bayoğlunun sözlərinə görə, Şeyx bu müraciəti daha çox İran rejiminin istəyi üzərindən edib: “O, rejimə olan sevgisini bildirir. Amma biz Azərbaycan türkü olaraq İranda 49  milyon türk yaşadığını bilərək, orada insanlarımızın əziyyət çəkməsini, iqtisadi baxımdan əzab-əziyyətlərə düçar olmasını qətiyyən qəbul edə bilmərik,  millət olaraq embarqonun da doğru olmadığını qəbul edirik. Millətimiz əziyyət çəkdiyinə görə, rejimin oduna millətimiz yanmamalıdır. Bu baxımdan, istər Amerika, istərsə də digər böyük güclü dövlətlər İranla siyasi baxışlarını saxlamaq şərtilə, yəni İran rejiminin terroru dəstəkləməyi, bölgədə narkotik biznesində, qarabazarın gerçəkləşməsində rolu, qarabazarda törətdikləri cinayətlər və digər məsələlərə görə, iran rejiminə qarşı siyasi sanksiyalar  davam etməlidir. Amma iqtisadi baxımdan, İrandan qida məhsullarının ixracına və İrana qida məhsullarının idxalına qarşı olan embarqolar, biz də hesab edirik ki, aradan qaldırılmalıdır. Azərbaycanın özü belə, İrandakı soydaşlarımıza humanitar yardımlarda bulunmalıdır.  Türkiyə İrandakı soydaşlarımıza ilk olaraq humanitar yardımda bulunmalıdır və dünya dövlətləri də orada millətimiz az əziyyət çəksin deyə, xalqın rifahına qarşı olan sankiyalardan əl çəkməlidilər, humanitar yardımda iştirak etməlidirlər”.

“Biz rejimə qarşı olan siyasi sanksiyaların davam etməsini doğru sayırıq”

“Allahşükür Paşazadə rejimin sifarişini yerinə yetirir, onun istəyi üzərindən hərəkət edir. Amma bu rejimin istəyi ilə olsa da, Allahşükür Paşazadə rejimə olan sevsindən bu addımı atsa da, biz rejimə qarşı olan siyasi sanksiyaların davam etməsini doğru sayırıq, humanitar dəlizin açılmasını  isə doğru qəbul edirik”,- deyə partiya sədri əlavə etdi.

“Qrımızı imperiyanın yaratdığı bu idarə dövlətimizin və millətimizin maraqların tam xidmət edə bilmir”

 C. Bayoğlunun fikrincə, din siyasətə qarşımamalıdır: “İkincisi də Allahşkür Paşazadə İranın Azərbaycandakı ekspansiya siyasətinin,  Xomeyniçiliyin yayılmasının qarşısını almaqla məşğul olmalıdır. Azərbaycanda bu gün kəndlərdə  Məşhəd, Qum, Nəcəf komitələri fəaliyyət göstərir. İran burada güclü surətdə təşkilatlanır. Yaxşı olar ki, Allahşükür daha çox bunlarla məşğul olsun və İran rejiminin Azərbaycanda olan antitürk və Xomeyniçilik siyasətini tamamilə qarşısını almaqda dövlətin yanında olsun. Allahşükürün üzərinə düşən bu, olmalıdır. Təəssüf ki,  Sovetlər dövründə qrımızı imperiyanın yaratdığı bu idarə hələ də dövlətimizin və millətimzin maraqlarına tam xidmət edə bilmir”.

Şamo EMİN