“Alacağım cəzadan qorxmuram” - DEPUTAT ASTAN ŞAHVERDİYEV

Milli Məclisin deputatı Astan Şahverdiyev Baş nazirin müavini,  “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı açıqlama verərkən yayılan məlumatları cəfəngiyyat adlandırıb.
O, “Saytlar Əli müəllimin nəvəsinə məxsus avtomobilə yüksək qiymətlər qoyurlar. O avtomobilin milyonluq qiyməti yoxdur. Ümumiyyətlə, o hadisədə Nail Allahverdiyevin təqsiri yoxdur. Qəza zamanı avtomobildə Əli müəllimin nəvəsi deyil, sürücü olub. İndi bunu şou etməyin nə mənası var?”-deyib.
 Avqustun 7-də isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib ki, qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib. 
Modern.az qəza baş verən an Nail Allahverdiyevin öz evində olmasını israrla vurğulayan və mətbuatı şou yaratmaqda günahlandıran Astan Şahverdiyevə yenidən müraciət edib.
Astan Şahverdiyev məsələ ilə bağlı açıqlama vermək istəməyib:
“Xahiş edirəm mənə heç bir sualla müraciət etməyin. Mən danışmaq istəmirəm. Heç nədən, alacağım cəzadan da qorxmuram”,- deyərək dəstəyi asıb.
Avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Məhkəmənin hökmü ilə N.Allahverdiyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.