Akif Çovdarov niyə aclıq edir?

MTN-in həbsdə olan generalının vəkilindən ilginc açıqlamalar
 
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin sabiq rəisi, general Akif Çovdarov ölə bilər. Bunu “Yeni Müsavat”a onun vəkili Sadiq Rəsulov deyib.
 
“Akif Çovdarovun vəziyyəti çox pisdir, hər gün çəki itirir. Artıq 13 kiloqram arıqlayıb. Avqustun 19-dan bu günə qədər aclığı davam etdirir, dərmanları da qəbul etmir. Bu gedişlə çox ağır fəsadlar ola bilər”, – deyə vəkil bildirib.
 
Sabiq Rəsulov əlavə edib ki, Akif Çovdarovun aksiyasının qeydə alınması ilə bağlı rəsmi müraciət olunub: “Akif müəllimin aclıq aksiyasının qeydə alınması ilə bağlı rəsmi şəkildə müraciət etmişik. Bu müraciət dəftərxanada qeydiyyatdan keçirilib, həmin ərizənin qeydiyyatdan keçirilmiş surəti məndə, Akif Çovdarovun ailə üzvlərində var və prokurorluğa da yollamışıq. Bu haqda protokola da qeyd vermişik. Akif müəllim cinayət işinin materialları ilə tanış olmaqdan imtina etdi, bildirdi ki, ona az vaxt verilməsini qanunsuz hesab edir. Cinayət işinin materialları ilə tanış olmaqdan imtina ilə bağlı ərizəni də müstəntiqə təqdim etmişik”.
 
Akif Çovdarovla sonuncu dəfə avqustun 31-də görüşdüyünü deyən Sadiq Rəsulov əlavə edib ki, müvəkkili özü sərbəst şəkildə görüşə bilmir: “O, kənar şəxslərin köməkliyi ilə görüşə gətirilir. Yəni sərbəst gələ bilmir. Ona görüşə gəlməyə 2 müəssisə əməkdaşı köməklik edir.
 
12 gün qida qəbul etməyən şəxsin taqəti necə ola bilər? Vəziyyəti ağırdır”.
 
Vəkil deyib ki, Akif Çovdarov maye də qəbul etmir: “Aclığa başlayandan sonra mayeni şənbə-bazar gününə qədər qəbul edib. O, bununla bağlı BIT rəhbərliyinə də müraciət edib. Artıq maye də qəbul etmir”.
 
Vəkil Akif Çovdarovun aclıq etməsinin səbəblərini belə izah edib: “O deyir ki, cinayət işinin materialları ilə tanış olmasına qəsdən imkan vermirlər, hüquqlarını pozurlar. Buna görə aclıq edir. Bir də Ədliyyə Nazirliyi Tibb Baş Idarəsinin hərəkətlərinə qarşı da etiraz edir. Bununla bağlı da müvafiq ərizə ilə müraciət edib. Çünki Tibb Baş Idarəsi onu yoxlamadığı bir vaxtda, heç kim onu müayinə etmədiyi halda prokurorluğa məktub veriblər ki, Akif Çovdarovun səhhəti normaldır və o, iş materialları ilə tanış ola bilər. Təbii ki, Akif Çovdarov bunu biləndən sonra da bu qanunsuzluğa da etiraz etdi, müvafiq ərizə yazdı. Göstərdi ki, heç bir müayinədən keçirilməyib, heç kim onunla səhhəti ilə bağlı danışmayıb”.
 
Sadiq Rəsulov bildirib ki, müvəkkili tibb-sanitar hissədə saxlayırlar.
 
Vəkil Akif Çovdarovun ailə üzvləri ilə görüşməsindən imtina etməsi barədə məlumatlara da münasibət bildirib.
 
“Akif Çovdarov Bakı Istintaq Təcridxanasında oğlu ilə görüşə bilir, həyat yoldaşı və qızı ilə telefonla danışa bilir. Bu məlumatları kimin yaydığını bilmirəm, yalandır”, – deyə vəkil vurğulayıb.