Vergi Məcəlləsində qəzet kağızı ƏDV-dən azaddır - bəs qanun niyə tətbiq edilmir?

Baxış sayı:
25735

Əkrəm Həsənov: “Vergi Məcəlləsinə görə bütün ziddiyyətli məqamlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır”; Rəşad Məcid: “Arzu edərdik ki, qəzetlərin belə iqtisadi çətinlik yaşadığı dövrdə kağıza ƏDV tətbiq olunmasın”

Modern.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Sənədə görə, Milli Məclisin deputatları tərəfindən təklif edilib ki, ölkəyə gətirilən qəzet, kağız və hazır çap məhsulları üzərindən əlavə dəyər vergisi aradan qaldırılsın.

Nazirlər Kabinetinin həmin təklifə cavabında isə göstərilib ki, Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinin müddəalarına əsasən siyahısı Azərbaycan respublikasının Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Həmin siyahıya qəzet kağızı və hazır çap məhsulları daxil edildiyi halda qeyd olunan malların idxalı ƏDV-dən azad oluna bilər.

Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.

Mətbuatın hazırkı durumunu nəzərə alsaq, bu məsələ qəzetçiliyin yaşamasında böyük rol oynaya bilər.

Diqqət çəkən əsas məqam isə odur ki, qəzetlərin, çap  və poliqrafiya məhsullarının ƏDV-dən azad olunması Vergi Məcəlləsində öz əksini tapıb. Qanunun 164.1-ci maddəsində ƏDV-dən azad edilən məhsulların siyahısında kütləvi informasiya vasitələri məhsullarının bütün növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti də qeyd olunur. Yalnız reklam fəaliyyəti istisna təşkil edir. Lakin bu qanun mövcud olduğu halda, Nazirlər Kabinetinin 2015-ci ildən etibarən ləğv olunan 11 saylı qərarı əsas götürülür və onun ləğvi ilə qəzet kağızı ƏDV-yə cəlb olunur.

Xanhüseyn Əliyev ile ilgili görsel sonucu

“Qaya” mətbuat yayımı firmasının sədri Xanhüseyn Əliyev məsələ ilə bağlı “Yeni Müsavat” a açıqlamasında bildirdi ki,  qanunla azad edilməsinə baxmayaraq qəzet kağızına ƏDV tətbiq olunur: “2005-ci ilə qədər qüvvədə olan Vergi Məcəlləsinə görə, idxal olunan kütləvi informasiya vasitələri ƏDV-dən azad idi. Qanunla kütləvi informasiya vasitələri dedikdə qəzet, jurnal və qəzet kağızı nəzərdə tutulurdu. 2005-ci ildə Nazirlər Kabineti 11 saylı qərar qəbul etdi. Vergi Məcəlləsi qüvvədə ola-ola həmin 11 saylı qərara kütləvi informasiya vasitələri və qəzet kağızını da saldı. Həmin ildən bu məsələ həm Vergi Məcəlləsi, həm də Nazirlər Kabinetinin qərarları ilə tənzimlənməyə başladı. Buna ehtiyac yox idi. 2015-ci ilin oktyabr ayında  Nazirlər Kabinetinin 11 saylı qərarı ləğv edildi. Ancaq Vergi Məcəlləsi qüvvədə qaldı. Konstitusiyada da qeyd olunub ki, qanunların ardıcıllığı baxımından həmin qanun daha üstündür. Ancaq Gömrük Komitəsi qanun olduğu halda  Nazirlər Kabinetinin qərarını üstün tutdu”.

Əliyev vurğuladı ki, qanun var və Gömrük Komitəsi qanuna üstünlük verməli idi: “Problemlər də buradan başladı. 2000-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş və həmin ilin oktyabr ayında prezident fərmanı ilə təsdiq edilmiş qanun - Vergi Məcəlləsi qüvvədədir. Həmin qanunun 164.1-ci maddəsi ƏDV-dən azadolma maddəsidir. Orada konkret göstərilir ki, idxalın aşağıdakı növləri ƏDV-dən azaddır. Ondan sonra onun alt maddəsi olan 164.1.17 -ci maddəsində konkret olaraq qeyd olunur ki, KİV-lərin alqı-satqısı üzrə bütün dövriyyələr ƏDV-dən azaddır. Yəni respublikaya idxal olunan bütün kütləvi informasiya vasitələri, qəzet və jurnallar, qəzet kağızı ƏDV-dən azaddır. Gömrük Komitəsi isə ləğv edilmiş qərara üstünlük verir. Son olaraq, Gömrük Komitəsi irad bildirir ki, idxalı olunan KİV azaddır, ancaq onların alqışı azad deyil. Vergi Məcəlləsində isə yazılıb ki, alqı-satqı azaddır. Onlar isə alqı sözünə etiraz bildirirlər ki, Vergi Məcəlləsində alqı sözü səhvdir, onu əsas götürməyin. Ancaq qanun alqı-satqının, bütün dövriyyənin azad olduğunu qeyd edirsə, azad olmalıdır.

Prezidentin “Kütləvi informasiya vasitələri haqqında” fərmanı var və həmin fərmanda açıqlama verilir ki, buraya qəzet və jurnallar və qəzet kağızı daxildir". 

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Hüquqşünas Əkrəm Həsənov da “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Vergi Məcəlləsinə görə, bütün ziddiyyətli məqamlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır: “Bu məsələdə həqiqətən qarışıqlıq var. Əsas problem isə bizim qanunların yazılmasındadır. Azərbaycanda qanunvericilik institutu olmalıdır və qanunların yazılmasındakı nöqsanları aradan qaldırmalıdırlar. Xüsusən də iqtisadiyyat sahəsində qanunvericiliyə elmi yanaşma olmalıdır, hüquq dili olmalıdır. Qəzet kağızına ƏDV tətbiqi ilə bağlı məsələdə qanunlar toqquşur. Onların öz məntiqləri var, ancaq praktikada müəyyən problem ortaya çıxır. Vergi Məcəlləsinin 164.1. maddəsinə baxsanız, orada qeyd  olunur ki, malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növləri, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur. Yəni aşağıdakı bəndlərdə söhbət təkcə idxaldan deyil, həm də xidmətlərin göstərilməsindən, malların təqdim edilməsindən gedir. Vergi Məcəlləsinə görə bütün ziddiyyətli məqamlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır”.

Hüquqşünas hesab edir ki, bu qanun qəzet kağızına, poliqrafiya məhsullarına da şamil edilməlidir: “Bu qanuna əsasən qeyd  olunan məhsullar ƏDV-dən azaddır. Ancaq mən bu məsələni araşdırdım və müəyyən etdim ki, Dövlət Gömrük Komitəsinin mövqeyi fərqlidir. Onlar da iqtisadi yanaşma sərgiləyirlər. Ancaq bu, hüquqi yanaşma deyil, sırf iqtisadçı yanaşmasıdır. Qanunlar hüquqi dildə yazılmalıdır. Bəzən deyirlər ki, qanunlar elə yazılmalıdır ki, onu hamı başa düşsün, lakin hüquqi dil var. Qanunu hüquqşünas yazmırsa, o zaman bu problemlər yaşanır. Vergi Məcəlləsi tamamilə yenidən yazılmalıdır. Məcəllənin 164.2-ci maddəsi 2015-ci ilə qədər qüvvədə olub və orada Nazirlər Kabinetinə səlahiyyət verilmişdi ki, hansı məhsul və xidmət növlərinin idxaldan azad edildiyini müəyyən etsin. 2015-ci ildə həmin maddə də ləğv olundu və qəzet kağızı, poliqrafiya məhsullarının ƏDV-dən azad edilməsi də onunla birgə ləğv olunmuş hesab edildi. İqtisadçılar artıq fikirləşdilər ki, artıq 164.2 yoxdursa, Nazirlər Kabineti müəyyən etmirsə, poliqrafiya məhsullarının ƏDV-dən azad edilməsi dövrü bitdi. Ancaq unutdular ki, 164.1.7. maddəsi hələ də qüvvədədir. Mən bu məhsulların ƏDV-dən azad olunması mövqeyindəyəm”.

Media kapitanları da qəzet kağızının ƏDV-dən azad ediləcəyi günü səbirsizliklə gözləyirlər.

Rəşad Məcid ile ilgili görsel sonucu

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Yeni Müsavat”a danışarkən vurğuladı ki, qəzetlərin də iqtisadi vəziyyəti ağırdır, bu, qəzetlər üçün bir iqtisadi yükdür: “Qəzet kağızının ƏDV-dən azad edilməsi ilə bağlı uzun illərdir müzakirə aparılır. Belə bir variant irəli sürürlər ki, mətbuat orqanları qəzet kağızını ölkəyə özləri gətirəndə bu tətbiq olunmur. Ancaq hələ ki ƏDV tətbiq olunur, bu da kağızın bahalaşmasına gətirib çıxarır. İndi qəzetlərin də iqtisadi vəziyyəti ağırdır, bu qəzetlər üçün bir iqtisadi yükdür. Vaxtaşırı bu məsələlər qaldırılır, müzakirə edilir. Mən də hesab edirəm ki, bu məsələnin həlli vacibdir. Mətbuat Şurasının sədri Əflatun Amaşov da bu məsələni bir neçə dəfə Milli Məclisdəki çıxışında qaldırıb. Arzu edərdik ki, qəzetlərin belə iqtisadi çətinlik yaşadığı dövrdə kağıza ƏDV tətbiq olunmasın. Türkiyədə də kitab çapına tətbiq  olunan ƏDV aşağı endirilib. Onsuz da dövlətin bundan əldə etdiyi vəsait elə böyük həcmdə deyil. Ona görə də yaxşı olar ki, hökumət belə bir qərar versin və bu məhsullara ƏDV tətbiq olunması ləğv edilsin”./“Yeni Müsavat”