Avropa, onun “mehriban düşmən”i ABŞ və Çin rəqiblər müstəvisində… - TƏHLİL

Baxış sayı:
12892

Beynəlxalq tranzit layihələri üzərindən cızılan yeni dünya düzəninin formalaşması sürətlənməkdədir. Öndə gedən güc mərkəzləri, başda Böyük Britaniya ilə ABŞ olmaqla, anqlosaks cinahı və Vatikanın başında durduğu Avropadır.
Avropanın ABŞ-ın Hindistandan başlayan “Ədviyyat Yolu”na alternativ olan “Global Gateway” layihəsində Mərkəzi Asiya önəmli yer tutur. Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin Avropaya son səfərinə də bu kontekstdə baxmaq lazımdır. Avropa İttifaqının Rusiyadan yan keçən nəqliyyat dəhlizinin yaradılması üçün Mərkəzi Asiyada dəmir yolu şəbəkəsinin inkişafını maliyyələşdirməyə başlaması da bu geosiyasi yaxınlaşma kontekstində baş verən prosesdir.
Proses rəsmi olaraq yanvarın 29-da Brüsseldə Avropa, Mərkəzi Asiya və onun hüdudlarından kənarda hökumətləri, maliyyə institutlarını, biznesləri və vətəndaş cəmiyyətini bir araya gətirən Aİ-Mərkəzi Asiya Nəqliyyat Bağlantısı üzrə “Qlobal Gateway” İnvestorlar Forumunun açılışı ilə başladı. Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis Forumda iştirak edən Avropa və beynəlxalq maliyyə qurumlarının Mərkəzi Asiyada dayanıqlı nəqliyyat bağlantısına dəstək və investisiyalar üçün 10 milyard avro ayıracaqlarını açıqladı.
Rusiyanın Ukraynaya təcavüzü Avropa və Asiya arasında Rusiyadan tranzit keçməyən alternativ etibarlı səmərəli ticarət yollarının tapılmasının vacibliyini vurğulayan Avropa rəsmisi nəqliyyat əlaqələrinin inkişafının biznes üçün yeni imkanlar açmaqla yanaşı, həm də Mərkəzi Asiyanın regional inteqrasiyasını və iqtisadi inkişafını gücləndirmək vasitəsi olduğunu bildirərək, investorların forumu “Qlobal Gateway”i etibarlı əlaqə prinsiplərinə uyğun olaraq, ardıcıllığın bütün aspektlərinə uyğun gələn nəqliyyat əlaqələrinə diqqət yetirməyə çağırdı.
10 milyard avroluq layihə planlaşdırılan investisiyaların məcmusudur və Forumda iştirak edən beynəlxalq tərəfdaşlarla geniş məsləhətləşmələrdən sonra Avropa Komissiyası qısa müddətdə Mərkəzi Asiyada nəqliyyatın dayanıqlı inkişafı üçün səfərbər edilməsini nəzərdə tutur.
Konkret sözlə desək, Forumun ilk günündə ümumi 10 milyard avronun bir hissəsi kimi bir sıra mühüm öhdəliklər götürülür. Bunlara daxildir:
Avropa İnvestisiya Bankının (AİB) vitse-prezidenti Teresa Çervinska tərəfindən Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətləri, eləcə də Qazaxıstan İnkişaf Bankı ilə ümumi dəyəri 1,47 milyard avro olan Anlaşma Memorandumları imzalayıb. Bu kreditlər Avropa Komissiyasının maliyyəsi hesabına mümkün olacaq.
Sonrakı gün isə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) vitse-prezidenti Mark Bovmanın təmsil etdiyi qurum Qazaxıstanla nəqliyyatın ümumi inkişafı üçün artıq hazırlıq mərhələsində olan layihələrlə birlikdə 1,5 milyard avro dəyərində investisiya kəməri ilə Anlaşma Memorandumu imzalamalı idi. İnvestorlar Forumu Avropa Komissiyası, Aİ-yə üzv dövlətlər, Mərkəzi Asiya, eləcə də Qafqaz ölkələri və Türkiyədən yüksək ranqlı nümayəndələri bir araya gətirir. İştirakçılar qisminə G7 ölkələri, digər həmfikir ölkələr, maliyyə institutları və özəl sektor daxildir.
İnvestorlar Forumu Mərkəzi Asiya ölkələri, Türkiyə, eləcə də Şərq Tərəfdaşlığı ölkələri ilə tam tərəfdaşlıq şəraitində Qara dəniz və Qafqaz regionları vasitəsilə Mərkəzi Asiya ilə birbaşa nəqliyyat əlaqələrinin qurulmasını dərinləşdirməyə yönəlib.
“Qlobal Gateway” Aİ-nin dünya miqyasında enerji və nəqliyyat sektorlarında əlaqələri artırmaq, səhiyyə, təhsil sistemlərini gücləndirməyə istiqamətlənmiş layihədir.
Beləliklə, yuxarıda qeyd edildiyi kimi, bu təşəbbüsün ümumi investisiya həcmi 10 milyard avroya qədərdir. Açıqlanan son məlumata görə, yanvarın 30-da iki kredit sazişi imzalanıb: Qazaxıstanla (1,5 milyard avro) və Qazaxıstan, Qırğızıstan və Özbəkistanla (1,47 milyard avro).
Layihə Rusiya ərazisindən konteynerlərin tranzitinə bir növ alternativ olaraq Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TMTM) işləyəcək.
Dünya Bankının proqnozlarına görə, 2030-cu ilə qədər Xəzər dənizi ilə daşımaların həcmi 3 dəfə artaraq 11 milyon tona çatacaq. Lakin TMTM ilk növbədə regional dəhliz olaraq qalacaq və tranzit onun həcminin 40%-dən azını təşkil edəcək.
Beləliklə, “Global Gateway” layihəsnin müəllifi olan Avropanın Parlamenti də Brüssel və Mərkəzi Asiya arasında əməkdaşlığın əsas istiqamətlərini əks etdirən Aİ-nin Mərkəzi Asiya üzrə Strategiyasını qəbul edib. Strategiyanın istiqaətləri bunlardır:
1. Avropa İttifaqı Rusiya və Ukrayna arasındakı münaqişədən “Mərkəzi Asiya ilə əməkdaşlığı gücləndirmək və Rusiyanın bölgədəki təsirinə qarşı çıxmaq” üçün istifadə etməyə ümid edir.
2. Avropa İttifaqı Mərkəzi Asiyanı “strateji əhəmiyyətli region” adlandırır və ticarət və iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayır.
3. Eyni zamanda, “sanksiyalar üzrə sıx fikir mübadiləsinin davam etdirilməsinə və sanksiyalardan yayınmanın qarşısını almaq üçün səylərin gücləndirilməsinə” xüsusi diqqət yetiriləcək.
4. Strategiya həmçinin Avropa İttifaqının Rusiya və Çindən rəqiblərini “sıxıb çıxarmaq” istədiyi regionla əməkdaşlıq sahələrini müəyyən edir: enerji və xammalın çıxarılması.
5. Lakin regionla yaxınlaşmağa ümid edən Aİ hələ də Mərkəzi Asiya ölkələrini demokratik hesab etmir, onların rəhbərliyini insan haqlarının pozulmasında və siyasi təqiblərdə ittiham edir.
Belə görünür ki, Avropanı Mrkəzi Asiyada cəlb edən əsas amillərdən biri enerji resurslarıdır. Rusiya-Ukrayna müharibəsi ilə Avropani “qaz bahalaşdırmaqla donmağa məhkum etmək istəyən” ABŞ-dan canını qurtarmağın ən rahat yolu enerji resurslarına birbaşa kəsə yoldan çıxışdır. ABŞ-ın Rusiya-Ukrayna müharibəsi fonunda Avropaya vurduğu “qaz zərbəsi”nə nəzərə salsaq, bunları görə bilərik.
Bayden administrasiyasının ABŞ-ın yeni mayeləşdirilmiş təbii qaz (LNG) ixrac layihələrini qadağan etmək təşəbbüsünün arasında nə durur:
1. Birləşmiş Ştatlar Avropaya Rusiyadan “totalitar” qaz almağı qadağan edir, onu daha yüksək qiymətə Amerika LNG ilə əvəz edir.
2. ABŞ həddindən artıq qiymətlərlə Avropaya ixracını üç dəfə artırır.
3. Ucuz enerji resurslarına girişi olmayan sənaye nəhəngləri-“Mercedes” və “VAG” kimi titulu sənaye birlikləri də daxil olmaqla, Aİ-dən ABŞ-a qaçır.
4. Avropa idxalı artırmaq, yəni qazın qiymətini azaltmaq və sənayeni bərpa etmək üçün daha çox terminal tikmək istəyir.
5. ABŞ “iqlimi xilas etmək” bəhanəsi ilə yeni LNG qaz layihələrini qadağan edir, qiymətləri yüksək saxlayır və tədarükləri məhdudlaşdırır.
Bunun əvəzində ABŞ Mərkəzi Asiyanın köməyi ilə Çin monopoliyasına qalib gəlməyə ümid etdiyini açqlayıb. Amma Vaşinqtonun əsas qalib gəlmək istədiyi hədəflər sırasında Avropanın da olduğunu inkar etmək olmaz. Məsələn, bu yaxınlarda “Amerikanın Səsi” xəbər verdi ki, “Çinin müasir texnologiyalarda istifadə edilən nadir elementlərin istehsalı və tədarükü üzrə virtual monopoliyasına son qoymaq üçün ABŞ Mərkəzi Asiya hökumətləri ilə fəal şəkildə əlaqə saxlamalıdır.
Dünya bu elementlərin “yaşıl enerji”dən tutmuş hərbi texnologiyalara qədər müxtəlif sahələrdə istifadəsini daim genişləndirdiyi üçün onlara tələbat artır. Çin hələlik öz yataqları ilə kifayətlənir, lakin onun yeni mənbələrə müraciət etməsi an məsələsidir. Ona görə də ABŞ bu sahədə Çini qabaqlamalı və bu resurslarla zəngin olan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı qətiyyətlə təşviq etməyə başlamalıdır.
Hər şey təkcə Vaşinqtondan asılı deyil. Mərkəzi Asiya dövlətləri də öz növbəsində Qərb dövlətləri ilə bu sahədə əməkdaşlıq üçün əlverişli investisiya mühiti yaratmalıdırlar. Hər halda ABŞ bu müsabiqədə iştirak etməyə borcludur”.
Sözsüz ki, ABŞ-ın geri dönülməz şəkildə ram etmək istədiyi və onun çətirinin altından çıxmağa can atan Avropa da “mehriban düşmən”dir.  
Eləcə də Britaniya Mərkəzi Asiyada aktivləşməkdədir. Bu məqsədlə “ingilis ağlı” ilk dəfə olaraq keçmiş sovet respublikaları ilə sammit keçirməyi planlaşdırır. Belə ki, Böyük Britaniya hökuməti parlamentin 2024-cü ildə Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə 5+1 formatında ilk sammitin keçirilməsilə bağlı tövsiyəsi ilə razılaşıb.
Burada sözügedən 5 ölkə Tacikistan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qazaxıstandır. Bu istək Britaniyanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri ilə bağlı parlament sorğularına hökumətin cavabı əsasında hazırlanmış parlament hesabatında öz əksini tapıb.
Həmçinin, Britaniya Rusiya Federasiyasına qarşı sanksiyalardan yayınmaları olduğuna görə Cənubi Qafqazda maliyyə kəşfiyyatını gücləndirir. Belə ki, Britaniya hökuməti Rusiyaya qarşı sanksiyalardan yayınma riskləri səbəbindən Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə kəşfiyyat xidmətləri ilə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu açıqlayıb. Bu barədə Fransa xüsusi xidmət orqanlarının məxfi ruporu “Intelligence Online” məlumat yayıb.
Qeyd olunur ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin sanksiyalar departamentinin nümayəndə heyəti Gürcüstan, Ermənistan və Özbəkistana səfər edəcək və maliyyə kəşfiyyatının işinə nəzarət edən departamentlərin nümayəndələri ilə görüşəcək. Məqsəd bu xidmətlərin işini aktivləşdirmək, o cümlədən Rusiyaya qarşı sanksiyalara riayət etməkdir.
Ülviyyə ŞÜKÜROVA