​"Üzr istəsələr, bağışlayaram" - MTN-də təhqir edilən şəxsin tələbi...

Ləğv edilmiş MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri, hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiya tərəfindən Sabunçu rayon Məhkəməsinin inzibati binasında araşdırılıb.
Məhkəmə prosesindəki fasilədən sonra jurnalistlərə açıqlama verən Sübahir Qurbanovun vəkili Azər Tağıyev deyib ki, iclasda zərərçəkmiş şəxslərdən Ramin Babayev ifadə verib. O, qızıl alverçisi olan və zərərçəkmiş kimi tanınan Şahin Məmmədovun epizodu üzrə dindirilib.
R.Babayev ifadəsində bildirib ki, MTN-də ondan pul tələb etməyiblər. Amma təhqir edərək, şərəf və ləyaqətini alçaldıblar: "Məni təhqir ediblər, döyməyiblər. Bununla bağlı üzr istəsələr, şikayətim olmaz. Üzr istəsinlər, bağışlayım".
Amma məhkəmədə Babayev onu kimin təhqir etdiyini deməyib.
Proses fasilədən sonra davam edəcək.
İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər./musavat.com/