BAŞQA KİŞİLƏRLƏ GÖRÜŞƏN ARVADINI BOĞUB ÖLDÜRDÜ - İstirahət mərkəzindəki qətlin detalları

Baxış sayı:
51423

Həyat yoldaşının yad kişilərlə münasibət qurmasından, ailəsinə  xəyanət etməsindən şübhələnən Sumqayıt şəhər sakini, 30 yaşlı Orxan Həsənov onu istirahət mərkəzinə apararaq orada yastıqla boğub.

Virtualaz.org-un xəbərinə görə, hadisə bu il yanvarın 17-də Sumqayıt şəhərində yerləşən “Sunset” istirahət mərkəzinin kotteсində baş verib. Həmin vaxt orada 24 yaşlı Ayşən Həsənovanın meyiti aşkarlanıb. Məlum olub ki, gənc qadını öldürən onun əridir.

Faktla bağlı Sumqayıt rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sumqayıt şəhər məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Restoran müdiri Cavanşirlə görüşə gedibmiş...

İstintaqla müəyyən edilib ki, Orxan Həsənov arvadı Ayşənin müxtəlif kişilərə intim məzmunlu SMS-lər göndərdiyini öyrənib və ötən ilin noyabrından ondan qeyri-rəsmi şəkildə ayrılıb. Bununla belə arvadına maddi yardım göstərib. Bu il yanvarın 13-də Ayşənlə maraqlanmaq üçün onun kirayə yaşadığı mənzilə gəlib, arvadının evdə gecələmədiyini, restoran müdiri işləyən Cavanşir adlı şəxslə görüşə getdiyini öyrənib. Cavanşirin işlədiyi restoranın yerini öyrənərək oraya yollanıb. Ondan Ayşənlə aralarındakı münasibət barədə soruşub.

 Həmin gün saat 23:00 radələrində 20 Yanvar metrostansiya yaxınlığındakı “Bravo market”in qarşısında görüşəcəklərini bilib kənarda dayanaraq Ayşənin gəlməsini gözləyib. Qadın həmin əraziyə gəldikdə boşanmaları üçün ərizə yazdıracağı adı ilə onu Sumqayıtdakı “Sunset” istirahət mərkəzinə gətirib. Həmin gecə kottecdə qalıblar. Gecəyarısı Ayşənin telefonuna “Müşü” adlı şəxsin görüşmək üçün zəng vurduğunu görən Orxan arvadını yuxudan oyadıb,  zəng vuran şəxslə aralarındakı münasibət barədə soruşub. Daha sonra yastığı onun sifətinə basaraq sıxıb.

Dağıstanda humanitar təhsil və təzə gəlinin yazışmaları

Təqsirləndirilən Orxan Həsənov ifadəsində 2016-cı ildə Dağıstan Humanitar Universitetinin iqtisadiyyat fakültəsini bitirdiyini, iki il sonra Ayşən Həsənova ilə ailə qurduğunu, valideynləri ilə birgə Sumqayıtda yaşadıqlarını deyib. Orxanın ifadəsinə görə, ailədaxili ilk narazılıq təzə gəlinin müxtəlif kişilərə SMS yazması olub. Orxan arvadının əlindən telefonunu alıb qızın rayonda yaşayan valideynlərinə göndərib ki, SMS-ləri oxusunlar: “Həmin vaxt Ayşən hamilə idi. Fikirləşirdim ki, bəlkə qızlarına öyüd-nəsihət verərlər. Amma anası qızını tənbeh etmək əvəzinə bir-iki aydan sonra telefonu yenidən ona ötürdü”.

 

Ayşənin övladı doğulduqdan təxminən iki ay sonra qayınatası  Orxana zəng vurub qızının uşaq arabası almaq adı ilə evdən çıxdığını və geri qayıtmadığını deyib: “Dedi ki, uşaq ağlayır, dayanmır, gəl uşağını apar. Həmin gün atamla birgə Yevlaxa getdik. Aişəni axtardıq, amma tapa bilmədik. Arvadımın itkin düşdüyünü zənn edib Yevlax Rayon Polis İdarəsinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etdim, körpə övladımı da özümlə gətirdim”.

Ayşən başqa oğlana qoşulub qaçıbmış

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu hadisədən təxminən 15-20 gün sonra Ayşən zəng vuraraq, başqa bir oğlana qoşulub qaçdığını, oğlanın valideynlərinin onu qəbul etmədiklərini, incitdiklərini deyib: “Sonradan bildim ki, Ayşənin başqasına  qoşulub qaçdığını valideynləri məndən gizlədiblər. Özü mənə dedi ki, sənin köməyinə ehtiyacım var. Övladımız olduğuna görə  bağışlayıb Bakıya gətirdim, qohum evinə yerləşdirdim. Amma  yenə dinc dayanmır, yad kişilərə sevgi mesajları yazırdı. Kirayə mənzi tutub Ayşəni oraya köçürdüm. Bir gün də yanında qaldım, uşağına sahib çıxmadığını görüb körpəni özümlə evimizə gətirdim”.

O.Həsənov deyir ki, mütəmadi olaraq Ayşənə həm özü, həm də valideynləri maddi köməklik ediblər. Cəmi iki ay sonra Ayşən kirayədə yaşadığı evin sahibəsi ilə də yola getməyib, mənzildən çıxıb. Orxan yenə də onu heç yerdə tapa bilməyib. Ev sahibəsinə zəng vuranda sonuncu ona Ayşəni restoran müdiri saxladığını, onunla görüşdüyünü, yalnız həmin şəxsin vasitəsilə tapa biləcəyini deyib: “Həmin adamın işlədiyi restoranı tapıb ora getdim. Əvvəlcə Ayşənin əri olduğumu gizlətdim. Belə bir qadın tanımadığını dedi. Ayşənin şəklini göstərəndə dedi ki, onu Aysun kimi sosial şəbəkədən tanıdığını, münasibətləri yarandığını dedi.  Ayşəni tapmaqda köməklik göstərməyi xahiş etdim. O, da razılaşdı. Ayşənə zəng vurub “Bravo market”in yanına görüş təyin etdi”.

Sonuncu görüş qətllə bitdi

Arvadı ilə son dəfə münasibətləri aydınlaşdırmaq qərarına gələn Orxan “Bravo market”in qarşısına gələrək orada Ayşəni gözləyib. Bir saata kimi gözlədikdən sonra Ayşənin gəldiyini görüb ona yaxınlaşıb, birlikdə otelə getməyi, iki gün sonra oğlu İlyasın ad gününü qeyd etməyi və boşanma ərizəsi yazmağı təklif edib.

 

Təqsirləndirilən şəxsin ifadəsindən: “Taksiylə Sumqayıta gəldik. “Sunset”da kottej götürdük, hisə verilmiş toyuq, coca-cola, çörək, cipsi aldıq, birgə şam etdik. Sonra uzanıb özümü yuxuluğa vurdum. Ayşən mənin yatdığımı zənn edib gecə saat 03:00-da kiminləsə pıçıltıyla görüntülü danışırdı. Sonra gəlib yatağa uzandı, yuxuya getdi.  Onun telefonuna səssiz zəng gəldiyini görüb, diqqət edəndə “Müşü” yazıldığını gördüm. Telefonu açanda “Ayşən haradasan? Dostumla birgə səninlə görüşmək istəyirik” dedi. Bu sözü eşidəndən sonra yastığı götürdüm, Ayşəni yuxudan oyadıb  “Müşü”nün kim olduğunu soruşdum. Artıq onun xəyanətlərindən, hərəkətlərindən bezmişdim. Ona görə də yastığı üzünə basıb var gücümlə sıxdım. Öldüyünə əmin olmaq üçün nəbzini yoxladım. Atama zəng vurub Ayşəni öldürdüyümü dedim”.

“Ayşənin yolunu azması mənə çox pis təsir etmişdi...”

Mərhumun atası Məhərrəm Paşayev isə ifadəsində qızı Ayşənin yüngül həyat tərzi keçirməsi ilə bağlı Orxan və onun valideynlərinin zəng vurub məlumat verdiklərini deyib: “Ayşənin yolunu azması mənə çox pis təsir etdiyindən onunla əlaqəmizi kəsmişdik, maraqlanmırdıq. Bakıda kirayədə qaldığını eşitsəm də, harada yaşadığını, necə dolandığını bilmirdim. Yanvarın 17-də polisdən zəng vurub Ayşənin əri tərəfindən öldürüldüyünü dedilər. Qızımın meyitini gətirib rayonda dəfn elədik”.

 Məhkəmə prosesi avqustun 12-də yekunlaşıb və  Orxan Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı