"Uçduğum təyyarəni və onlarla sərnişini qəza təhlükəsindən qurtardım" – MİSTER BİN

Milyonların sevimlisi, "Mister Bin" kimi tanıdığımız Rouen Atkinson...

Muxalifet.az əfanəvi aktyorun 62 illik yubileyi münasibətilə Rouen Atkinsonun theguardian.com saytına verdiyi müsahibəni təqdm edir:

- Rouen, hər kəs sizi Mister Bin kimi tanıyır, bəs əslində kimsiniz?
- Özümdən böyük 3 qardaşım vardı. Biri hələ körpə ikən dünyasını dəyişmişdi. Uşaqlıqdan bəri bir çox sözləri işlədəndə, kəkələyirəm, məsələn, "B" hərfi ilə başlayan sözləri çətinliklə səsləndirirəm. Hətta deyə bilərəm ki, məktəbdə Toni Bleyrlə birgə oxumuşam. Lakin o zamanlar təsəvvür belə etməzdim ki, o böyüyüb nə vaxtsa İngiltərənin baş naziri olacaq (gülür).
- Bu inanılmazdır, amma əsl ixtisasınız mühəndislikdir.
- Oksford Universitetinin Elektrotexnika ixtisası üzrə magistr dərəcəsini bitirmişəm. Çox vaxt ətrafımdakılar deyirdi ki, məndən yaxşı dilşünas və ya incəsənət nümayəndəsi olacaq. Gəncliyimdə fransız və rus dillərini öyrənmədiyim üçün indi çox peşmanam. Həyatımı gerçək peşəmlə əlaqələndirsəydim, səs rejissoru olmaq istəyərdim. Yəni incəsənət adamı olmağın bir yolunu mütləq tapardım.
Yaxşı xatırlayıram, hələ 18 yaşında ikən BBC-yə işə qəbul olunmaq üçün müsahibəyə dəvət olundum. İlk sual belə idi: "Studiyada səs ölü olmalıdır, yoxsa canlı?" Mənsə düşünmədən:"Əlbəttə canlı, axı belə daha maraqlıdır" dedim. Təəssüf ki, cavab yanlış idi. Bir sözlə, taleyim məni Mister Bin olmağa sürüklədi.
- İxtisasınız heç işinizə yarayıbmı?
- 2001-ci ildə uçduğum təyyarəni və onlarla sərnişini qəza təhlükəsindən qurtardım. Buna qədər heç vaxt pilot kürsüsündə əyləşməmişdim.
- Çox vaxt aktyorlar obrazlarının adı ilə çağırılanda qəzəblənirlər. Cəmiyyətdə Mister Bin kimi tanınmaq sizi hiddətləndirmir? Ümümiyyətlə bu personaj şəxsi həyatınıza necə təsir etdi?
- Əksinə, çox sevinirəm ki, mənim Mister Binim belə tanınır. Bu serial 200-dən çox ölkənin televiziya kanallarında nümayiş olundu. Obraz qısa zamanda milyonların sevimlisinə çevrildi. Bəzən düşünürəm ki, o olmasaydı, milyonlarla, hətta milyardlarla insan məni tanımazdı. Bu mənim üçün böyük qürurdur. O, daxilindəki uşağı böyüdə bilməyən və ya sadəcə ondan ayrılmaq istəməyən bir insanın obrazıdır. Eyni zamanda, başına gələn xoşagəlməz halları faciəyə yox, əyləncə mövzusuna çevirməyi bacaracaq qədər də güclüdür.
- Ciddi obrazlarınız da az deyil...
- 1983-cü ildə Ceyms Bond haqda filmdə rol almışam. Dəfələrlə dram janrlı filmlərin baş qəhrəmanı olmuşam.
- Sənətinizdə uğursuzluqlar olubmu?
- Bu qaçılmazdır. Bəzən dönüb arxaya baxanda düşünürəm ki, bütün gücümü sərf edib, üzərində çox çalışdığım bir sıra filmlərim, sən demə, uğursuz layihə imiş. Sənətin zirvəsinə gedən yolda bu acı təcrübələr qaçınılmazdır. Axı bir yandan da sizə uğur gətirən işləriniz olur. Yəni itirdiklərinizi qazandıqlarınız əvəzləyir. Buna hər zaman hazır olmaq lazımdır. Heç vaxt uğursuzluqlarım üçün depressiyaya qapılıb, kənara çəkilməmişəm. Bəlkə də elə bu xüsusiyyətimlə qürur duymalıyam. Yəni özünü öymək günah sayılmasaydı, qürur duyardım (gülür).
- Bəs özünüzü tamamilə uğursuz hesab etdiyiniz sahə varmı?
- Bunu etiraf etməyi sevmirəm, amma bəli var. Belə deyim, biz idmanla yola getmirik. Hətta məktəb illərində fiziki tərbiyə dərslərindən qiymət ala bilmirdim. İdmanın ən çox sevmədiyim xüsusiyyəti isə komanda oyunlarıdır. Axı insan öz amalını, məqsədini digərləri ilə necə bölüşə bilər? Bilmirəm, bəlkə də, bu mənim psixoloji problemimdir.
- Buna baxmayaraq, yaşınıza baxanda gözəl fiziki formadasınız...
- (gülür) Sizinlə həmfikirəm. Hətta bir çox filmlərin məşq prosesində icbari idmanla məşğul oluram. Lakin çox da dərinə getmirəm. Buna nə həvəsim, nə də istəyim var.
- Bəs fobiyalarınız varmı?
- Hündürlüyü sevmirəm. Hətta "Coni İnqlişin macəraları" filmində kəndirlə 20-25 metr hündürlükdən aşağı tullanmalı idim. Tərslikdən bu dubl ən az 20 dəfə təkrarlandı. Hər dəfə də düşünürdüm ki, mən burda nə edirəm., axı bu ölmək üçün əlverişli üsul deyil. Onda anladım ki, ən çox hüdürlükdən qorxuram. İki metr hündürlüyə qalxanda belə həyəcanlanmağa başlayıram.
- Dəfələrlə qeyd etmisiniz ki, həyatda tamam fərqli insansınız. Nikbinsiniz, yoxsa bədbin?
- Özümü perfeksionist sayıram. Qabdakı suyun yarıyadək dolu yox, boş olduğunu düşünürəm. Verilişlərimə, filmlərimə baxanda öz qüsurlarıma, çatışmayan cəhətlərimə daha çox fikir verirəm. Tez-tez özümü tənqid edirəm. Bu "stəkanı" doldurmağın ən yaxşı yoludur.
- Milyonların kumirisiniz. Bəs sizin kumiriniz var?
- Əlbəttə, var. 50-ci illərin tanınmış fransız komiki və rejissoru Jak Tati mənim kumirimdir. O, kinokomediya janrının əvəzsiz simasıdır. Həmçinin Çarli Çaplin, Sten Loren və digər simaların pərəstişkarıyam.
- Həyatınızın ən vacib və əhəmiyyətli amillərini sadalaya bilərsiniz?
- Qızım Lili, ailəm, doğmalarım hər şeydən üstündür. Bir də təbii ki, Britaniya İmperiyasının Ordeni ilə təltif olunmağım qürurvericidir. Mərhum şahzadə Diana ilə görüşümü isə heç vaxt unutmuram.
- Halbuki, müsahibənin əvvəlində Siz bizim üçün sadəcə Mister Bin idiniz...
- Görürsünüzmü, haqqımda bilmədiyiniz onlarla fakt var. (publika.az)