“Teatr işçiləri burada işləməyə tale tərəfindən məhkum olunublar” - NİCAT KAZIMOV

Baxış sayı:
17923

“Şəxsən mənim üçün teatrda işləməyimin səbəbi odur ki, başqa işlə məşğul ola bilmirəm”

“Bizdə filmlərdə aktyor seçimi düzgün olmur, atın yemini itin qabağına, itin yemini atın qabağına qoyurlar”

Müsahibimiz ömrünü-gününü teatra həsr edən, özünü səhnəsiz təsəvvür etməyən, teatra məbədgah, doğma ocağı, ikinci evi kimi baxan Əməkdar artist, Prezident mükafatçısı, Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası, rejissoru Nicat Kazımovdur. Onun söhbətimizdə teatrımızın dünəni, bu günü və sabahı haqqında geniş fikir mübadiləsi apardıq. Buyurun, izləyin.
- Nicat müəllim, ilk olaraq Sizin Gənc Tamaşaçılar Teatrının aktyoru, həm də rejissoru kimi teatrımızın durumu haqda fikirlərinizi bilmək istərdik…
- Bilirsiniz, teatr ucalmaq mərhələsindədir. Hər bir insanın həyatında olduğu kimi, ucalmaları, enmələri olur. Əsas odur ki, Azərbaycan teatrı artıq 150 ildir var. Ümid edirəm ki, bundan sonra da olacaq.
Problemsiz bir ev olmadığı kimi, hər hansı problemlər də teatrdan xali deyil. Teatrın da problemləri var. Amma bir az nikbin baxmaq lazımdır. Teatr işçiləri elə insanlardır ki, onlar burada işləməyə tale tərəfindən məhkum olunublar. Sadəcə onların qədrini bilmək lazımdır. Teatr işçiləri də teatra heç vaxt xəyanət etməməlidirlər. Biz teatrda nəyə görəsə işləmirik. Aydın məsələdir ki, hər şeyin olmasını istəyirik. Hamı kimi. Bu, insan xislətidir. Şəxsən mənim üçün teatrda işləməyimin səbəbi odur ki, başqa yerdə, başqa işdə işləyə, başqa işlə məşğul ola bilmirəm. Alın yazısı, tale, bəxt yazısı budur.
- Bir vaxtlar Azərbaycanda teatr sahəsində ciddi durğunluq mövcud idi. Bütün teatrlar tamaşaçı qıtlığı yaşayırdı. İndi bu sahədə vəziyyətin nisbətən düzəldiyini deyə bilərik?
- Nə vaxt tamaşaçı qıtlığı olub? Mən tamaşaçı qıtlığını heç vaxt hiss eləməmişəm. Yəni o dediyiniz problem bəzi aylarda olur. Təbii ki, iyun ayına tamaşa salınırsa, bu ayda tamaşaçı az olacaq. Bir də sentyabr ayında tamaşaçılar azlıq təşkil edir. Amma ümumən baxanda, mən tamaşaçı qıtlığı görməmişəm. Buna da min şükür. Mən tamaşaçılardan razıyam. Biz yaxşı tamaşa ortalığa qoyanda, təqdim edəndə tamaşaçı da ona baxmaq istəyir. Sadəcə, teatrın reklamı ilə məşğul olmaq lazımdır.
- Nicat müəllim, deyirsiniz teatrın reklamı ilə məşğul olmaq lazımdır. Necə düşünürsünüz, teatrın təbliğatı ilə həm də televiziyalar məşğul olmalı deyil?
- Təkcə televiziya yox. Bu sözüm bəlkə başqa cür çıxacaq. Elə vəzifə adamları da, böyük səlahiyyət sahibi olan insanlar da. Onlar teatra maraq göstərsələr, daha yaxşı olar. Onları məcbur etmək mümkün deyil. Onlara təklif edirəm. Hərdən mənim elə tamaşaçılarım olub ki, onlar tamaşalara baxmağa xaricə gedirlər.
- Hətta.
- Əlbəttə. Bəli, bəli, gedib Amerikada, İngiltərədə tamaşaya baxırlar. Amma mənim tamaşama gəlib baxandan sonra dedikləri söz bu olub ki, biz nə qədər pul xərcləyib gedib xaricidə tamaşaya baxırıq, siz daha ucuz qiymətə daha yaxşı iş ortaya qoyursunuz.
Sadəcə gəlib bizim tamaşalara baxsınlar. Görsünlər ki, biz nə işlə məşğuluq. Hərdən çox təəssüf edirəm, istər mətbuat, istərsə də müəyyən insanlar tərəfindən çox hay-küylər reklam olunan tamaşalar heç də yaxşı olmur. Azərbaycan teatrını təmsil də edəndə mütləq yaxşı tamaşalarla təmsil etmək lazımdır. Hər bir teatrın, hər bir yaradıcı şəxsin həm yaxşı, həm də zəif işləri olur. Amma zəif işləri yox, yaxşı işləri ortalığa çıxarmaq lazımdır.
- Ömrünü teatra həsr edən bir sənət fədaisi kimi deyə bilərsinizmi, bu sahədə mövcud olan neqativlər haradan qaynaqlanır?
-  Neqativlər hardan qaynaqlanır? Birincisi, yenə də deyirəm, səlahiyyət sahibləri teatra maraq göstərməlidirlər. İkincisi, əksər problemlər maliyyədən qaynaqlanır, böyük əksəriyyəti. Aktyorların, rejissorların, teatr üzvlərinin bir çox hallarda öz peşəsindən kənar fəaliyyət göstərdiyinin şahidi oluruq. Problemlər yaranırsa, bu da mənim üçün bir səbəbdir. Üçüncüsü də maliyyə, yüksək vəzifə sahiblərinin tamaşaya gəlməməsi, teatra maraq göstərməməsi, teatrı sevməməsi və aktyorların, rejissorların bəzi hallarda qeyri-peşəkar olması.
- Çox vaxt deyirlər ki, yetərli maliyyə dəstəyi olsa, bizim aktyorlar heç də türk filmlərindən zəif film ortalığa qoymazlar. Bir incəsənət xadimi kimi, bu haqda siz nə düşünürsünüz?
- Aktyor film çəkmir, aktyor filmdə oynaya, filmə çəkilə bilir, əgər kinodan söhbət gedirsə. Aydın məsələdir, kino, teatr bütün hallarda yox, bir çox hallarda maliyyə tələb edir. Maliyyənin olması vacibdir. Pul hər şey deyil, amma çox şeydir. Ortalığa yaxşı film qoymaq üçün, aydın məsələdir ki, onun büdcəsi olmalıdır. Həmin büdcə düzgün adamlara yönədilməlidir. Bizdə filmlərdə aktyor seçimi düzgün olmur. Atın yemini itin qabağına, itin yemini atın qabağına qoyurlar. Hərçənd ki, özümü kinoya aid adam hesab etmirəm. Baxmayaraq ki, filmlərdə aktyor kimi çəkilirəm. Düşünürəm ki, səbəb budur. Maliyyə lazımdır. İstər teatra, istər kinoya. Maliyyə olsa, mən səhnədə elə şeylər edə bilərəm ki… Pulsuzluqdan düşünməyim ki, əşşi bu olmayacaq, bunu edə bilməyəcəm. Amma pul olsa aydın məsələdir ki, mən fantaziyama nöqtə qoymaram, açıb buraxaram fantaziyamı. Mən istədiyim şeyləri dörd il, beş il bundan qabağa qədər müxtəlif tədbirlərdə etmişəm. Tədbirin büdcəsi olub, ürəyim istəyən texniki yeniliklərdən, oyun tərzlərindən istifadə edə bilmişəm. Yenə də hər şey axırda gəlib maliyyəyə dirənir. Səbəb budur.
- Şübhəsiz, əksər yaradıcı insanların qarşısında maneələr, çətinliklər olub və olacaq. Siz necə, ağır situasiyalar zamanı vəziyyətdən çıxış yolunu necə tapırsınız?
- Allaha min şükür, Allah həmişə mənə kömək olur.
O ki qaldı ağır vəziyyətə, ağır vəziyyət 33 ildir məndə davam edir. Yəqin bundan sonra Allah nə qədər ömür veribsə, ağır vəziyyət davam edəcək. Səni sevənlər olduğu kimi, sevməyənlərin də olması labüddür. Məni sevməyənlər də az deyil. Çoxdan müsahibələrimin birində demişdim ki, sən qapazlara dözə-dözə böyüməyi bacarmalısan. Sənətində elə böyüməlisən ki, sənə qapaz vurmağa heç kəsin əli çatmasın. Hələ də cəhd edənlər olur. Çox təəssüf.
- Müsahibələrinizin birində də aktyor kimi bəxtinizin gətirmədiyini dilə gətirmisiniz. Yaxşı rejissor kimi bəxti gətirməmiş bir aktyorun həyat və yaradıcılığı haqqında nəsə bir tamaşa hazırlamaq istərdinizmi?
- Bəli, bəli. Elə gələcəkdə mənim hazırlamaq istədiyim belə iş olacaq. Əslində bir dəfə olub. Birini 40 illiyimdə - 11 il əvvəl etmişəm. Matey Vişnikin "Qoca kloun tələb olunur" tamaşasını hazırladım. Mənim o tamaşam məhz bəxti gətirməyən aktyorlara həsr olunmuşdur.
- Nicat müəllim, təəssüflə qeyd edirik ki, istedadlı incəsənət xadimləri bəzi hallarda diqqətdən kənarda qalırlar. Sizcə, bir sənətkar üçün diqqətdən kənarda qalmaq nə dərəcədə ağırdır?
- Baxır, o diqqət dedikdə biz nəyi başa düşürük. Bəzən bəzi sənətkarlarımız deyir ki, mən ömrümü teatra vermişəm... Kim səndən xahiş etmişdi ki, ömrünü teatra verəsən? Mən öz adıma deyirəm, mən ömrümün otuz üç ilini teatra vermişəm. Yəni mənim 51 yaşım var, onun 33 ilini teatra həsr etmişəm. Kim məndən xahiş etmişdi ki, gəl teatra?! Sən Allah, sən teatra gəlməsən, bilirsən nə olacaq, teatr öləcək. Mənə o sözü deyən olmamışdır. Mən istəmişəm, mən gəlmişəm. Əgər mən layiq olduğum mükafatımı vaxtında alıramsa, bu, çox gözəl, əla. Amma almıramsa, ona görə də xəstəyə çevirilmirəm. Yadlarından çıxdım, unutdular. Mən "Əməkdar artist" fəxri adına o vaxt layiq görüldüm ki, o vaxtkı nazir müavini səhnədə bizə fəxri adın vəsiqəsini təqdim edəndə dedi ki, bağışla Nicat, gec oldu, tezliklə "Xalq artisti" fəxri adına hazırlaş. O hadisədən 10-11 il keçib, mən hələ də "Xalq artisti" fəxri adına hazırlaşmıram. Təqdim edərlər, nə yaxşı, etməzlər, nə yaxşı, Allah canlarını sağ eləsin. Mən Allaha min şükür edən insanlardanam. O tərəfdən narazı deyiləm. Niyə narazı deyiləm? Çünki özümün seçdiyim yoldur. Min şükür, "Əməkdar artist" fəxri adına layiq görülmüşəm, neçə il "Prezident mükafatı" almışam. Müxtəlif sahələrdən müxtəlif 5-6 medalım var. Hərb sahəsində belə, medallarım var. Yəni min şükür. Bəli, daha çox böyük diqqət istəyirik. Teatr işçiləri biraz ruhlu olurlar, diqqət istəyirlər. Diqqətdən kənarda qalmaq onlar üçün çox pisdir. Onlar həyatdan, özlərindən küsürlər. Bəlkə də 15 il bundan qabaq belə cavab verməzdim. Amma indi mənim cavabım budur. Hər halda yaş keçdikcə daha müdrik olmalıyıq.
- Övladınız da sizin davamçınız oldu. Sizin teatrda edə bilmədiklərinizi ondan gözləyirsiniz?
- Mirsənan aktyor kimi məndən qat-qat istedadlıdır, bacarıqlıdır. Çünki mən aktyor olmağa altıncı sinifdə qərar vermişdim. Bizim ailəmizdə bu sahədə demək olar ki, heç kəs yox idi. Teatrı uzaqdan-uzağa tanıyırdım. Universitetə qəbul olub Bəxtiyar Xanızadə ilə başlayandan sonra mən əsl teatrın nə olduğunu, necə olduğunu başa düşüb, dərk eləməyə başlayıb, özümdə inkişaf etdirdim. Amma Mirsənan gözünü açandan nəyin düz, nəyin səhv olduğunu görürdü, bilirdi. Çox az, kiçik yaşlarından o teatrda tamaşalarda oynayırdı. Allah vergisi deyilən bir şey də var ki, o da min şükür, Mirsənanda çox güclüdür. Mirsənan səhnədə nə edirsə, ona inanırsan. Qəribə, səmimi oyun tərzi var ki, sən ona inanırsan. Filmdə də bəxti gətirib. Çəkildiyi "Soyuq günəş" filmi hamının dilində əzbər oldu, baxış sayı da milyonları keçdi. Gənc aktyor kimi ilk filmi idi. Bundan yaxşı nə ola bilər ki?! Hamı səndən danışır. Öz adını yox, obrazının adını deyirlər. Vaqif poeziya günlərində Şah İsmayıl Xətaini oynadı. Təkcə Azərbaycanda yox, onun fraqmentləri, məhz Şah İsmayılın olduğu fraqmentlər Türkiyədə belə çox böyük səs-küylə qarşılandı. Yaxşı mənada çox böyük səs-küyə səbəb oldu. Hətta bir klipdə həmin kadrlardan - "Soyuq günəş"in, "Şah İsmayıl"ın kadrlarından istifadə etdilər. Düzdür, müəllif hüquqlarına görə məhkəməyə vermək olar. Amma biz məhkəməyə vermirik.
- Övladınızın aktyorluğundan danışdıq. Bəs onunla sənət, yaradıcılıq sahəsində üst-üstə düşməyən fikirləriniz varmı və nələrdir?
- Olur. Bu saat dəqiq deyə bilmərəm, nələrdir. Mirsənan mənim tamaşamda oynayırsa, aydın məsələdir ki, mənim narazı qaldığım anlar olur. Məşq prosesində başqa aktyorlara necəyəmsə, ona qarşı da o cürəm, ayrı-seçkilik etmirəm. O demək deyil ki, o, mənim oğlumdur deyə hər şey düz deyəcəm. Əsla! Mən başqa cür düşünürəm. Mənim üçün teatrda iş prosesidir, o, oğlum deyil. Oğlum indidir. İndi işdə deyiləm, sizinlə söhbət edirik. İndi mənim oğlumdur. Sabah mənim tamaşımın məşqinə gəlirsə, o da mənim üçün başqa aktyorlardan biridir. Məşqə gecikəndə, gəlməyəndə trubba müdirindən onun da cəzalanmağını tələb edirəm.
- Yəni fərq qoymursunuz?
- Yox, yox, o düzgün deyil. Mənim oğlumdu deyə, belə olmalıdır. Elə bir şey yoxdur.
- Bu sənət tamaşaçı sevgisindən başqa sizə nələri qazandıra bildi?
- Mənim ağ saçlarımı, üzümdəki qırışları, ailəmi, tanınmağımı, başqa cür düşünməyimi, həyat tərzimi. Bunların hamısını teatr, səhnə verib.
- Maraqlıdır, səhnədə daha çox kimin obrazını canlandırmaq istərdiniz?
- Onu deməyim. Əslində çox obrazlar olub ki, artıq o obrazların çoxlarına görə yaşım keçib. Bayaq dedim, oğlum Şah İsmayılı oynayıb. Universitetdə oxuyanda eşitmişdim ki, Şah İsmayıl filmi çəkiləcək. O vaxtı mən arıq, yaraşıqlı oğlan idim. Düşünürdüm ki, Şah İsmayıla çox bənzəyirəm, o rola mən çəkilə bilərəm, məndən yaxşısını tapmayacaqlar. Ən azından vizual görüntüyə görə. Amma olmadı. Mən Şah İsmayılın yaşını keçdim. Dəli İbrahim, Soltan İbrahimi oynamaq istəyirdim. Yaşım keçdi. Romeonu oynamaq istəyirdim, yaşım keçdi. Neronu oynamaq istəyirdim, yaşım keçdi. Yəni belə rolları saydıqca saymaq olar. Universitetdə tələbə ikən Məcnun rolunu oynamışdım. Amma böyük səhnədə Məcnun oynaya bilərdim. Yaşım keçdi, indi Məcnunun atasını oynayıram. Bundan da çox məmnunam. Allah nəyi məsləhət bilirsə, ən düzgünü odur. Məsləhət olsaydı, mən o vaxt oynayardım. Məsləhət olmayıb.
- Gələcək planların haqda na deyə bilərsiniz?
- Gələcək planlar deyəndə ki, bizdə plan tez- tez dəyişir. Amma yaxın gələcək, gələn il üçün bu dəqiqə hal-hazırda dekabr ayında uşaqlar üçün tamaşa hazırlayıram. Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılı əsasında mənim özümün səhnələşdirdiyim "Tıq-tıq xanım" nağılı olacaq. Dekabr ayının iyirmisinə mənim tamaşamın premyerası gözlənilir. İnşallah, 2024-cü ildə Allah ömür versə, iki böyük əsər başlayıram, birini təhvil verən kimi, o birisini başlamalı olacağam. Onlardan biri ilk dəfə və sonuncu dəfə Azərbaycanda 1940-ci ildə hazırlanıb. Bomarşenin  "Fiqaronun toyu" komediyasıdır. Bu dəqiqə onun tərcüməsilə məşğuluq. Tərcüməsi bitsin, inşallah, yanvar ayının ortalarından onun məşqləri başlayacaq. Sonra isə ilin sonuna doğru mənim dostum, qardaşım, sənətinə, özünə çox hörmət bəslədiyim İlqar Fəhmi ilə birgə işimiz olacaq. Onun əsərinə müraciət etmişəm. Ümid edirəm ki, yaxşı alınacaq. Ümidliyəm ki, 2024-cü il, inşallah, yaradıcılıq tərəfdən parlaq il olacaq.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Qafqaz.media