Heydər Əliyevin mükafatlandırdığı aktrisa 42 ildir ev növbəsindədir - FOTOLAR

Baxış sayı:
11701

Hazırda kirayədə yaşadığını deyən Elmira Həşimova mənzillə bağlı Prezidentə və Birinci vitse-prezidentə müraciət etdi
Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 19 a, mənzil 27-də yaşayan Həşimova (Əhmədova) Emira İbrahim qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Mədəniyyət naziri Adil Kərimova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Prezident!
Öncə, Azərbaycan Respublikasında keçirilən növbədənkənar Prezident seçkilərində yüksək faizlə səs toplamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinizə, mədəniyyət xadimlərinə göstərilən sonsuz qayğı və dəstəyinizə görə Sizə dərindən minnətdarlıq edirəm.
Mən, Həşimova (Əhmədova) Elmira İbrahim qızı, əmək fəaliyyətinə 1969-cu ildən Sumqayıt Dram Teatrında başlamışam. 1982-ci ildən isə “Azdrama”da işləmişəm.
1982-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan SSRİ-nin Əməkdar aktrisası adına layiq görülmüşəm.
“Azdrama”da çıxış etdiyim Nəriman Nərimanov haqqında “bütün şərq bilsin” adlı tamaşanı Heydər Əliyev şəxsən izləmişdi. Tamaşanın sonunda şəkil də çəkdirdik (məktuba əlavə edilmiş fotoşəkildə soldan 2-ci).
Mən 1982-ci ildən mənzil növbəsinə dayanmağıma baxmayaraq, bu günə kimi mənizil ala bilməmişəm. Məndən sonra mənzil növbəsinə dayananların hamısı mənzillə təmin olunsalar da, mən bu günə kimi Sumqayıt şəhər, 14-cü məhəllə, ev 19 a, mənzil 27 ünvanında kirayədə tək yaşayıram. Həyat yoldaşım vəfat edib.
Sizdən artıq dərəcədə xahiş edirəm, Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan SSRİ-nin əməkdar artisti adına layiq görülməyimi, 1982-ci ildən mənzil nöbəsində dayanmağımı, lakin ala bilmədiyim üçün hazırda kirayədə yaşadığımı nəzərə alaraq, 1 otaqlı mənzillə təmin olunmağım üçün məndən də öz köməyinizi əsirgəməyəsiniz. 
Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm”.
Jalə FAMİLQIZI