TÜRKİYƏNİN 23 İYUN İMTAHANI – Ərdoğanı Putindən ayırmaq üçün xaos ssenarisi işə salınır

Baxış sayı:
727

Həm dünyada, həm də Türkiyədə önəmli hadisələr baş verməkdədir. Lakin 31 martda İstanbulda keçirilən seçkilərin nəticələri ləğv edildiyi üçün içindən çıxa bilmirik. Hadisələrə İstanbuldan baxaraq irəliləməyə məcburuq23 iyun bizim üçün nə qədər önəmlidirsə, artıq Türkiyə ilə birlikdə irəliləmək istəyən böyük oyunçular üçün də o qədər önəmlidir.

23 iyuna gəlmədən öncə, ssenariyə bütöv baxmaqda fayda vardır.

AKP iqtidara gəldi, ABŞ hərbçilərinin Türkiyəyə gəlməsinə TBMM-in razılıq verməməsilə bağlı yaranan böhranı (TBMM-in 01 mart 2003-ci il qərarı – tərc.) qucağında gördü. Buş və komandası ilə qarşı-qarşıya gəldi. Çünki TBMM-dən “xeyr” qərarı çıxdı. ABŞ İraqa bizsiz girdi. Hərbçilərimizin başına çuval keçirərək şərəfimizə toxundu. Sonra da qərara “xeyr” deyənlərin qapısına dayandı.

Abdulla Gül, “Sözdə deyil, özdə prezident” olmalıdır deyərək etiraz edənlər tərəfindən durudurulmaq istəndi.

Dəniz Baykal kaset rüsvayçılığı ilə yola salındı.

MHP də kaset hücumu ilə sarsıdıldı. Önəmli şəxslər budandı. Dövlət bəy son anda toparladı.

TBMM-in “xeyr” qərarı ilə başlayan külək partiyabağlama işi ilə davam etdi. AKP bu işdən tək bir səslə qurtuldu. Partiya bağlansaydı, Ərdoğan siyasi baxımdan əriyib gedəcəkdi. Tək bir səs köməyə gəldi. Ərdoğan qaldı. Və hücumlara müqavimət göstərməyə davam etdi. Çünki arası kəsilmədi. İş yerinə, evinə, çox güman ki, maşınlarına dinləmə cihazları qoyuldu. Həm özünün, həm də yaxınlarının evləri və iş yerləri mobil dinləmə vasitələrilə mühasirəyə alındı. Xüsusi bir sahə heç qalmamışdı. Onlarla məhkəmə işi dalbadal gəlirdi. Ölkə yaddaşını qazırdı. Ordu, iş adamları, bürokratlar, idman icması dinləmələrlə sarsılırdı. İcra hakimiyyətinin başçısı olan Ərdoğan bütün bunların baş verdiyi, ətrafının mühasirəyə alındığı, hər şeyin qeydə alındığı bir vaxtda özünü qorumaqda çətinlik çəkirdi. Oyun içində oyun vardı, lakin görən yox idi.

Türkiyəni dərindən sarsıdan məhkəmə işləri yetməzmiş kimi, bir də “Gezi parkı” hadisələri başladı. Nə yaxşı ki, polis Dolmabaxça sarayına doğru yönələn bir qrupun qarşısında qapıda divar oldu. Qaldırıcı kranla, ekskavatorla gələn insanları içəri buraxmadı, dirəndi. Sivil çevrilişin qarşısı alındı. Əgər içəri girə bilsəydilər, Ərdoğanın iş yerinə ilk dalan “CNN İnternational” və indi onunla birlikdə Türkiyədə ortaq “YouTube” kanalı açan dostları olacaqdı.

“Gezi parkı” oyunu baş tutmayınca, 17-25 dekabr əməliyyatı (17 dekabr 2013-cü ildə İstanbul Cümhuriyyət Baş Prokurorluğunun açdığı 3 cinayət işi – tərc.) ilə gəldilər. Bu dəfə Nazirlər Kabineti hədəf alındı. Nazirləri saxladılar. Ankaranı rəsmən sarsıtdılar. Uçurumun kənarından dönüldü. Ərdoğan həm ailəsini, həm də özünü savaşaraq qurtara bildi. Həm siyasi baxımdan, həm də media tərəfindən mühasirəyə alınmışdı. O, mühasirəni yarıb çıxdı.

Təbii, bu arada indi unudulmağa başlayan digər önəmli hadislər də yaşanırdı. Emre Taner, Hakan Fidan  Afet Güneşi saxlamaq istəyirdilər. Oslo danışıqlarının qeydləri mətbuata sızdırılırdı. ABŞ-ın Ankaradakı səfiri topladığı digər səfirlərə “Bir imperiyanın çöküşünü izləyəcəksiniz” deyirdi. Rusiyanın Ankaradakı səfiri Karlov öldürülür, rus döyüş təyyarələri tərəfimizdən vurulurdu.

İstanbul hava limanına hücum edilir, 45 dəqiqə ərzində insanlar qətl edilirdi. “Reina”ya avtomatik silahla girən təlim görmüş hərbçi ortalığı qan gölünə, İstanbulu qorxunun hakim olduğu bir şəhərə çevirirdi.

Polislərimiz hədəf alınır, bir-birinin ardınca canlı bombalar partladılırdı.

Bunlarla bərabər, daha bir neçə hadisə Türkiyəni 15 iyul(15 iyul 2016-cı ildə baş verən uğursuz dövlət çevrilişi cəhdi – tərc.) doğru aparırdı.

Yaxın keçmişə baxılarsa, dünyada Türkiyə qədər gərginliyi artan, uçurumun kənarına gəlib-gedən ikinci bir ölkə yoxdur. Üstəlik, onunla məğul olan yalnız ABŞ da deyil. Bütün kəşfiyyat mərkəzləri buralardadır. Hamısı Türkiyənin üstünə düşüb.

Türkiyə belə bir iqlimdə 31 mart seçkilərinə girdi. Böyük şəhərlərin bir qismi CHP-yə meyl etdi. Ancaq gərginlik yenə azalmadı. Çünki ötən yaydan bu yana heç kimin bilmədiyi bir “dollar hücumu” vardı. Bu qədər təhlükəni dəf edən Ərdoğan yenə ailəsilə birlikdə hədəf idi. Bu dəfə işin içinə pul girmişdi. Daha öncə olmayan pul baş rolu oynayırdı. Bu burulğan hələ davam edəcək. 23 iyundan sonra da, kim qazanırsa qazansın, davam edəcək.

Çox soruşulduğu üçün ağlıma gələn ssenariləri paylaşım. Baxaq, görək həyat bizə hansını göstərəcək.

imamoglu_yildirim_ile_gorustu_h510057_ba743

Əgər 23 iyunda İstanbulda keçiriləcək seçkini CHP-nin namizədi Əkrəm İmamoğlu qazanarsa, iqtisadi təzyiq artacaq və müxtəlif yollarla erkən prezident seçkilərinin keçirilməsi tələb olunacaq.

AKP-nin namizədi Binəli Yıldırım qazanarsa, “Təkrar seçki keçirilməsinə lazımi reaksiya vermədiyi üçün” CHP qarışacaq. Boykot qərarı verə bilmədiyi üçün Qılıcdaroğlu ittiham ediləcək. İmamoğlu partiyanın sədri olacaq.

İmamoğlunun seçkini udduğu halda, AKP-dən çıxıb onunla yollarını ayıranlar aydın şəkildə səhnəyə çıxacaqvə Ərdoğanın qarşısına dikiləcəklər. Nəzərdə tutulan erkən seçkilərdə Ərdoğanın ortadan qaldırılmasına start veriləcək.

Əks halda, yəni İmamoğlunun uduzması halında, hazırlıqları görülən küçə nümayişləri başlayacaq. Bu dəfə YSK (Ali Seçki Komissiyası) dövrədən kənarda qalacaq. Kimsə ora baxıb bir nəticə tələb etməyəcək. Məhz o dövrdə iqtisadi əməliyyatlar, ehtimal ki, canlanacaq. 2002-ci ildəki şərtləri formalaşdırmağa çalışanlar pul vasitəsilə xaos yaratmaq istəyəcəklər.

Binəli Yıldırımın qazanması halında, xarici mətbuat seçkini şübhə altına alan yazılar verməyə başlayacaq. Ölkədaxili ziddiyyətlər qızışdırılacaq. Ərdoğana heç zaman olmadığı qədər hücum ediləcək. Beştəpəyə qarşı qurulan koalisiya həm Ərdoğandan partiyanı almaq, həm də onu prezidentlikdən uzaqlaşdırmaq üçün dalbadal həmlələr edəcək. Ərdoğan gücünü itirərsə, zəifləyərsə, partiya açılan işlərlə sarsılacaq.

İmamoğlu qalib gələ bilməzsə, Kamal bəyin sədrliyə gəlməsinə səbəb olan kaset rüsvayçılığına qədər uzanan mübahisələr CHP-ni qovuracaq.

Binəli Yıldırım seçkidən zəfərlə çıxa bilməzsə, AKP daxilindəki müxalifət günahkar olaraq MHP-ni göstərəcək. İttifaq pozulacaq. Zəufləmiş görünən AKP yalnız qalacaq.

Əgər Binəli Yıldırım seçkidə böyük fərqlə qalib gələrsə, AKP və Ərdoğan özlərinin inandıqları Türkiyəni 2023-cü ilədək aparacaq.

Göründüyü kimi, 23 iyun seçkisi, əslində, İstanbulun deyil, Türkiyənin seçkisi olacaq. Ölkənin gedəcəyi yön seçki qutusundan çıxan qərarla dəqiqləşəcək.

Qutudan Binəli bəy çıxa bilməzsə, Ərdoğan indiyədək məruz qaldığı hücumlardan daha güclüsü ilə üzbəüz qalacaq.

Çıxarsa, CHP-ni qovuran bir rüzgar əsəcək. Müxalifət neytrallaşdırılacaq.

Seçki qutusundan çıxacaq nəticə ya Türkiyənin ABŞ-NATO-Qərb xəttində olduğunu, ya da yola Rusiya ilə davam etdiyini göstərəcək. Bu dəqiqləşmədən sonra ayaqda qalan tərəf digər tərəfi, siyasi baxımdan təkrar canlanmasın deyə, budayacaq.

Türkiyə öz mövqeyini müəyyən edən kimi, dünya da ona görə şəkillənəcək. “İpək yolu” da, Aralıq dənizi də, Orta Şərq də fərqli olacaq.

Öncə 23 iyunu və sonrasını yaşayaq. Baxaq, görək nələr olacaq. Ya Ərdoğan bu qədər hücumdan sonra yenə zəfərlə çıxaraq tarix yazacaq, ya da daxili və xarici qüvvələrin koalisiyası qarşısında geri addım atacaq.

Bir sözlə, Ankaranın yön seçimi dünyanın dönüş ritmi olacaq. Bu yay çox isti keçəcək.

Ergün Diler

“Takvim”, Türkiyə, 11 may 2019-cu il

Tərcümə Strateq.az-ındır