TRAMPDAN SENSASİON AÇIQLAMA: "Putinin qətllərdə əli ola bilər"

Baxış sayı:
5224

ABŞ Prezidenti Donald Tramp televiziya müsahibəsində deyib ki, rusiyalı həmkarı Vladimir Putinin qətllərdə, yəqin, əli var. O, Moskvanın ABŞ siyasətinə müdaxiləsi iddialarını da bir daha dilə gətirib.

Tramp müdafiə naziri Ceyms Mattisin nə vaxt istefaya verməyi planlaşdırdığını bilmədiyini söyləyib, amma onu da əlavə edib ki, o, dörd ulduzlu generalı sadəcə, istefa verə biləcək bir “Demokrat” hesab edir.

Oktyabrın 14-də CBS televiziyası “60 dəqiqə” proqramında prezidentlə öncədən yazılmış müsahibə yayımlayıb. Müsahibədə Şimali Koreyadan, Birləşmiş Ştatlarda qasırğayla mübarizədən, Türkiyədə itkin düşmüş səudiyyəli jurnalistdən, iqlim dəyişikliyindən də danışıblar.

CBS-in aparıcısı Lesley Stahl prezidentdən soruşub ki, Putinin tənqidçilərinin qətlində əli olmasına dair iddialarla razılaşırmı. Tramp “bəli, yəqin ki”, deyə cavab verib.

Trampın hansı qətllərdə Putindən şübhələndiyi aydın olmayıb. Amma Rusiya liderinin çoxsaylı tənqidçiləri indiyədək ya zəhərlənib, ya da müəmmalı şəkildə dünyasını dəyişib. Moskva bu halların heç birinə dəxli olmadığını bildirib. Rusiyanın ABŞ siyasi sisteminə müdaxiləsinə gəlincə, Tramp deyib ki, Moskva bu müdaxiləyə inanır, amma əlavə edib ki, Çin də müdaxilə edib.

“Diqqəti Rusiyadan yayındırırsınız”, – Stahl prezidentə söyləyib. “Mən heç nə eləmirəm”, – Trump cavab verib.

ABŞ-ın kəşfiyyat cameəsi və xüsusi prokuror Robert Müller belə bir qənaətə gəliblər ki, Rusiya 2016-cı ilin prezident seçkisinə Trampın xeyrinə təsir göstərməkdən ötrü sosial mediada təbliğat kampaniyası aparıb, demokratların sənədlərinə haker hücumu təşkil edib. Ancaq Moskva bu iddiaları rədd edib.

Müdafiə naziri Mattisə gəlincə, respublikaçı prezident deyib ki, dörd ulduzlu generalın vəzifəsində qalıb-qalmayacağından əmin deyil.

“O, gedə də bilər. Məncə, o demokratdır, həqiqəti bilmək istəyirsinizsə”, – Tramp deyib. “Ancaq general Mattis yaxşı adamdır. Yaxşı yola gedirik. Gedə də bilər. Demək istəyirəm ki, hansısa məqamda hər kəs gedir”, – o, sözlərinə əlavə edib.

Mattis Tramp kabinetinin ən müstəqil üzvlərindən sayılır. O, prezidentə əks mövqeyilə tanınıb. Birləşmiş Ştatların ənənəvi müttəfiqləri, NATO üzvləri ilə münasibətlərin yaxşılaşdırılmasına çağırır, baxmayaraq ki, Tramp onlarla bağlı daha sərt mövqe tutur. Qərbin bəzi liderləri Mattisin Putinə qarşı daha sərt siyasət tərəfdarı olmasını alqışlayıblar. Tramp isə Moskvayla əlaqələrin yaxşılaşdırılmasına səsləyib.

Jurnalist Bob Voodvard Tramp barədə kitabında yazırdı ki, Mattis prezidentin mühakiməsinə şübhəylə yanaşır, onu 10-11 yaşlı oğlan uşağına bənzədir. Amma Mattis bu sözləri dilinə gətirmədiyini deyib, istefa xəbərlərini də dəfələrlə təkzib edib.

Martda Trampın komandasından Dövlət katibi Reks Tillerson və Milli təhlükəsizlik müşaviri H.R. Makmaster gedib. Oktyabrın 9-da isə ABŞ-ın BMT-dəki səfiri Nikki Haleynin ilin sonunda vəzifəsindən gedəcəyi açıqlanıb./"Azadlıq" radiosu/