SANKSİYALARLA İRANA VƏ TƏRƏFDAŞLARINA NƏLƏR QADAĞAN EDİLİR? – 2 mərhələli yasaqların iqtisadi zərərləri - TƏHLİL

Baxış sayı:
1642

Ted Reqensia

“Əl-Cəzirə”

ABŞ prezidenti Donald Trampın 2015-ci ildəki nüvə sazişindən çıxma qərarı bu gündən etibarən Birləşmiş Ştatların İrana qarşı sanksiyalarını yenidən qüvvəyə mindirmə yolunu açıb.

Maliyyə Nazirliyi (Xəzinədarlıq) tərəfindən təyin olunan 90 günlük və 180 günlük şaxələnmə dövrünə əsasən, sanksiyalar iki mərhələli olacaq.

May 8-də, Trampın qərar verdiyi tarixdən etibarən, ilk 90 günlük mərhələ avqustun 6-da başa çatır və 7-də qüvvəyə minən yeni mərhələ başlayır. İranın enerji sektorunu hədəfləyən ikinci və daha böyük mərhələ noyabrın 5-dən etibarlıdır.

Sözügedən mərhələlər əslində, ABŞ hökumətinin əməliyyatları ləğv etmək və pullarını İrandan çıxarmaq üçün Amerika və xarici şirkətlərə verilən möhlətdir.

“GE” və “Honeywell” İranda fəaliyyət göstərən ABŞ şirkətləri arasında idi və onlar da sanksiyalara görə sərmayələrini geri çəkməlidir.

2015-ci ilin nüvə razılaşmasından sonra İranda fəaliyyət göstərən xarici şirkətlər də, o cümlədən Fransanın energetika nəhəngi “Total” və Danimarkanın nəqliyyat şirkəti “Maersk”, ABŞ bazarında mövcud olduqlarından, Trampın qərarı ilə geri çəkilmək məcburiyyətində qalıb. Çünki ABŞ hökumətinin cəzasına məruz qala bilər.

Dövlət katibi Mayk Pompeo xəbərdarlığını edib ki, ABŞ sanksiyaları pozan biznes əməliyyatlarını qadağan edəcək.

O cümlədən:

Mülki aviasiya və sərnişin təyyarələri satışı

Sanksiyalar ABŞ-ın “Boeing” şirkəti tərəfindən “Iran Air” şirkətinə ən azı 80 yeni təyyarə üçün 17 milyard dollarlıq və “Aseman Airlines”-a 30 yeni təyyarə satmaq üçün 3 milyard dollarlıq müqavilələri əhatə edir.

“Airbus”, “Iran Air”-ə 100 yeni təyyarə satmaq üçün 19 milyard dollarlıq müqavilə imzalayan şirkətdir, detalların 10 faizindən çoxu ABŞ-dan gəldiyi üçün sanksiyalar ona da şamil olunur. “Airbus” İran əleyhinə sanksiyalardan əvvəl cəmi üç təyyarə sata bilib.

Ümumilikdə, “Boeing” və “Airbus” ABŞ Xəzinədarlığı tərəfindən cəzalandırılmaq təhlükəsi altında müqavilələrini ləğv etməyi qərara aldıqları üçün 39 milyard dollar itirib.

Fransa-İtaliya şirkəti olan “ATR” 2017-ci il (aprel) müqaviləsi çərçivəsində bazar günü “Iran Air”-ə 20 beş yeni “ATR-72-600” təyyarəsini təslim edə bilib. 2017-ci ildə “ATR” 536 milyon dollarlıq orijinal sazişin bir hissəsi olaraq səkkiz turbomühərrikli təyyarə göndərib.

İrana aid təyyarə hissələrinin və xidmətlərinin ixracı və təkrar ixrac edilməsi ilə əlaqədar lisenziyalar da qadağandır, buna görə də ölkənin yaşlanmış hava donanmasını təkmilləşdirməkdə və ya problemlərin həllində böyük çətinliklərlə üzləşəcəyi şəksizdir.

İran xalçalarının ABŞ-a ixracı

2017-ci ilin martından 2018-ci ilin martına qədər başa çatan maliyyə ilində İranın əvvəlki maliyyə ilindən fərqli olaraq, 424 mln. dollar dəyərində (18,11% artım) xalça ixrac edilib. Bu, 5.400 ton əllə toxunan xalça deməkdir.

Tehranda nəşr olunan “Financial Tribune” qəzetinin xəbərinə görə, İran 2017-ci ildə dünya bazarında əllə toxunma xalçalarının ən böyük ixracatçısı (30%) olub.

ABŞ İran xalçaları üçün bir nömrəli bazar olduğundan, xalça sənayesi, toxuculardan satıcılara qədər təxminən iki milyon iranlı zərər çəkə bilər.

Püstə ixracı

ABŞ və İran püstə sənayesində əsas rəqiblərdir və illik istehsalın təxminən 85 faizinə nəzarət edir.

Sanksiyaların təkrarən qüvvəyə minməsi İranın püstə yetişdiricilərini zərərdə qoyur, amma analitiklər ABŞ və Çin arasında davam edən ticarət müharibəsini nəzərə alır, çünki Pekin də İranın xeyrinə, püstə daxil olmaqla, ABŞ mallarına tarif tətbiq edə bilər.

2016-cı ildə Çin 50%-lik göstərici ilə İran püstəsinin ən böyük alıcılarından biri idi.

2017-2018-ci illərdə Honq Konq, Vyetnam və Almaniya İran püstəsinin ilk üç böyük alıcısı olub.

2017-ci ilin mart-dekabr tarixləri arasında İran 852 milyon dollar dəyərində 96 min ton püstə ixrac edib.

Amma ABŞ-ın sanksiyaları bu bazarların bir çoxunu İran püstəsinə bağlayır.

Kürü ixracı

“Financial Tribune”-nun hesablamalarına əsasən, 25 il ərzində ilk dəfə olaraq, İran 13 min dollar dəyərində balıq kürüsünün təxminən 10 kiloqramını 2016-cı ildən 2017-ci ilə qədər ABŞ-a ixrac edib. Yeni ABŞ sanksiyaları ilə, növbəti kürü ixracı (Tehrandan Vaşinqtona və ya yüz minlərlə iranlının yaşadığı Los-Ancelesə) bir neçə il təxirə salınacaq.

Lakin İran kürüsünün bazarı ABŞ-la məhdudlaşmır. 2017-ci ilin martından 2017-ci ilin oktyabr ayına qədər İran 1,37 milyon dollar dəyərində 557 kiloqram kürü ixrac edib.

“Mehr News”-un məlumatına görə, İranın kürü istehsalı 2017-ci ilin mart ayında 5 tona çatıb və onun təxminən 1,2 tonu ixrac olunub.

İranın kürü istehsal edən təxminən 90 təsərrüfatı var. “LA Times”-ın məlumatına görə, kürünün bir unsiyasının qiyməti təxminən 80 $-dır.

İranın avtomobil sənayesinə qarşı sanksiyalar

İranın avtomobil sənayesi də Çərşənbə axşamından sanksiyalara məruz qalacaq.

2017-ci ildə təxminən 1,6 milyon avtomobil satan İran dünyanın ən böyük 12-ci avtomobil bazarıdır.

Beynəlxalq Motorlu Nəqliyyat İstehsalçıları Təşkilatının (OICA) məlumatlarına görə, keçən il İranın satışlarında 18%-lik artım olub.

Avtoşirkətlər arasında ən məşhur marka “Peugeot” bazarın 34 faizinə nəzarət edir. “Peugeot” və “Citroen” 2017-ci ildə İranda 445 min avtomobil satıb.

ABŞ sanksiyalarına görə İran bazarından çıxan şirkətin tərəfdaşı “İran-Xodro”dur.

Bununla yanaşı, İran bazarının 5 faizinə nəzarət edən “”Renault” İrandan tam çıxmayacağını açıqlayıb. 2017-ci ildə “Renault” 160 min avtomobil satıb və o, ABŞ bazarında fəaliyyət göstərmir, şirkətin İranda qalması mümkündür.

Qızıl ticarəti

İranda qızıl və digər qiymətli metalların satışı da yenidən ABŞ-ın sanksiyaları ilə qadağandır.

“Bloomberg”-in Dünya Qızıl Şurasına (2017-ci il) istinadən verdiyi məlumata görə, İrana təxminən 64,5 ton qızıl satılıb.

İranda qızıl tələbatı son bir neçə ayda artıb. Çünki iranlılar yerli valyutanın əvəzinə, öz pullarını qiymətli metallarda saxlamağa çalışırlar.

Keçmişdə valyuta ödənişlərini qadağan edən bank məhdudiyyətlərindən yayınmaq üçün də qızıldan istifadə olunub.

Yeni sanksiyalarla noyabr ayında neft ixracı üçün qızılla ödəniş daha çətin ola bilər.

ABŞ əsginası – dollar

İran hökumətinin ABŞ dollarını satın alması da Çərşənbə axşamından qadağandır.

Bu, İran iqtisadiyyatına daha çox təzyiq göstərir, hökumət rialın dollarla müqayisədə məzənnə itirməsini dayandırmağa çalışır.

29 iyul 2018-ci il tarixinə İranın valyutası dollarla müqayisədə dəyərinin yarısından çoxunu itirib.

May ayında ABŞ, İranın bank sisteminə təzyiq göstərib, Mərkəzi Bankın rəhbəri Vəliullah Seyfə sanksiya tətbiq edərək, onu İnqilab Keşikçilərinə gizlicə pul göndərməkdə ittiham edib.

İyulun 25-də prezident Həsən Ruhani Seyfi istefaya göndərib, avqustun 4-də Seyfin müavini Əhməd Əraqçi işdən çıxarılıb və bazar günü həbs olunub.

ABŞ tərəfindən hədəflənən digər bəndlər İranda elektrik ötürücüsü kimi işlənə biləcək qrafitin birbaşa və ya dolayı satışı, tədarükü və ya ötürülməsidir. Bundan başqa, alüminium, polad, kömür və proqram təminatı daxil olmaqla, xammal və ya yarımfabrikat metalların satışı qadağan edilir.

2015-ci ildəki nüvə razılaşmasına uyğun bütün fəaliyyətlər də Çərşənbə axşamı günündən etibarən ləğv edilir.

Noyabr ayında İrana qarşı ABŞ sanksiyalarının ikinci mərhələsi başlayır. Enerji sektoru və digər fəaliyyətlərə, o cümlədən İrandan neft nəqlinə və nəqllə bağlı sığorta yasaqlanır.

Tərcümə: Strateq.az