“Rusiyanın maraqlarını müdafiə edən vətəndaşlar Azərbaycandan çıxarılmalıdır” – MÜXALİF PARTİYADAN HAKİMİYYƏTƏ ÇAĞIRIŞ

Baxış sayı:
11434

Bu gün ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə gündəmi üçün aktual olan bir sıra məsələlərə toxunulub. Toplantıda ilk öncə ötən həftə Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasovun həbs olunaraq qeyri-insani rəftara və işgəncələrə məruz qalması və onun qanunsuz olaraq deportasiyasına qərar verilməsi məsələsi müzakirə olunub. Müzakirələrdə Fuad Abbasova qarşı baş verən qanunsuzluqlar qətiyyətlə pislənilib, bunun söz və fikir azadlğının pozulmasına yönələn siyasi motivli akt kimi dəyərləndirilib. İdarə Heyəti hesab edib ki, Fuad Abbasova qarşı baş verənlərin motivində onun Rusiyada Azərbaycan və Türkiyənin maraqlarını daim müdafiə etməsi, Rusiyada Azərbaycan diasporunun inkişafında göstərdiyi fəallıq dayanır. İdarə Heyəti hesab edib ki, Fuad Abbasova qarşı baş verənlərə görə Azərbaycan hökuməti Rusiyaya nota göndərməli, nəinki Azərbaycan, həmçinin Türkiyə də onun müdafiəsi ilə bağlı mövqe sərgiləməlidir. İdarə Heyəti Fuad Abbasova qarşı baş verənlərə cavab olaraq Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən Rusiya vətəndaşlarının Azərbaycandan çıxarılmasının vacibliyini bildirib. İdarə Heyəti Fuad Abbasova dəstək olduğunu bildirərək onu ADP sıralarına da dəvət edib. ABŞ prezidenti Donald Trampun ötən həftə Azərbaycan prezidenti İlham Əliyevə və Gürcüstanın baş naziri Mamuk Baxadzeyə göndərdiyi təbrik məktublarında qonşu Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək ifadə olunduğu halda Azərbaycana qarşı anoloji münasibətin sərgiləməndiyini müzakirə edərək, baş verənlərdən təəssüfləndiyini ifadə edib. İdarə Heyəti hesab edib ki, baş verənlər ABŞ-ın Azərbaycan-Ermənistan münaqişəsindəki vasitəçilik missiyasına kölgə salır, ABŞ-ın keçmiş SSRİ respublikalarındakı separatçı rejimlərə ikili standartlarla yanaşması, imperialist Rusiyanın maraqlarına xidmət edir. İdarə Heyəti son vaxtlar hakimiyyət orqanları tərəfindən keçmiş daxili işlər naziri İsgəndər Həmidovun liderlik etdiyi AXH-nın üzv və tərəfdarlarına qarşı qarayaxma kampaniyasının aparılmasını, onlara qarşı təqib və təzyiqlərin həyata keçirilməsini qətiyyətlə pisləyib bunu ölkədə demokratiya və insan hüquq və azadlıqları sahəsində olan vəziyyətin daha da pisləşməsinin göstəricisi kimi dəyərləndirib, eyni zamanda parçalanmış AXH-nı birləşməyə və vahid bir cəbhədə mübarizə aparmağa çağırıb. İdarə Heyəti Azərbaycanda UEFA final oyunlarının keçirilməsi ilə bağlı aparılan müzakirələrə də münasibət bildirib. İdarə Heyəti hesab edib ki, milyardlarla vəsait xərclənməsinə baxmayaraq ölkə paytaxtında kütləvi olaraq turistlərin yerləşdirilməsi üçün infrastrukturun mövcud olmaması, ölkədə bütün sahələrdə olduğu kimi hava nəqliyyatında da monopoliyanın mövcudluğu ölkəyə gəlmək istəyən turistlər üçün əlverişsiz şərtlərin yaranmasına gətirib çıxarır ki, bu da Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir, eyni zamanda bu tipli tədbirlər ölkəyə xeyir gətirmək əvəzinə, dövlət büdcəsi üçün böyük yükə çevrilir. ADP sonda Azərbaycan Demokratik Cumhürriyyətinin (AXC) 101-ci il dönümü ilə bağlı Azərbaycan xalqını, hər bir vətəndaşımızı, Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı təbrik edib. İdarə Heyəti hesab edib ki, Azərbaycan Xalq Cumhürriyyəti xalqımızın milli nailiyyətidir. Uzun əsrlər dövlətçilik tarixinə malik xalqların respublikaçılığa keçiddə ciddi problemlər yaşaması ilə müqaisədə ötən əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz respublika əsasında yaradılması xalqımızın demokratik ruha malik olması ilə biavasitə bağlıdır. Azərbaycan Demokratik Cumhürriyyəti dünya respublikaçılıq təcrübəsindən və şimallı-cənublu Azərbaycan xalqının azadlıq ideyalarından bəhrələnmişdir. Təəssüf ki, hazırkı iqtidarda olan siyasi qüvvə və hakimiyyətin yüksək eşalonunda təmsil olunan keçmiş sovet məmur təbəqəsinə aid olan hakim zümrə respublikaçılıq ənənələrini real olaraq dərk edə bilmir və tətbiq etməkdən yayınır, Azərbaycan Xalq Cümhuriyyətinin tarixdəki rolunu kiçiltməyə çalışır, ölkədə yüksək vətəndaşlıq şüurunun formalaşdırılması üçün zəruri olan siyasi, hüquqi, iqtisadi, sosial və s. sahələrdə islahatları gecikdirir, xalq qarşısında hesabatlı olan hakimiyyətin formalaşmasına imkan vermir. ADP İdarə Heyəti hesab edir ki, qarşıda duran bütün milli problemlərin həlli üçün respublikaçılıq və hakimiyyət bölğüsü, qanunların və hüququn aliliyi prinsipləri daim yüksəkdə tutulmalı, bu prinsiplər əsasında Şərqdə ilk Respublika qurmuş tarixi şəxsiyyətlərimiz təbliğ edilməli, insanımızda yüksək vətəndaşlıq şüuru formalaşdırılmalıdır. ADP İdarə Heyəti insanlarımızı həqiqi vətəndaş olmağa, respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda fəal mübarizəyə qoşulmağa çağırıb. Muxalifet.az