RUSİYADAN SENSASİON QARABAĞ AÇIQLAMASI...

Baxış sayı:
9277

Paşinyan Qarabağı Azərbaycana qaytarmaq istəyir?

Zərdüşt Əlizadə: “Milli mənafeyini izhar etməyi bacarmayan xalq torpaqlarını heç vaxt görməyəcək”

“Torpaqları qaytarmaq üçün dəyişmək, vətəndaş olmaq lazımdır”

Ermənistanın baş naziri Nikol Paşinyan hakimyyətə gələndən bəri Dağlıq Qarabağdakı rejimin danışıqlarda tərəf kimi tələbini irəli sürür ki, bu da Azərbaycan tərəfindən haqlı olaraq qəbul oluna bilməz. Ermənistan hökumətinin 2019-2023-cü illər üzrə fəaliyyət proqramında xarici siyasət sahəsində də Paşinyan hökuməti bu iddiasında qalaraq yenidən təsdiq edir ki, Dağlıq Qarabağdakı qondarma rejim münaqişə tərəfidir, nizama salınma prosesində həlledici səsə malik olmalıdır. Bu isə münaqişə tərəfləri arasında sülh danışıqlarını mümkünsüz edir.

Nikol Paşinyanın bu iddiası ilə bağlı Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Strateji Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib ki, Paşinyan Qarabağ nümayəndələrinin danışıqlar masasında iştirakını ona görə istəyir ki, ərazilərin qaytarılması məsələsində məsuliyyəti onlarla bölsün.

Əslində, Paşinyan Qarabağ nümayəndələrinin danışıqlar masasında iştirakını tələb etməklə, bilir ki, həm Azərbaycan tərəfi buna razı olmayacaq, həm də məsuliyyətdən yayınacaq. Bu, isə onun hakimiyyətini uzadacaq, münaqişə də dondurulmuş vəziyyətdə qalacaq. Yəni Paşinyanın Dağlıq Qarabağdakı rejimin danışıqlarda tərəf kimi iştirakını tələb etməsi özünün hakimiyyətinin uzadılmasına hesablanıb.

Markov onu da qeyd edib ki, Paşinyan necə hərəkət edəcəyini bilmir: “Bir tərəfdən o güzəştlərə hazırdır, digər tərəfdən məsuliyyəti öz üzərinə götürməkdən qorxur. Hətta “Qarabağ klanı”nın üzvləri Robert Koçaryan və Serj Sarkisyan məsuliyyəti üzərlərinə götürməkdən çəkinirdilər. Nikol Paşinyan da qorxur, xüsusilə o, “Qarabağ klanı”nın rəqibidir, Qarabağ məsələsinə yaddır və rəqibləri onu əraziləri qaytarmağa hazırlaşmaqda ittiham edirlər”.

Markovun açıqlamasından belə çıxır ki, “Qarabağ klanı”nın üzvləri Robert Koçaryan və Serj Sarkisyan məsuliyyəti üzərlərinə götürməkdən çəkinib, torpaqları qaytarmadısa, deməli, Nikol Paşinyanın da qorxsunundan torpaqları qaytarması mümkün deyil. Çünki ən azından “Qarabağ klanı”nın üzvləri R. Koçaryan və S. Sarkisyan N. Paşinyan kimi Qarabağ məsələsinə yad deyildilər, nə də onları əraziləri qaytarmağa hazırlaşmaqda ittiham edənlər çox deyildi.

Markov hesab edir ki, Paşinyan yaranmış şəraitdə ən qazanclı mövqeyə sahib olmaq üçün vaxtı uzadır: “Hələ ki Azərbaycan və Ermənistan arasında mübahisə gedir. İrəvan danışıqlara Qarabağ nümayəndələrinin cəlb edilməsinə çalışır, Bakı bunu bloklayır. Onsuz da nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət Paşinyanın istəyini qəbul edəcək. Paşinyan danışıqlara iki formatı daxil etməyə çalışır: Ermənistan və Azərbaycana qarşı Qarabağın erməni icması. Lakin burada heç bir məntiq yoxdur. Dağlıq Qarabağın azərbaycanlı icması müharibədə öz evlərindən qovulublar və onların torpaqları işğal altındadır. Əgər erməni icması danışıqlarda iştirak edirsə, o zaman azərbaycanlı icması da iştirak etməlidir. Digər tərəfdən, Paşinyan üçün danışıqlardan yayınmaq çətinləşib, çünki Ermənistanda siyasi burulğan sona çatdı. Əgər sülh danışıqlarında vəziyyət dəyişməsə, o zaman, müharibənin yenilənməsi ehtimalı böyükdür”.

Əslində, Markovun “əgər erməni icması danışıqlarda iştirak edirsə, o zaman azərbaycanlı icması da iştirak etməlidir” fikri yanlışdır. Bu, erməni icmasının danışıqlarda tərəf kimi iştirakına xidmət edən bir fikirdir. Məsələni icmalar səviyyəsində kiçiltmək özü belə doğru deyil. Ermənistanın torpaqlarımızı işğal faktı ortada var ikən, icmaların danışıqlarda iştirakı ancaq Azərbaycanın ziyanına olan bir addım olar, eyni zamanda danışıqların daha da uzanmasına səbəb olar. Paşinyanın son açıqlamaları danışıqlarda vəziyyətin dəyişməsini və müharibə ehtimalını artırır ki, torpaqların qayıtması ancaq bu yolla mümkündür. Çünki Paşinyan əraziləri qaytarmaq üçün məsuliyyətdən qaçırsa, bu məsələ başqa necə həllini tapa bilər ki...

“Dağlıq Qarbağ ermənilərinin danışıqlarda iştirakını o kəslər tələb edir ki, Azərbaycanı diz çökdürsünlər”

Картинки по запросу Zərdüşt Əlizadə

Markovun “Paşinyan əraziləri qaytarmaq üçün məsuliyyətdən qaçır” fikirlərini münasibət bildirən Zərdüşt Əlizadə “Hürriyyət”ə belə dedi: “Dağlıq Qarbağ ermənilərinin danışıqlarda iştirakını o kəslər tələb edir ki, Azərbaycanı diz çökdürsünlər. Çünki qeyri-qanuni Qarabağ ermənilərinin tələblərini rəsmi dövlətlər öz hərəkətlərində məcburdurlar heç olmasa beynəlxlaq hüququn mövcudluğunu tanısınlar. “Dağlıq Qarbağ respbulikası”nın rəhbərləri qeyri-qanuni olduqlarına görə ağızlarına gələni tələb edə bilərlər və bunu da öz müqəddaratını təyinetmə hüququ ilə bağlaya bilərlər”.

“Azərbaycnda demokratik dəyişikliklər başlasa, Qarabağ probleminin həlli mümkün olar”

“Mən də bilirəm ki, Paşinyanın Dağlıq Qarabağ ermənilərinin danışıqlarda iştirak etməsini istəməsi ona görədir ki, məsuliyyətdən qaçsın və danışıqları uzunmüddət uzatsın. Çünki de-fakto nə hərb, nə sülhdür, atəşkəs rejiminn saxlanılması Ermənistana əl verir, onun siyasi kursuna cavab verir. Odur ki, mən burada heç bir yeni şey görmürəm. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanda tələb olunan dəyişikliklər baş verməsə, heç bir imkan görmürəm. Əgər Azərbaycanda demokratik dəyişikliklər başlasa, bəli, Qarabağ probleminin həlli mümkün olar. Amma indiki Azərbaycanla, siyasi rəhbərlik ilə Dağlıq Qarabağ probleminin həlli mümkün deyil”,-deyə politoloq əlavə etdi.

“Azərbaycan xalqına bir xəyalplov yedizdirirlər ki, torpaqlar qayıdacaq”

““Qarabağ klanı”nın üzvləri Robert Koçaryan və Serj Sarkisyan məsuliyyəti üzərlərinə götürməkdən çəkindikləri halda, Paşinyanın da məsuliyyəti üzərinə götürmək istəməməsi torpaqlarımızın qaytarılmasını sual altına almırmı” sualına Z. Əlizadə belə cavab verdi: “Torpaqların qaytarılmasını unudun. Bu, bir xülyadır ki, xalqlara, xüsusilə Azərbaycan xalqına yedizdirirlər. Erməni xalqına bir xəyalplov yedizdirilər ki, Dağlıq Qarabağ Ermənistana birləşəcək, Azərbaycan xalqına da bir xəyalplov yedizdirilər ki, torpaqlar qayıdacaq. Münaqişə bu cür dondurulmuş şəkildə Rusiyanın nəzarətində qalacaq”.

“Azərbaycan hakimiyyət torpaqların qayıtması üçün heç bir addım atmaq istəmir. Çünki münaqişənin həll üçün yeganə tələb olunan addım Azərbaycanın demokratikləşməsi, hüquqi, çiçəklənən dövlətə çevrilməsi olardı. Bu isə hakim zümrənin iqtisadi maraqlarına ziddir və buna heç vaxt getməzlər”,-deyə politoloq əlavə etdi.

“Sadaldağım hər bir tərəf münaqişənin mövcudluğundan öz xeyrini götürür”

Z. Əlizadə onu da vurğuladı ki, bütün danışıq iştirakçıları münaqişənin həllinin əleyhinədirlər: “Azərbaycan, Ermənistan, Rusiya, Amerika və Fransa tərəfi də, yəni hamısı əleyhinədirlər. Çünki sadaldağım hər bir tərəf münaqişənin mövcudluğundan öz xeyrini götürür. Azərbaycan və Ermənistan hakimiyyəti öz ömrünü uzadır. Rusiya Qafqaza sancılmış qarmağını saxlayır. Bununla Cənubi Qafqazı nəzarətdə saxlayır. Amerika, Fransa da öz gəlirlərini götürür, bu münaqişədən qazanırlar”.

“Hüquqlarının pozulmasına, sərvətinin talanmasına dözürsənsə, demək, sən torpağının itirilməsinə də dözməlisən”

“Belə çıxır ki, biz torpqaların qayıtmasını görməyəcəyik” fikrimizə Z. Əlizadə belə münasibət bildirdi: “Bu cür keyfiyyətdə olan xalq görməycək. Bu cür savadsız, qorxaq, korafəhim, acgöz, mənafeyini anlamayan, hüquqlarını bilməyən və onun uğrunda mübarizə apara bilməyən, istəyini, milli mənafeyini izhar etməyi bacarmayan xalq torpaqlarını heç vaxt görməyəcək. Qurtardı, Göycənin, Zəngəzurun dalınca Qarabağ getdi. Torpaqları qaytarmaq üçün dəyişmək, vətəndaş olmaq, hüquqları bilmək və onun uğrunda mübarizə aparmaq, öz şəxsi müqəddaratını dəyişməyə çalışmaq lazımdır. Canavarlar xalqı qoyun sürüsü kimi hər tərəfdən əhatəyə alıb, uçuruma tərəf yönəldirlər, dəyişmək lazımdır. Kor-kor, gör-gör ölkə bərbad haldadır, fəlakətə doğru gedir. Torpaq itirilib, Konstitusiya tapdalanıb, sərvət talanıb, hüquq pozulur, xalq buna dözür, dözürsə, Qarabağın itirilməsinə də dözsün. Bunlar bir-birinə bağlı şeylərdir. Çünki dünya sisemdir. Bir tərəfdə hüquqlarının pozulmasına, sərvətinin talanmasına dözürsənsə, demək, sən torpağının itirilməsinə də dözməlisən. Vəziyyət budur. Bunu anlamayanlar məhkumdurlar ki, qoyun kimi yaşasınlar”.
Şamo EMİN, Hurriyyet.org