REAL SƏDRİ BEYNƏLXALQ KONFRANSA DƏVƏT OLUNUB - İlqar Məmmədov ölkədən çıxmaq üçün icazə istəyib

Baxış sayı:
5125

REAL Partiyasının sədri İlqar Məmmədovun dəvət olduğu beynəlxalq konfransda iştirak etmək istəyir. Ölkədən çıxışına qadağa qoyulan siyasətçi səfərinə icazə verilməsi üçün Yasamal rayonu İcra və probasiya şöbəsinə müraciət edib.

Muxalifet.az xəbər verir ki, bu barədə REAL Partiyası məlumat yayıb.

Məlumatda deyilir ki, İlqar Məmmədov ötən həftə Avropa Parlamentinin “Avropa uğrunda Liberal Demokratlar Alyansı”nın (ALDE) deputatları tərəfindən oktyabrın 17-də Brüsseldə keçiriləcək konfransa çıxışçı qismində dəvət olunub.

İlqar Məmmədovun Yasamal rayonu İcra və probasiya şöbəsinə müraciətində onun barəsində çıxarılmış məhkəmə qərarlarının qanunsuz olduğu vurğulanır. REAl lideri şöbədən xahiş edib ki, beynəlxalq konfransda iştirakına icazə verilsin.

“Dəvət aldığım bu konfransda iştirakıma – sərbəst səfər etməyimə qoyulan məhdudiyyəti uyğun və effektiv şəkildə aradan qaldıran qaydada razılıq verməyinizi xahiş edirəm”, – İlqar Məmmədov müraciətində yazıb.

Müraciət oktyabrın 7-də göndərilib. Ona hələlik cavab verilməyib.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bu il avqustun 13-də İlqar Məmmədov azadlığa buraxılıb. O, 2 il sınaq müddəti şərti ilə azadlığa buraxılıb.