​Qurbanovdan hamını düşündürən suala - Cavab

Baxış sayı:
1024

Öncə futbolçularımı ardıcıl 5-ci dəfə çempion olmaq münasibətilə təbrik edirəm. Bu, hər bir futbolçunun, hər klubun arzusudur. Çətin oyun oldu. Bilirdik ki, “Sumqayıt” bu oyuna ciddi hazırlaşacaq. Oyunçularımda həyəcan var idi, amma bu da normal haldı. Samir Abasov və komandasına uğurlar arzulayıram.
Muxalifet.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Topaz Premyer Liqasının XXIV turunda səfərdə “Sumqayıt”a qalib gələn Ağdam klubu çempionluğu erkən rəsmiləşdirib.
Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- Qalan 4 turda heyətdə rotasiya edəcəksinizmi?
- Bütün oyunlara tam heyətlə hazırlaşacağıq. Amma ola bilər ki, hansısa futbolçuya 1-2 oyun şərait yaradım. Elə oyunçular var ki, az da olsa istirahətə ehtiyacı var. Amma qarşıdakı oyunlara tam ciddi hazırlaşacağıq.
- Erkən çempionluq sizin xeyrinizə olacaq, ya ziyanınıza? Nəzərə alsaq ki, qarşıdan Avrokuboklar gəlir, komanda formadan düşməyəcək?
- Futbolçularımın bəziləri neçə illərdi ki, fasiləsiz oynayırlar, çempionluqlar əldə edirlər. Məni əsas narahat edən onların fiziki yorğunluqları deyil, loru dildə desək uğurlardan sonra “çaşmaq” ehtimallarıdı. Səviyyəsindən asılı olmayaraq bütün çempionluqlar hamı üçün şirindi. Mən hər zaman deyirəm ki, uğur qazandıqdan sonra məsuliyyət daha da artır. Bunu hər bir oyunçu da dərk eləsə, inanmıram ki, neqativ nəsə hal yaşansın. Daha əvvəl də bu cür situasiya ilə qarşılaşmışıq.
- Komandanıza ardıcıl 5-ci çempionluqdan sonra “əla” qiymət vermək olar?
- “5”dən artıq qiymət verməyəcəm. Hər birini təbrik edirəm, amma əsas məsələ bundan sonrakı proseslərdi. Bu balansı, stabilliyi saxlamağı bacarmalıyıq.
- Çempionlar Liqası haqqında nə düşünürsüz? Yenidən qrupa düşmək mümkün olacaq?
- Reqlamentdəki dəyişikliklərdən sonra çətin olacaq. Amma biz turnirdən əvvəl komandanı tam formalaşdırmağa çalışacağıq və ciddi hazırlıq keçəcəyik.
- ÇL qrupuna düşmək üçün heyət daha güclü olmalıdı. Bu barədə rəhbərliklə indi söhbət edəcəksiz, ya mövsümün sonunu gözləyirsiniz?
- Biz bu hazırlıqları bütün il boyu edirik. Dəfələrlə demişəm ki, mən həmişə istəyirəm ki, komandaya hər il bir və ya iki yeni oyunçu gəlsin. Ehtiyac var və işlər gedir.