"Qərbi Azərbaycandan sürgün olunanlar yurdlarına qaytarılsın" - Qafar Çaxmaqlıdan BMT baş katibinə MÜRACİƏT

Baxış sayı:
2452

İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı BMT baş katibinə müraciət edib.
 
Muxalifet.az həmin müraciəti olduğu kimi təqdim edir:
“BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ BAŞ KATİBİ ANTONİO QUTERREŞƏ
SSRİ Nazirlər Sovetinin 1947-ci il dekabr ayının 23-də qəbul etdiyi qərara əsasən azərbaycanlıların sürgünü/deportasiyası haqqında
MÜRACİƏT
CƏNAB ANTONİO QUTERREŞ!
Sizi salamlayır, möhkəm sağlamlıq və fəaliyyətinizdə uğurlar azulayırıq!
Diqqətinizə ərz edirik ki, İrəvan Türk Cümhuriyyəti bütün dünyada hər il 23 dekabr gününü Deportasiya Günü olaraq elan etdi. Həmin gün tariximizin facivəvi bir səhifəsi kimi hər il anılacaqdır. Onu da nəzərinizə çatdırırıq ki, 1918-ci ildə Azəbaycanın tarixi ərazililərində Ermənistan dövlətinin qurulması elan edilmədən öncə, həmin ilin may ayınınn 29-da təsdiq olunan protokola əsasən Azərbaycan Milli Şurası məcbur edilərək qədim İrəvan şəhəri də Ermənistana təslim edildi. Sonrakı illərdə Azərbaycan əraziləri: Zəngəzurun, Göyçənin, Dərələyəzin və başqa ərazilərin də Ermənistan Sovet Sosialist Republikasının (ESSR) inzibati ərazisinə daxil edilməsi nəticəsində qeyd olunan ərazilərdə daima yaşayan Azərbaycan Türkləri dəhşətli faciələrlə müşayiət edilən illər yaşadılar.
Min illər ərzində öz doğma dədə-baba torpaqlarında yaşamaqlarına baxmayaraq, onlara qarşı kütləvi qırğınlar, sürgünlər, deportasiyalar, qətliamlar/soyqırımları törədilməsi erməni və mərkəzi Sovet Sosialist Respublıkaları İttifaqı (SSRİ) hakimiyyətinin dövlət siyasəti oldu. O cümlədən, 1930–1934-cü illərdə SSRİ mərkəzi hakimiyyətinin törətdiyi repressiyalar nəticəsində də bəhs olunan ərazilərə mənsub olan on minlərlə Azərbaycan türkü Orta Asiya və Sibirdəki siyasi həbsxanalarda öldürüldülər.
Məlumunuz olsun ki, İkinci Dünya müharibəsindən sonra Ermənistan SSR-də 700 min nəfər azərbaycanlı yaşayırdı. Əhalinin say tərkibini öz xeyirlərinə dəyişdirmək üçün erməni şovinistlər yeni qanunusuz fəaliyyətlərə başladılar. Öncə qədim Azərbaycan torpağı Dağlıq Qarabağın Ermənistan inzibati ərazisinə birləşdirilməsi tələbi ilə Ermənistan SSR Kommunist Partiyasının Birinci katibi Harutyunov SSRİ mərkəzi hökumətinə müraciət etdi. Lakin onun bu cəhdi nəticə vermədiyi üçün, 1945-ci ilin noyabrında SSRİ mərkəzi hökuməti xaricdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi işinin təşkili haqqında qərar qəbul etdi. İlk olaraq 130 min erməninin Ermənistana köçürülməsinə qərar verildi. Bu köçürülmə işinə xarici erməni təşkilatları «Hnçaq», «Ramkavar» partiyaları, Ümumerməni Xeyriyyə Fondu 1 milyon dollar pul xərclədilər. İlk köçürülmə gedişatında 100 min erməni (1946-cı ildə 50,9 min, 1947-ci ildə 35,4 min) Ermənistan SSR-na gətirildi. Xaricdən gələn ermənilərin yerləşdirilməsi üçün SSRİ mərkəzi hakimiyyəti və erməni hökuməti doğma yurdlarında yaşayan azərbaycanlıların kütləvi köçürülməsi əməliyyatına başladılar.
Qeyd edim ki, SSRİ-nin paytaxtı Moskvada yerləşən mərkəzi kommunist hakimiyyəti bilavasitə şovinist erməni siyasətinə dəstək verərək, azərbaycanlılara qarşı tətbiq olunan sürgün əməliyyatlarını idarə edirdi.
Beləliklə, SSRİ Nazirlər Soveti 1947-ci il dekabr ayının 23-də İosif Stalinin imzası ilə «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı qərar qəbul etdi. Azərbaycan SSR Nazirlər Soveti isə bu qərarın icra oluması ilə əlaqədar 1948-ci il fevral ayının 2-də əhalinin köçürülməsi haqqında qərar qəbul etdi. Bəhs olunan qərarın icra olunması üçün Ermənistan SSR də müvafiq qərar qəbul etdi. SSRİ Nazirlər Sovetinin qeyd olunan qərarı ilə əlaqədar 10 mart 1948-ci il mart ayının 10-da SSRİ Nazirlər Soveti ikinci bir qərar imzaladı.
Bu qərarlar əhalinin rəyi və fikri nəzərə alınmadan qəbul edilən, həmçinin insan haqları ilə bağlı beynəlxalq hüquqa zidd olan, o cümlədən beynəlxalq konvensiyalara əməl edilməməsini sübut edən dəlildir.

Qeyd olunan 4083 saylı qərarla insan haqqları qanunlarına zidd olaraq Ermənistan SSR-də yaşayan 100 min kəndli/kolxozçu və digər azərbaycanlı əhali zorakılıq tətbiq edilərək, Azərbaycan SSR-nin Kür-Araz ovalığına sürgün olundular. Bu sürgün/deportasiya nəticəsində 150.000 azərbaycanlı əhali Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına və digər rayonlara məskunlaşdılar. Bu qərarların icrası zamanı avtoritar-totalitar SSRİ sovet-kommunist rejiminin repressiya qaydaları geniş tətbiq edilərək, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır yaşayış, kəskin iqlim dəyişikliyinə; fiziki və mənəvi sarsıntılara dözməyərək həlak oldular. Bu deportasiya nəticəsində 50.000 insan məhv oldu..
Sonrakı tarixlərdə də Ermənistan SSR-də yaşayan Azərbaycanlı əhali basqı və təzyiqlərə məruz qalaraq, ayrı-ayrı illərdə öz torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. Bu sürgün əməliyyatı 1988 – 1989-cu illərdə də davam etdirilərək, bütün azərbaycanlı əhali son nəfərinə qədər öz doğma torpaqlarından göçürüldülər. Bu tarixdəki sürgündə də insanlara qarşı kütləvi işgəncələr tətbiq olunur, qətl edilirdilər. Nəticə e`tibarı ilə qeyd etmək gərəkir ki, indiki zamanda Ermənistan Respublikası adlanan ölkədə bir nəfər də olsun azərbaycanlı yaşamır.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli qərarına, beynəlxalq hüquq tələblərinə və qaydalarına zidd olan bu sürgün/depotasiya hadisəsinə indiyədək beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilmədi; sürgün edilən azərbaycanlıların öz doğma torpağlarına/vətənlərinə geri qayıtmalarını tə`min edən heç bir qərar qəbul edilmədi.
Mərhum Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən 18 dekabr 1997-ci ildə “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanına da beynəlxalq birlik tərəfindən əhəmiyyət verilmədi.
Qeyd olunan məsələ ilə əlaqədar beynəlxalq təşkilatlardan, SSRİ-nin varisi olan Rusiya Federasiyasından və Ermənistan Respublikasından Azərbaycan xalqına qarşı törədilən cinayətlə əlaqədar müvafiq işlərin görülməsi tələb olunur.
Biz, İrəvan Türk Cümhuriyyəti olaraq hesab edirik ki, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları:
1.Azərbaycan xalqına qarşı törədilən cinayət olaraq dəyərləndirilməsini;
2.Bu qərarlar mühakimə edilərək ləğv olumasını;
3.Deportasiya edilən 150 min azərbaycanlı şəxsə və onların nəsillərinə bəraət/reabilitasiya verilməsini;
4.Sürgün olunan azərbaycanlıların öz doğma yurdlarına/vətənlərinə qaytarılmalarını;
5.SSRİ-nin varisi olan Rusiya Federasiyasının sürgün və təqiblərə məruz qalan, öz doğma yuvalarından zorakılıqla çıxarılan Kırım Tatarları, Çeçenlər, İnquşlar, Balkarlar, Qaraçaylar, Ahıska Tükləri üçün tətbiq olunan vətənlərinə dönüş qərarları kimi Qərbi Azərbaycandan sürgün edilən əhalinin də doğma torpaqlarına/vətənlərinə dönmələri haqqında qərarın qəbul edilməsini tələb edirik.    
Hörmətlə,
İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı
Qeyd: Müraciət İrəvan Türk Cümhuriyyəti Millət Şurasının 23 dekabr 2020-ci il toplantısında qəbul edilib.
 
Muxalifet.az