Putin "B" planına məcburdur-ƏRDOĞANLA ƏMƏKDAŞLIĞA...

Baxış sayı:
4342

Hesab olunur ki, ötən gün ABŞ dronlarının Bağdadda hücumu zamanı öldürülən, Rusiya prezidenti Vladimir Putini 2015-ci ildə Suriya münaqişəsinə müdaxilə etməyə İran generalı Qasim Süleymani inandırmışdı.
Kreml bunu təkzib edir. Lakin, bu hekayədə həqiqətin harada olmasına baxmayaraq, Süleymaninin ölümündən sonra qaçılmaz eskalasiya Putinin bu bölgədəki hesablarını dəyişə bilər.
Süleymaninin vəfatını şərh edən Rusiya MN, Suriyada onun "İŞİD"in üzərində qələbəyə verdiyi danılmaz töhfəni" yüksək qiymətləndirdi. Nazirliyin açıqlamasında, ABŞ-ın öz anti-İŞİD koalisiyasını yaratmazdan çox əvvəl, Süleymaninin Suriya və İraqdakı terrorçu qruplara silahlı müqavimət təşkil etdiyini söylədi. Həqiqətən, Livandakı Hizbullah silahlı dəstələri və bölgədəki digər silahlı qrupların içndə olduğu İran “müqavimət oxu” olmasaydı, Rusiyanın Suriya münaqişəsinə müdaxilə etməsinə dəyməzdi.

Hizbullah və Süleymaninin komandanlığı altındakı İran qüvvələri, ABŞ-ın dəstəklədiyi SDF qüvvələri də daxil olmaqla müxaliflərə qarşı mübarizədə Prezident Bəşər Əsədin əldən düşmüş və xeyli itiki vermiş ordusunu dəstəkləmək üçün Rusiyanın Suriyaya göndərmək istəmədiyi quru qüvvələrinin buraya hərəkətni təmin etdi. Putinin Əsədin tamam tək qalmadığını bilməsi vacib idi. Əgər o köməksiz və tək olsaydı, Əsədə dəstək verməkdənsə, ona "bir quş qoymaq" daha asan olardı.
Yəni İran Suriya məsələsində Əsədi dəstəkləməsəydi, Rusiya təkbaşına bu yükün altına girməyəcəkdi. Putini Əsədi dəstəkləməyə və Suriyada “varlığını” saxlamağa Süleymani razı saldı.
Bəzi təhlilçilər deyirlər ki, Rusiya həmişə İranın Suriyadakı rolunu məhdudlaşdırmaqda maraqlı idi, çünki Kreml İrana və ya Hizbullaha nəzarət edə bilmir. Öz növbəsində, Putin heç vaxt Suriya böhranının tam məsuliyyətini öz üzərinə götürmək istəmədi, daha çox Rusiyanın iqtisadi və hərbi maraqlarını ABŞ maraqlarından üstün tutmağa hazır olan qüvvələrə dəstək olmağa meylli idi. Bunun üçün status-kvonu qorumaq lazım idi və Moskvanın nöqteyi-nəzərindən təkcə Əsəd rejimi deyil, həm də “müqavimət oxu” da status-kvo idi. Rusiyanın Livandakı səfiri Aleksandr Zasipkinin 2019-cu ilin mart ayında verdiyi bir reportajda: “Birbaşa deyəcəyəm: İranın Suriya rejiminə təsiri azalmamalıdır. Şam, Tehran və Hizbullah arasında güclü, sarsılmaz ittifaq var. Gələcəkdə də belə qalacaq " dedi.
Eyni zamanda, rus diplomatları və elə Putinin özü də İranı Rusiyanın müttəfiqi adlandırmamağa çalışdı.

Onlar üçün İran müəyyən geosiyasi strukturun-şiə güc məkanının mərkəzi idi və ruslar bölgədə Amerika tərəfdarı bir qüvvənin yerləşməsini istəmirdilər.
Və bu çox vacib məqamdır. İttifaqda qarşılıqlı öhdəliklər olur. Lakin İran rejimi ilə bağlı Putin hansısa ciddi öhdəliklərdən çəkindi. Bu bölgədə sərt düşərgənin üzvü olmaq əvəzinə, özünü Yaxın Şərq ölkələri arasında vasitəçi mövqeyində göstərməyə çalışan Putin, bölgədəki ambisiyaları bəzən İranın maraqlarına zidd olan İsrail, habelə Türkiyə ilə əməkdaşlıq etdi.
Süleymaninin ölümü bu təməl quruluşda heç nəyi dəyişmir. Artıq Rusiyanın təklif edə biləcəyi başsağlığıdır, onu da Sergey Lavrov iranlı həmkarı Cavad Zəriflə müsahibədə bildirmişdi. Rusiya, narahatlığını da ifadə etdi və Süleymaninin varisi İsmail Ghaani ilə əməkdaşlığı davam etdirir. Putin Süleymaninin öldürülməsinin qisası üçün İranın heç bir cəhdini dəstəkləməyəcək.

Ancaq İran yenə də qisas alsa və vəziyyət nəzarətdən çıxsa, Rusiya reaksiya verməli olacaq. Rus hərbi analitiki Pavel Felgenhauer, hətta Sülejmaninin öldürülməsini 1914-cü ildə Sarayevoda Habsburq hersoqu Ferdinandın öldürülməsi - Birinci Dünya Müharibəsinə bəhanə olan hadisə ilə müqayisə etdi. Felgenhauerin izah etdiyi ssenarilərdən birinə, İsrailin İrana zərbəsi və İsrailin İran qüvvələrinə, Suriyadakı müttəfiqlərinə qisas zərbəsi daxildir ki, burada rus hərbi qüvvələri də zərbə altında qala bilər. Putin yanvar ayında İsrailə səfər planlayır. Suriyada münaqişənin həlli, Putinin İsrailin Baş naziri Benyamin Netanyahu ilə müzakirə edəcəyi əsas mövzulardan biri olacaq.
Strateji müstəvidə İran və ABŞ arasında münasibətlərin pisləşməsi, Rusiyanın Suriya münaqişəsinə müdaxiləsi ilə qurduğu geosiyasi tarazlığı poza bilər. Putin bunun qarşısını Avropa liderlərinin köməyi ilə almaq istəyir. Macronla telefon danışığından əlavə, Putin Almaniya kansleri Angela Merkeli gələn həftə sonu Rusiyaya səfər etməyə və İran məsələsini müzakirəyə dəvət etdi.
Bununla belə, Putin İranın uduzacağı - ABŞ və İran arasındakı tam müharibə ehtimalını nəzərə almaya bilməz. Bu vəziyyətdə, Putin Suriyadakı "müqavimət oxuna" əvəz tapmalı olacaq, çünki, o həm bölgəyə daha çox rus hərbçisi göndərmək istəmir, həm də regionda bütün rus bazalarını saxlamaq üçün İran və Suriyada hakimiyyətə ABŞ-a “dost rejimin” gəlməsini istəmir.

Bu günə qədər Putinin seçimləri, bölgədə yeganə güclü oyunçu olan İranla yanaşı, ABŞ-ın möhkəm müttəfiqi adlandırıla bilməyən Türkiyə ilə əməkdaşlıqla məhdudlaşır. Rusiya və Türkiyə Liviya vətəndaş müharibəsinin əks tərəflərində olsalar da, Putin və Ərdoğan bir-biri ilə əməkdaşlıq etmək bacarıqlarını nümayiş etdirdilər.
Ərdoğanın Putinin yeganə-“B planı” olması Əsəd üçün yaxşı deyil. Türkiyə prezidenti Əsədin istefasını tələb edə bilərdi və İranın dəstəyi tükənərdisə, Putin Əsədə kömək etməkdənsə, Ərdoğanla dil tapmağa çalışacaq. Hər nə qədər qəribə səslənsə də, Suriya lideri İranın düşünülməmiş addım atmaması üçün ürəkdən dua etməlidir.
"Bloomberg"
Tərcümə etdi: Ülviyyə Şükürova
Muxalifet.az