Prezidentin ictimai nəzarət çağırışları... - "İslahatlar yeni mərhələyə qədəm qoyur" deyən İlham Əliyevin hədəfləri

Baxış sayı:
4009

Prezident İlham Əliyev dünən Nazirlər Kabinetinin iclasında etdiyi çıxışında ictimai nəzarətin vacibliyindən danışıb.
İlk dəfə deyil ki, prezident ictimai nəzarətin mühümlüyünü vurğulyıb. O hesab edir ki, harada ki, insanları narahat edən məsələlər, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. "Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir", əvvəlki çıxışlarından birində o deyib.

Burada qoyulan məqsəd və niyyət müsbət, müasir və düzgündür - dövlət və məmurlar xalqa xidmət etməlidir, prezidentin qoyduğu vəzifələri icra etməlidir. Azərbaycanda son dövrlər bir çox dövlət və hökumət rəsmilərinin qəbul etdiyi həqiqət budur ki, problemlər var və onları həll etmək lazımdır.

Hətta keçən ilin növbədənkənar prezident seçkilərindən sonra hökumət genişmiqyaslı islahatlara başladığını iddia edir və xüsusilə də kadr islahatları və qurumların restrukturizasiyasını həyata keçirərək bunu nümayiş etdirir.

Keçən dəfəki yazımda onu da qeyd etmişdim ki, cəmiyyətdə bu islahat ritorikası bir mənalı qarşılanmır və əslində heç bir islahatın olmadığını iddia edən müxalif siyasi qüvvələr də aktiv şəkildə diskurs yaratmaqdadılar.

Rusiyanın Tula regionunda işləyən Qırğızıstan vətəndaşları.

İstənilən halda dövlət rəsmilərinin islahat cəhdləri və söylədikləri mənə əvvəlkindən çox daha səmimi görünür. İqtidarın bir çətinlik içində olduğu sezilir. Yəni əvvəllər bu şüarlar daha çox formal və deklarativ səslənirdisə indi hiss olunur ki, bu sözlərin içinə məna qoymaq ehtiyacı var, boş sözlər bəs etmir.

Bizim ümumi vəziyyətimizi nəzərə alsaq, bu təkamülə doğru bir addımdır.

Eyni zamanda biraz diqqətlə baxanda görürük ki, məqsəd düzgün qoyulsa da, təklif olunan metod ilə bağlı problem var. Bu baxımdan təkamül hələ də davam edəcək.

Nədir bu problem?

Problem ondadır ki, bu yanaşmada məsələlərin həlli mərkəzləşir və dövlətin üstünə atılır. Hətta demək olar ki, bütün məsələlərlə şəxsən prezident və ya vitse-prezident məşğul olmalıdır kimi bir ehtiyac yaranır. Vətəndaş öz problemi ilə bağlı dövlətə müraciət etməli, dövlət isə o problemi həll etməlidir.

Bu model nə qədər səmimi və səmərəli görünsə də, artıq köhnəlmişdir və müasir cəmiyyətlərə uyğun deyil, keçmişin idarəetmə modelidir. Nəticədə daima narazı olan vətəndaş yaranır və idarəetməni daha da çətinləşdirir.

Gözlənilməz hadisələr çoxalmağa başlayır. Məsəl üçün, son günlər prezident aparatının və digər icra strukturlarının önündə insanların toplanması və öz sosial-iqtisadi problemlərinə çarə axtarması bunun bir nümunəsidir.

Buna cavab olaraq, hökumətin reaksiyası bu problemləri, nasazlıqları düzəltmək olur. Amma bu birdəfəlik addımlar böyük problemi çözmür. Elə bil ki, köhnə, xarab maşın sürürsən və iki gündən bir usta yanına getməlisən.

İlham Əliyev iclasda çıxış edir

Halbuki bir sıra problemlər var ki, müasir idarəetmədə onların həlli aşağılarda olmalıdı. Yəni ki, bələdiyyə səviyyəsində. Mərkəzi dövlət aparatı bu işə qarışmamalıdı, çünki o zaman işin astarı üzündən baha olur. Mərkəzdən maliyyələşən qurumlar vasitəçilik edirsə bu büdcəyə əlavə yükdü; bu idarəçilik forması artıq özünü doğrultmur, çünki müasir cəmiyyətlərin strukturu müəyyən mənada iştirakı tələb edir.

Yaxşı bəs iştirak nədir və problemlərin həllində necə yardım edə bilər?

Gəlin başlayaq ondan ki, insan, məşhur sitatda deyildiyi kimi, "ictimai varlıqdı".

Yəni insanların ictimai-siyasi tərəfi var. O tərəf bəzən siyasətə qarışır, bəzən isə kənarda qalır. Amma o tərəf həmişə var. İctimai varlıq olmaq bir çox insanın qanında, fitrətindədi. Hər bir insan filosofdu, necə deyərlər, və hər bir insan öz ölkəsinin, rayonunun, şəhərinin necə idarə olunmalı olduğu haqqda fikrə sahibdir.

İctimai olmağın bir tərəfi də iştirak etməkdir. İştirak müasir (demokratik) idarəetmənin ayrılmaz bir hissəsidir və vətəndaşların müxtəlif mərhələlərdə idarəetmə prosesinə cəlb olunmasını təmin edir.

Bunun bir mərhələsi hamımızın bildiyi seçki məsələsidir. Burada çox vacib məqam odur ki, seçkilər ilə formalaşan yerli idarəetmə orqanları vətəndaşların inamına sahib olmaqla yanaşı, sosial gərginliyin dövlətə doğru yox, sadəcə seçilmiş insanlara və ya partiyalara yönəlməsini təmin edir.

Yəni vətəndaş narazı qalanda dövlətdən yox, konkret insandan və ya siyasi partiyadan narazıdır. Bu narazılıq növbəti seçkidə həmin partiyanı cəzalandırır və idarəni digər partiyaya verir. Dolayısıyla, xalqın qəzəbi ümumən dövlətə yox, yarıtmaz icraçılara yönəlir.

İkinci element qərar vermə və icradır. Vətəndaşlar və onların seçdikləri orqanlar qərar verdikdə və o qərarları icra etdikdə, həmin qərarların məsuliyyətini, hansısa mücərrəd dövlət yox, vətəndaşların özləri daşıyır. Bu mənada vətəndaş həm də idarəetmənin riskləri və ağırlığını anlamış olur, dövlətlə münasibətlərdə daha məsuliyyətli və anlayışlı olmağa başlayır.

Dolayısıyla, cəmiyyətlərdə yaranan sosial və ya sosial-iqtisadi gərginliyi azaltmağın bir yolu da, insanlara iştirak hissini yaşatmaqdır. Partiyalar, seçkilər, birləşmələr, toplantılar, müstəqil media və sairə iştirak vasitələri vətəndaşa faydalı olma hissini verir. Bu özünü reallaşdırma mexanizmləri cəmiyyətdəki ümidsizlik hissini ortadan qaldırır, məyusluğu azaldır.

Nümayiş 19 yanvar mitinqi

Təbii ki, indiki şəraitdə, demokratik ənənəsi çox az olan post-Sovet məkanında hakim güclərin iştirakla bağlı problemləri var. Onlardan biri odur ki, vətəndaşların bu şəkildə hərəkətə gəlməsi müxalif siyasi qruplara mobilizasiya imkanları açır və bu da hakim sinfə təhdidləri artır.

Siyasi münasibətlər hələ ki, o səviyyədə deyil ki, hakimiyyətdəki partiya rahat istefaya getsin. Yəni yumşalma inqlaba aparan yol ola bilər. Ona görə hakim sinif maksimum ehtiyatlı olmağa çalışır. Bu təhlükədən yayınmaq üçün kəskin hərəkətlər etmir, sistemi yumşaltmır.

Bu ehtiyatlılığın isə öz novbəsində problemi odur ki, ictimai gərginlik daimi və gözlənilməz hadisəyə çevrilir.

Bir neqativ dairə yaranır. İngliscə buna vicious circle - qəddar dairə - deyirlər. Mütəmadi təkrarlanan hadisələrin cəngindən çıxa bilməmək mənasına gəlir.

Seçki mütəxəssisi kimi bir çox post-Sovet ölkəsində Azərbaycanı təmsil etmişəm və bu təcrübəmdən çıxış edərək deyə bilərəm ki, iştirak olan yerdə sosial gərginlik azalır.

Bu ölkələrin bir çoxunda iqtisadi-sosial vəziyyət Azərbaycandan yaxşı deyil, hətta çoxunda bizdən pisdi. Korrupsiya yayğındı, insanlar kütləvi şəkildə Qərbə köçür, yoxsulluq yüksəkdir və sairə.

Tipik post-Sovet vəziyyəti. Sadəcə bəzilərində gərginlik daha çoxdu, bəzilərində daha az. Çünki bəzilərində insanlar iştirak edir, bəzilərində isə yox. İştirak az olan yerdə insanlar son həddə çatanda etiraz edirlər.
Rəşad Şirin
Siyasi təhlilçi