"Paşinyan üçün yeganə çıxış yolu Azərbaycandır" - DEPUTAT

Baxış sayı:
2827

“Ermənistanda aprel ayından başlayan siyasi proseslər məntiqi yekuna çatmalı idi, bunun üçün isə hakimiyyətin bir əldə cəmlənməsi, bütün vektorlar üzrə vahid komandada birləşməsi zəruri hala çevrilib. Buna görə də növbədənkənar parlament seçkilərinin keçirilməsi labüd idi”.
 
Muxalifet.az xəbər verir ki, bu sözləri publika.az-a deputat Hikmət Babaoğlu deyib.
 
O, hesab edir ki, Ermənistan növbədənkənar seçkiyə getməsəydi, bu günə qədər davam edən qeyri-müəyyənlik uzana bilərdi:
 
“Paşinyan hesab edir ki, küçə demokratiyasını legitimləşdirmək üçün mütləq parlamentə nəzarəti də ələ almaq lazımdır. Növbəti ilin may ayında nəzərdə tutulan seçkilərin bu ilin dekabr ayında keçirilməsi üçün tələsməsi aprel ayında başlayan küçə hərəkatı zamanı Paşinyanın onu dəstəkləyən insanlara verdiyi sözün heç birini təxminən 6 ay müddətində yerinə yetirə bilməməsidir. O, nə korrupsiyaya qarşı mübarizə apara bildi, nə sosial problemləri həll etdi. Bunların hər hansı birini gerçəkləşdirmək Ermənistan reallıqları şəraitində mümkün deyil. Çünki Ermənistan işğalçı dövlətdir, bu vədlərin gerçəkləşdirilməsi kommunikasiya xətlərinin açılmasından keçir. Azərbaycan isə buna imkan vermir. Bir neçə gün əvvəl İrəvan şəhərinə mer seçkiləri keçirildi. Müxtəlif vasitələrlə Paşinyan öz tərəfdarını 81 faiz səslə İrəvan şəhərinin meri seçdi. 81 faiz səs isə aprel ayındakı populyarlığın çox aşağı düşdüyünü göstərir. Ona görə də Paşinyan hesab edir ki, seçkilər may ayında keçirilsə, onun populyarlığı bir az da aşağı enəcək, parlamentdə səs çoxluğu qazana bilməyəcək. 81 faizi həm də sosial sorğu nəticəsi olaraq qəbul edən Paşinyan təcili olaraq seçkiyə getmək istəyir”.
H.Babaoğlu hesab edir ki, seçkinin nəticəsi Paşinyanın istədiyi kimi olsa belə, Ermənistanda vəziyyət dəyişməyəcək:
 
“Öncəliklə seçkilərin necə baş tutacağı sual altındadır. Ermənistanda müstəqil siyasi sistem yoxdur, siyasi sistem zora, terrora və şantaja söykənir. Belə həlledici məqamlarda Ermənistan parlamenti gülləbaran edilir, bəzi opponentlər öldürülə bilir, hüquqi sistem işləmir. Bu ilin sonuna qədər olan müddəti Paşinyan özünə əlverişli siyasi pəncərə hesab edir. Seçkidə Paşinyan səs çoxluğu əldə etsə belə, Ermənistandakı vəziyyətdə ciddi dəyişiklik olmayacaq. Ermənistanın inkişafı işğal faktına son qoyduqdan, Azərbaycanla kommunikasiyaları bərpa etdikdən sonra mümkündür. Əks halda Paşinyanın Ermənistanın inkişafı ilə bağlı fikirləri xəyal və romantikadır, bu, heç vaxt mümkün olmayacaq. Yaxşı olar ki, Ermənistanda Azərbaycan torpaqlarının işğalına ən qısa zamanda necə son qoymaq barədə düşünsünlər”.