​“Paşinyan çox yanlış siyasət yürüdür” – SABİQ NAZİR

Baxış sayı:
3136

Nikol Paşinyan çox yanlış siyasət yürüdür.
Muxalifet.az xəbər verir ki, bu sözləri axar.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərini şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
“Təcrübəsi olmayan siyasətçilər adətən öz mövqelərini bəyənərək ona heç bir düzəliş etmirlər və digər tərəfdaşlarının mövqeləri ilə də maraqlanmırlar. Bu fonda Paşinyanın Moskvaya səfəri göstərir ki, o, Rusiyaya birbaşa meydandan çıxıb gedib. Ümumiyyətlə, Paşinyan reallığı hiss etməyən bir siyasətçidir və öz bildiyini danışmağa davam edir. Ancaq o da bəllidir ki, əks tərəf Paşinyanın dediklərini qəbul etmir. Bunun nəticələrini isə yaxın gələcəkdə görəcəyik”, - sabiq nazir bildirib.
T.Zülfüqarov bildirib ki, Moskvada sadəcə öz konsepsiyalarının təbliği ilə məşğul olan Paşinyanın Qarabağla bağlı sərsəm bəyanatlarının heç bir əsası yoxdur:
“Ümumiyyətlə, siyasətdə hər hansı bir hadisə birbaşa baş vermir. Bunun üçün müəyyən vaxt lazım olur. Paşinyanın Rusiyaya səfərindən sonra artıq mövqelər bəlli oldu. Paşinyan meydan və mitinqlərdə formalaşan mövqeyi sayəsində hakimiyyətə gəlib. Hiss olunur ki, o, Rusiyaya səfəri zamanı da öz mövqeyinin təbliğatını əsas vəzifəsi olaraq görüb. Bu isə o deməkdir ki, digər tərəflərin, qonşuların, tərəfdaşların mövqeyini nəzərə almaq mədəniyyəti hələ Paşinyana çatmayıb. Əlbəttə ki, bu, çox yanlış bir siyasətdir və gec-tez öz nəticələrini göstərəcək”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 8-də Moskvaya səfər edərək rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.