​Onların arasında narkotikə qurşananlar var - XALQ ARTİSTİ

Baxış sayı:
5950

Əlilliyi olan aktyorlardan ibarət ölkənin ilk və tək inklüziv teatrı “ƏSA” uzun zamandır gözlənilən “Adamlar və siçanlar - 2” tamaşasının nümayişini keçirib.
Kult.az xəbər verir ki, amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar” povesti əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və bəstəkarı Nihad Qulamzadə, rejissoru Elşən Əsgərov, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailov, konsertmeysteri Fidan Babayeva və Elçin Hətəmlidir.
Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Riad Sultanov, Sənan Fərzəliyev, İmran Lalayev, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov və Patti Smit canlandırıb.
İzləyicilər arasında olan xalq artisti Fəxrəddin Manafov tamaşa ilə bağlı fikirlərini bölüşüb:
 “Təəssüf ki, ilk dəfədir “ƏSA” teatrının tamaşasını izləyirəm. Tamaşanı izləyərkən keçirdiyim hissləri uzun müddət unutmayacağam. Aktyorları da diqqətlə izlədim. İstər-istəməz düşünürdüm ki, hazırda bu səhnədən, zaldan, teatrdan qıraqda sağ-salamat, əlləri-ayaqları olan gənclər çoxdur və çox heyf ki, onların arasında narkotikə, içkiyə və ya digər zərərli şeylərə qurşananlar var. Yekunda bir fikrə gəldim ki, bu böyük kainatda ən güclü dərrakəyə sahib varlıq insandır və ən vacibi odur ki, insan ağıldan, zəkadan qüsurlu olmasın. Məhdudiyyət əldə, ayaqda yox, ruhda olur”.
Teatrın rəhbəri Nihad Qulamzadə də tamaşanın uğurlu alındığını bildirib:
“Tamaşa gözlədiyim kimi alındı, ancaq bəzi texniki qüsurlar da var idi. Bu isə səhnə aldığımız teatrda yetərincə məşq etmə şansımızın olmaması ilə bağlıdır. Sadəcə bir gün bu səhnədə məşq edə bildik. Hər şey gözəl oldu. Ən əsası aktyorlarımız rollarını ürəklə canlandırdılar. Tamaşa zamanı nitq məhdudiyyətli tamaşaçılar üçün işarət dili ilə sinxron tərcümənin olması da ölkəmiz üçün ilk idi”.