Muniba Mazari Bakıya gəldi

Baxış sayı:
3520

Pakistanın BMT-dəki xoşməramlı səfiri Muniba Mazari Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Milli paralimpiya Komitəsinin dəvəti ilə Bakıda səfərdədir. Muxalifet.az xəbər verir ki, o, Heydər Əliyev fondu və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin birgə təşkil etdiyi “Yenilməzlər” Beynəlxalq Qala Təqdimatına və V Uşaq Paralimpiya Oyunlarına qatılmaq üçün şəhərimizin qonağıdır. Bir neçə gün Bakıda olacaq Muniba Mazari noyabr ayının 13-də Gənc Tamaşaçılar Teatrında baş tutacaq “Yenilməzlər” tədbirində təqdimatla çıxış edəcək. Muniba xanım 14 noyabr tarixində baş tutacaq V Uşaq Paralimpiya Oyunlarını da izləyəcək. Qeyd edək ki, Pakistanın“Dəmir Qadın” Muniba Mazari 3 mart 1987-ci ildə anadanolub. O, 2007-ci ildə 20 yaşı olarkən ağır yol qəzası nəticəsində xəsarətlər alaraq yerimək qabiliyyətini itirib. Qəza nəticəsində bədəninin bir çox nahiyələrindən ciddi zədə alaraq nəinki gəzmək, hətta bir müddət çox sevdiyi rəsm çəkməkdən belə məhrum olur. Qəzadan sonra onun həyatında çətin günlər başlayır. 2 il ərzində yatağa məhkum olan Mazarinin həyat yoldaşı ondan ayrılır, övladlığa götürdükləri oğulları Nil ilə yalnız buraxır. Yalnız həyat yoldaşı yox, Mazarinin atası da bu çətin anlarda ailəsini tərk edir. Yataqda olduğu 2 il ərzində o, özünü çox köməksiz və tərkedilmiş hiss etsə də güclü iradəsi həyatın gətirdiyi çətinlikləri dəf etməyə yardımçı olur. O, artıq əlil arabasından istifadə edə bilir və yenidən sevimli işi ilə məşğul olmağa başlayır. Muxalifet.az