“Motivasiyam olmasa, işləməzdim, gedərdim” - PROSİNEÇKİ

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki San Marino yığmasına qarşı keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçından bir gün əvvəl təşkil edilən mətbuat konfransına qatılıb.
Virtualaz.org bildirir ki, xorvatiyalı mütəxəssis əvvəlcə sentyabrın 4-də "Bakcell Arena"da baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb: “Üç gündə iki oyun keçirəcəyik. Norveçdən dünən gəlmişik. San Marino ilə matçda hədəf üç xaldır. Vaxt az idi. Rəqibi analiz etmişik...
Sabahkı oyuna motivasiyamız yaxşıdır. Qalib gəlib, ilk dəfə 10 xal toplamış olacağıq. Bunu bacaracağımıza inanıram”.
“Prosineçkinin özünün motivasiyasının olmaması ilə bağlı fikir formalaşıb. Bu, doğrudan belədir, yoxsa biz yanılırıq?”, -deyə jurnalistlər baş məşqçidən bu məsələyə aydınlıq gətirməsini xahiş ediblər.
48 yaşlı mütəxəssis deyib: “Sizdə niyə belə fikir yarandığını bilmirəm. Futbol dünyanın ən gözəl peşəsidir. Motivasiyam olmasa, işləməzdim, gedərdim. Bu baxımdan heç bir problem yoxdur. Sadəcə olaraq, Norveçlə matç ağır alındı, səhvlərimiz oldu...
Biz daha yaxşı oynaya bilərik. Oyun baxımından son aylarda komandanın oyununda irəliləyiş var. Seçmə mərhələyə başlamazdan əvvəl 2-ci yer tutmağa ümid edirdik. Alınmadı. Lakin gələcək üçün çalışmalyıq. Baş məşqçi postunda mənim qalıb-qalmayacağımdan asılı olmayaraq bu istiqamətdə fəaliyyət göstərməliyik”.