​Məmmədyarovdan növbəti xəbər: Amerikalı şahmatçı...

Baxış sayı:
3415

Martın 23-də Berlində keçirilən şahmat üzrə iddiaçılar turnirinin 11-ci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.
Muxalifet.az xəbər verir ki, qara fiqurlarla oynayan Ş.Məmmədyarov rəqibi ilə oyunun 41-ci gedişində heç-heçəyə razılaşıb və şahmatçılar hərəyə 0,5 xalla kifayətlənməli olublar. Hər iki şahmatçının ilk dövrədəki qarşılaşması da bərabərliklə nəticələnmişdi.
Bu görüşdən sonra Azərbaycan şahmatçısı iki qələbə və doqquz heç-heçə ilə aktivindəki xalların sayını 6,5-ə çatdırıb. Qrossmeysterimiz hazırda bir görüş az keçirən turnirin lideri Fabiano Karuana ilə xalları bərabərləşdirib. Növbəti turda Ş.Məmmədyarovun rəqibi Liren Dinq (Çin) olacaq.
Hazırda turun digər görüşlərində Aleksandr Qrişuk (Rusiya) - Liren Dinq (Çin), Fabiano Karuana (ABŞ) - Vladimir Kramnik (Rusiya), Levon Aronyan (Ermənistan) - Sergey Karyakin (Rusiya) qarşılaşmaları keçirilir.
İddiaçılar turnirinə martın 28-də yekun vurulacaq. On dörd raunddan ibarət iddiaçılar turnirinin ümumi mükafat fondu 420 min avrodur. Berlin turnirinin qalibi olan şahmatçı Londonda dünya çempionluğu uğrunda görüşdə bu titulun hazırkı sahibi norveçli Maqnus Karlsen ilə üz-üzə gələcək.