Kremldən gələn təlimat və Qarabağda müharibə ELANI - Rusiyalı həmsədr Xankəndinə niyə getmədi?

Baxış sayı:
3538

Regiona səfərə gələn ATƏT-in Minsk qrupunun həmsədrləri - Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) - əvvəlcə İrəvana, ardınca işğal altındakı Qarabağ bölgəsinə, daha sonra Bakıya gəldi.

Həmsədrlərin məqsədi heç bir nəticə olmasa da həmişəki kimi münaqişə ətrafında müzakirələrin aparılması idi.

Budəfəki işçi səfərdə diqqət çəkən məqam rusiyalı həmsədr İqor Popovun Xankəndinə getməkdən imtina etməsi olub. İşğal altındakı ərazilərə yalnız ABŞ və Fransa nümayəndəsi gedib.

Bu detal regionda baş verən proseslər və bunun Qarabağ münaqişəsinə təsiri baxımından iki ehtimalı önə çıxarır.

Birinci: Rusiya Ermənistanda yeni hakimiyyətə gələn Nikol Paşinyanın “Qarabağ danışıqlar masasında tərəf olsun” tezisini qəbul etmir və Popovun Xankəndinə getməməsi ilə bunu rəsmi İrəvanın diqqətinə çatdırır.

Son dövrlər, xüsusilə Paşinyanın İrəvanda siyasi Olimpə çıxmasından sonra pisləşən Rusiya-Ermənistan münasibətləri fonunda Moskva ekspertlərin dili ilə Dağlıq Qarabağ münaqişəsində keçmiş razılaşmaları xatırladır və buna əməl etməyin vacibliyini vurğulayır.
İyulun 2-də Rusiya nümayəndə heyətinin “aprel müharibəsi”ndə azad olunan Lələtəpəyə gəlişi və Azərbaycanın ərazi bütövlüyünün bərpası haqqında bəyanatlar səsləndirməsi, sentyabr ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan rəhbərliyi ilə ayrı-ayrılıqda təmaslar quraraq, münaqişənin həlli ilə bağlı müzakirələr aparması Kremlin ciddi addımlar atmaq istəyini göstərir. Kremlə yaxınlığı ilə seçilən Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqinin bu günlərdə “Əgər Paşinyan hakimiyyətə gəlməsəydi, münaqişə həlli keçmiş hakimiyyətin razılaşdığı mərhələli formada reallaşacaqdı” açıqlaması da bu kontekstdə diqqət çəkir. Mümkündür ki, Popova Xankəndinə getməmək təlimatı Kremldən gəlib.

İkinci: Rusiya münaqişəni öz təşəbbüsü ilə həllinə çalışır. Duqin və digər rusiyalı ekspertlərin tez-tez Ermənistana “köhnə razılaşmalara əməl et” mesajı da “Kazan düsturu”nun həyata keçirilməsi niyyətindən irəli gəlir. Lakin ABŞ da son dövrlər münaqişə ətrafında fəallaşıb. ABŞ-ın Ermənistanda səlahiyyət müddətini başa vuran səfiri Riçard Millsin erməni ictimaiyyətinə “münaqişənin istənilən variantı ərazilərin bir qisminin qaytarılması ilə nəticələnəcək” mesajını verməsi, ardınca regiona səfər edən Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda “Paşinyan hakimiyyətə gələrsə, bu, Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli addımlar atmağa imkan yaradacaq” açıqlamaları Vaşinqonun “həll variantı” üzərində işlədiyi ehtimalını gücləndirir. Rusiya-ABŞ qarşıdurması və bu qarşıdurmaya İran amilinin də daxil edilməsi tərəflərin regiona məhz Qarabağ münaqişəsi ətrafından daxil olmağa çalışdığını göstərir. Mümkündür ki, ABŞ və Fransa həmsədri İrəvanda hansısa planı müzakirə edib, ardınca bununla bağlı Xankəndinə gəliblər. Popov da Rusiyanın strategiyasına zidd olan planda yer almamaq üçün Azərbaycanın işğal edilmiş ərazilərinə gəlməkdən imtina edib.

Burada Moskvanın Bakıya da göndərdiyi “ərazi bütövlüyünü bütün şəraitdə dəstəkləyirik” mesaj sezilir./publika.az/