​İsrail parlamentindəki saxta “soyqırım” müzakirələri Bakını da TƏHDİD EDİR

Baxış sayı:
1918

Fazil Mustafa: “Gərək yəhudilər özləri bu addıma qarşı dirəniş göstərsinlər”; Hikmət Hacızadə: “Bakı bununla bağlı İsrail parlamentinə bir izahat məktubu yollamalıdır”

Qüds ətrafında yaranmış gərgin vəziyyətlə əlaqədar Türkiyə-İsrail münasibətləri yenidən kəskinləşib. 2010-cu ildə də Türkiyəyə məxsus “Mavi Marmara” gəmisi Qəzza bölgəsində humanitar yük apararkən İsrail hərbçilərinin hücumuna məruz qalmışdı və ondan sonra uzun müddət ərzində Ankara-Təl-Əviv münasibətlərində gərginlik yaşandı.
Bu dəfə də Fələstin xalqının maraqlarının tapdanmasına, çoxsaylı insan tələfatı ilə nəticələnən hadisələrə etiraz edən Türkiyə İsraillə əlaqələrinə yenidən baxmaqda qərarlıdır. Hadisələr baş verəndən sonra İsrailin Ankaradakı səfiri Eiatan Neah Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırıldı və ondan ölkəsinə geri dönmək tələb olundu. XİN-dəki mənbələrə görə, İsrail səfirinə Türkiyənin Təl-Əvivdəki səfirinin məsləhətləşmələr üçün Ankaraya çağırıldığı və onun da bir müddət sonra ölkəsinə dönməsinin uyğun olacağı bildirilib. “Haaretz” qəzeti də yazıb ki, səfir Eitan Naehdən Türkiyədən ayrılması istənilib.
Təl-Əviv də Ankaranın təpkilərinə biganə qalmayaraq, öz tərəfindən təsir rıçaqlarına əl atmağa başlayıb. Belə ki, İsrail parlamentinin deputatları Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda qondarma “erməni soyqırımı”nın tanınması məsələsini geniş müzakirəyə çıxarmağı qərara alıblar. Bu barədə Knessetin mətbuat xidməti məlumat verib. Bildirilir ki, əvvəlki illərdə irəli sürülərək qarşısı alınan təşəbbüslərdən fərqli olaraq, qərar bu dəfə hökumət tərəfindən etirazla qarşılanmayıb. “Erməni soyqırımı”nın tanınmaması İsrail dövlətinə mənəvi ləkədir. Xüsusən də əgər bu, siyasi konyukturanın xeyrinə baş verirsə", deyə təklifin müəllifi, sol təmayüllü “Mereç” partiyasının lideri Tamar Zandberq bildirib. Zaldakı 16 deputatın hər biri məsələnin Knessetin komissiyalarında deyil, parlamentin bütün tərkibi ilə müzakirə edilməsi üçün onun lehinə səs verib. Lakin debatın vaxtı hələlik təyin olunmayıb.
Bundan əvvəl də dəfələrlə İsraildəki erməni lobbisi qondarma soyqırım iddiasının parlamentə çıxarılması və qəbuluna cəhd etmişdi. Lakin hər dəfə bu cəhdlər iflasa uğramışdı. Elə bu ilin əvvəlində İsrail Knesseti qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsini qəbul etməmişdi. Knesset “Eş Atid” partiyasının sədri Yair Lapidin dəstəklədiyi qondarma “erməni soyqırımı”nı tanımaq barədə qanun layihəsini ilkin səsvermədə rədd etmişdi. Bundan sonra Ermənistan-İsrail dostluq qrupunun erməni nümayəndəliyinin İsrailə səfəri də uğursuz olmuşdu. Səfər çərçivəsində Knesset “erməni soyqırımı”nın tanınması barədə qanun layihəsini qəbul etməmişdi.
Ermənistan-İsrail dostluq qrupunun üzvlərinin bu gün baş tutan mətbuat konfransında Ermənistan hakim partiyasının millət vəkili Gagik Minasyan İsraildə anlayışla qarşılanmadıqlarından şikayət etmişdi. O zaman ermənilər də şikayətlənmişdi ki, İsrailin müdafiə naziri Aviqdor Liberman sözügedən problemin müzakirəsi zamanı tez-tez Azərbaycana meyllilik mövqe nümayiş etdirib. Yəni bildirib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağın erməni silahlıları tərəfindən işğal olunmasını tanımır. Ermənistan nümayəndəliyinin üzvləri İsrail silahının Azərbaycana satılması məsələsini də gündəmə gətirmişdilər. Lakin İsrail tərəfindən heç bir müsbət cavab ala bilməmişdilər. İndiki durum Türkiyə ilə yanaşı, Azərbaycana da problem yarada bilər. Çünki saxta “erməni soyqırımı”nın tanınması Azərbaycanın da maraqlarına ziddir.

Deputat Fazil Mustafa “Yeni Müsavat”a dedi ki, İsrail parlamentinin bu addımı arzuolunan deyil: “Bu, bütün hallarda dövlətlərarası münasibətlərə təsir göstərməsə də, Azərbaycan cəmmiyyətindən sərt reaksiyalarla qarşılaşacaq. Qardaş Türkiyə ilə İsrailin münasibətlərinin arzuolunan səviyyədə olmamasından bizlər də narahatıq. Ancaq buna ”erməni məsələsindən" istifadə edərək cavab vermək tarixi bir xata olardı və sağlam fikirli yəhudilər özləri gərək bu addıma qarşı dirəniş göstərsinlər". F.Mustafa digər məqamı da vurğuladı: “Həm də bu iddiaların yalan olmasını bilə-bilə belə bir dəstəkçi rolunda çıxış edilməsi sabah yəhudilərin özlərinin də "əzabkeşlik" tezislərinə şübhə ilə yanaşılmasına əsas verə bilər. Fikrimcə, Türkiyə ilə münasibətlərin yoluna qoyulması həm yəhudilərin, həm də dünya türklərinin faydasına olardı".

Politoloq Hikmət Hacızadə isə bildirdi ki, məsələnin parlamentə çıxarılması artıq mürəkkəb vəziyyət yaradır: “Bakı bununla bağlı İsrail parlamentinə bir izahat məktubu yollamalıdır. Türkiyə onsuz da İsraillə yola getmir. Bu gedişlə, əlbəttə, münasibətlər pisləşəcək. Amma Avropa Məhkəməsi ermənilərin "soyqırım" iddiasını rədd edib. Ona görə də hüquqi və ya maliyyə problemi qalxa bilməz. Yeri gəlmişkən, Azərbaycanın rəsmi qurumları İsrail parlamentinə məktub yazsa, bunu da xüsusi qeyd eləməlidir".