İraqın Baş naziri ölkədə 3 günlük matəm elan etdi

Baxış sayı:
1714

İraqın Baş naziri Adil Əbdül Mehdi ölkə ərazisində üçgünlük matəm elan edib.
Muxalifet.az "Report"a istinadla xəbər verir ki, matəm ABŞ hərbçilər tərəfindən endirilən hava zərbələri nəticəsində çoxsaylı insan tələfatı ilə bağlıdır.
Qeyd edək ki, ABŞ hərbçiləri diplomatlara hücuma qarşılıq olaraq İranın dəstəklədiyi "Haşdi Şabi" silahlı qruplaşmasına bağlı "Xətaib Hizbullah" təşkilatının İraqdakı üç mövqeyinə hava zərbəsi endirib. Nəticədə 28 nəfər ölüb, 48 nəfər yaralanıb.
Xatırladaq ki, İraqda "Haşdi Şabi" qruplaşması tərəfdarları bu gün ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirdilər.
Yerli KİV-lər bildirdi ki, etirazçılar səfirlik binasına daxil olmağa cəhd etdilər.
ABŞ-ın ötən gün Hizbullah-a qarşı həyata keçirdiyi əməliyyata etiraz edən "Haşdi Şabi" qruplaşması tərəfdarları səfirlik qarşısında çadırlar qurmağa başlamışdılar.
Yerli mətbuatın xəbərinə görə, amerikalı diplomatlar etirazçılar əraziyə daxil olmazdan öncə səfirlik binasını tərk ediblər.
Türkiyənin NTV telekanalı isə bu arada aksiyaçıların artıq səfirliyin binasına daxil olduqları barədə məlumat yaydı. Etirazçıların səfirlik binasında yanğın törətdikləri bildirildi.
Muxalifet.az