“İran dövləti süni “İran milləti” yaratmağa cəhd edir” - ZAHİR ƏLİSOY

Baxış sayı:
3979

İranın Təhsil Nazirliyi ikinci sinifin dərsliyinin üz qabığından Urmiya gölünün xəritəsini silib. Haqlı olaraq nazirliyin bu hərəkəti soydaşlarımızın ciddi etirazına səbəb olub. Soydaşlarımız hesab edirlər ki, bu, böhran içində olan və hazırda 95 faizi quruyan Urmiya gölünü unutdurmağa yönəlmiş bir addımdır. Çünki bundan əvvəl 5-ci sinif və daha yuxarı siniflərdə iki dərslikdə Urmiya gölü İran xəritəsindən silinib.

İran isə Urmiya gölünün qurumasını adi və təbii bir hadisə kimi qələmə verib, hətta onu unutdurmağa çalışdığı bir halda, bəzi ölkələr, o cümlədən Avstraliyada Urmiya gölünün quruması prosesi dərsliklərə salınıb. Dərslikdə Urmiya gölü böhranı insanın yanlışı və təbiətə müdaxiləsinin nəticəsi kimi göstərilir.

Duzluluq dərəcəsinə görə, dünyada üçüncü yeri tutan Urmuya gölü həm təbii amillər, yəni davamlı quraqlıqdan, həm də İran-fars rejimini yaratdığı süni amillər səbəbindən quruyur. Gölə axan çaylar üzərində nizamsız və fəsadları nəzərə alınmadan çoxlu sayda su anbarlarının inşası əsas amil hesab olunur. Bu üzdən də göl quruyaraq səviyyəsi azalır və yerində min tonlarla duzlaqlar meydana gəlir ki, bu hal davam edəcəyi halda bitki və heyvanlarla yanaşı insanların həyatına böyük təhlükə yarana bilər. Ekoloji fəlakət nəticəsində bölgə əhalisi ərazini tərk etmək məcburiyyəti ilə üz-üzədir. Gölün ətrafında yerləşən soda zavodu da bölgə sakinlәri üçün mühüm tәhlükә mәnbәyidir. Müəssisə әtraf mühiti zәhәrlәyir vә gölü çirklәndirir.

Məlumata görə, gölün suyu il ərzində 1,3 milyard m³ azalır. Yerli ekoloqlar həyacan təbili calaraq bildirirlər ki, əgər gölün qurumasının qabağı alınmasa, bu gedişlə 2020-ci ilə qədər göl tamamilə quruyacaqdır. Gölün yerində bataqlaşmış və ya şoranlıqlar meydana gələcəkdir. Urmiya şəhər rəhbərliyinin sözlərinə görə, əgər Urmu gölü tamamən quyuyarsa, onun yerində 10 milyard ton duz qalacaqdır. Bu isə bölgədə yaşayan 14 milyon insanın ərazini tərk etməsinə səbəb olacaqdır. Hətta duz və qum fırtınaları belə qaçılmazdır. Bu isə təqribən 500 km radiusda yaşayan 70-75 milyon əhalinin fəlakətlə üzləşməsinə səbəb ola bilər

İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırdığını bəyan etsə də, BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım ayırsa da, bu gün də Urmiya gölünün quruması təhlükəsi qalmaqdadır. Maraqlıdır ki, İran hökuməti 900 milyon dollar və BMT-nin İnkişaf Proqramı Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar ayırıbsa, niyə bu gün də yerli ekoloqlar Urmiya gölünün 2020-ci ilə qədər quruyacağı ilə bağlı həyacan təbili çalırlar? Şübhəsiz ki, İran-fars rejimi Azərbaycan türklərinin müqəddəs saydıqları Urmiya gölünün qurudulmasına etiraz etdikləri üçün bu yalan məlumatları yayıblar. Çox güman ki, İran hökuməti hətta BMT-nin İnkişaf Proqramının Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə ayırdığı 135 milyon dolların təyinatı üzrə xərclənməsinə də imkan verməyib.

Qeyd edək ki, İran fars rejiminin apardığı siyasətin nəticəsi olaraq bu gün Urmu gölünün suyunun duzluluğu 1 litrdə 300 qrama çatır. 1998-ci ildən quruyan gölün səviyyəsi 70% azalıb.

İran-fars rejimi Urmiya gölünü qurutduğu kimi, Azərbaycan türklərinin dilini də “qurutmağa” çalışır. Hansı ki, illərdir 40 milyonluq Azərbaycan türkünün ana dilində tədris almasına imkan vermir. Ehtiyat edir ki, bu, İranın parçalanmasına gətirib çıxarar. Halbuki, İran Konstitusiyası da buna imkan verir. İran-fars rejimi isə Azərbyacan türklərinin Konstitusion hüquqlarını tanmır.

Amma Azərbyacan türklərinin ziyalı kəsimi ana diində tədris tələb edirlər. Bu günlərdə Tehranın İran parlamentindəki millət vəkili Təyyubə Siyavuşi Şahinayəti də ölkədəki qeyri-fars millətlərə məxsus dillərin tədris olunmasını istəyib. Millət vəkili yerli dillərin tədrisi ilə bağlı İran Konstitusiyasının 15-ci maddəsinin icrasını tələb edib.

“Konstitusiyanın 15-ci maddəsi fars dili ilə yanaşı digər yerli dillərin məktəblərdə tədrisini təkid edir. Ona görə də geyimlə məşğul olmaqdansa, məktəblərdə yerli və ana dilinin tədrisi məsələsini həll etmək lazımdır”, - deyə o, bildirib.

T.Siyavuşi Şahinayəti vurğulayıb ki, məktəblərdə ana dilinin tədrisi prioritet məsələ olmalıdır.

Konstitusiyanın 15-ci maddəsi fars dili ilə yanaşı, digər yerli dillərin məktəblərdə tədrisinə imkan verdiyi halda İran-fars rejiminin Azərbaycan türklərinə ana dilində tədrisə imkan verməməsi 40 milyonluq Azərbyacan türklərində həmin rejimə qarşı nifrət oyadır ki, bu nifət də zaman keçdikcə, İranın parçalanmasına gətirib çıxardacaq. Bəlkə də İran-fars rejimi Azərbaycan türklərinə bu hüquqdan normal şəkildə yararlanmağa imkan versəydi, heç onlarda bu rejimə qarşı nifrət oyanmazdı, əksinə İranı dövlətləri kimi sevərdilər. Ona görə, nifrət olan yerdə mütləq parçalanma var ki, bu da İranın gələcəkdə üzləşəcəyi aqibətdir.

“Bu məsələdə kəskin mövqe qoymalıyıq”

İranın Təhsil Nazirliyinin ikinci sinifin dərsliyinin üz qabığından Urmiya gölünün xəritəsini silinməsi ilə bağlı Bütöv Azərbaycan Ocaqlarının (BAO) Başqanı Zahir Əlisoy “Hürriyyət”ə bildirdi ki, bu, İran-fars şovinist rejiminin Azərbaycan türklərinə yönəlmiş məkrli siyasətidir:“Hesablamalar görə, Urmu (Urmiya – red.) gölü quruyursa, təxminən 18 milyon insan o qumun tozundan həmin ərazilərdən köçməlidir. Yəni o zəhərli tozlar 18 milyon insanı əhatə edir. Bu isə Azərbaycan türklərinin tarixən yaşadığı ərazilərdən uzaqlaşdırılmasına və mövqelərinin itirilməsinə xidmət edən bir siyasətdir. “İran” adlanan ölkə davamlı olaraq Azərbaycan türklərinin həm Quzeydə, həm Güneydə bu məsələyə müqavimət göstərməsinə baxmayaraq, bu siyasətdən heç bir halda əl çəkmir. Bu məsələ ilə bağlı yalançı vədlər verirlər ki, pul ayrıldı. Hər prezident, parlment seçkisində söz verirlər və millətimizi aldadırlar. Zaman göstərir ki, İran bu məsələdə daha təhlükəli və qorxuludur. Ona görə də millətimiz kimliyindən asılı olmayaraq bu məsələdə kəskin mövqe ortaya qoymalı və soydaşlarımızın müdafiəsinə qalxmalı və bu problem beynəlxalq aləmdə ictimailəşdirilməlidir. Şəxsən biz bir təşkilat olaraq 6-cı gün keçirilən toplantıda bu məsələni qaldıracaq və bununla bağlı ayrıca bir toplantı keçirəcəyik”.

“Urmiya gölunun qurudulması İran hökumətinin soydaşlarımızı parçalamaq siyasətinin nəticəsidir” sualına Z.Əlisoy belə cavab verdi: “Bəli, konkret İran fars rejiminin türklərlə qarşı yönəlimiş məqsədyönlü siyasətinin nəticəsidir”.

“Azərbaycan türkləri haray çəkir ki, türk dlində mədrəsə olmalıdır”

Z.Əlisoy onu da vurğuladı ki, İran dövləti süni “İran milləti” yaratmağa cəhd edir və bununla da İran dövlətinin ömrünü uzatmağa çalışır: “Necə ki, Sovet dönəmində Sovet dövləti yaratmağa çalışırdılar, alınmadı və hər kəs öz dövlətini qurdu, eyni prosesi başqa ad altında fars şovinist rejimi həyata keçirməyə çalışır. Onlar hesab edirlər ki, əgər hər kəs öz haqqını alarsa və ana dilində danışarsa, bu, İranın bütövlüyünə son qoyacaq. Düşünmürlər ki, bu, onsuz da qarşısı alınmaz bir prosesdir. Çünki artıq Azərbaycan türkləri haray çəkir ki, türk dilində mədrəsə olmalıdır. Yəni artıq qatar gedib. İran can verən bir dövlətdir, başını itirib, heç özü də bilmir, neynir. Əslində, İran yönətimi bu təzyiqlər altnda başını itirməsəydi, Azərbaycan türklərinin əleyhinə işləyəcək bu kimi qızışdırıcı addımları atmazdılar”.

“50 milyonun problemlərinin həlli bu millətin ümumi enerjisinin istifadəsindən keçir”

“Bizdə, millət olaraq problem var. Bəzən Quzeyin probleminə bir, Güneyin problemlərinə isə bir ayrı baxırıq. Bu, çox yanlışdır. Biz 50 milyonuq. 50 milyonun da problemlərinin həlli bu millətin ümumi enerjisinin istifadəsindən keçir. Yəni millət olaraq Azərbaycan ərazilərinin Urmusunda, Təbrizində və yaxud Dərbəndində, Qarabağında problemlərin olmasından asılı olmayaraq hər kəs bu məsələlərə qarşı müqavimət göstərməlidir. O cümlədən də fars yönətiminin həyata keçirdyi siyasətə müqavimət göstərmək lazımdır. Mən millətimin bu məsələlərə müqavimət göstərməsinin yolunu səfərbər olmasında, milli təşkilatlarımızın yekdil mövqedən çıxış etməsində görürəm”,-deyə Əlisoy qeyd etdi.

Hurriyyet.org