​“Hökumət tənqid və etirazlara yer verməlidir”- RUHANİ

Baxış sayı:
3618

İran prezidenti Həsən Ruhani İranda hökumətin tənqid və etirazlara yer verməsinin lazım olduğunu deyib.
İran agentliklərinin bildirdiyinə görə, bazar günü axşamı hökumət toplantısında danışan Ruhani, "zorakılıq və ictimai yerlərə zərər vermək tənqid deyildir" deyib.
"Konstitusiyaya görə xalqın tənqid və etiraz etmək hüququ vardır. Hökumət hüquqi iradlara və etirazlara yer verməlidir. Amma tənqid və etirazların ölkənin və xalqın vəziyyətini yaxşılaşdırması üçün səy göstərməliyik.
Hökumət vandallık edən və ətraf mühitə zərər verən qruplara tolerantlıq göstərməyəcəkdir.
Bəzi problemlərimizi həll etmək vaxt alır və hökumət ilə xalq bu problemləri aşmaq üçün əl-ələ verməlidir".
İranda müşahidə edilən son etirazlar 2009-cu ildən bəri ölkədə baş vermiş ən irimiqyaslı kütləvi etiraz nümayişidir.
Nümayişlər ölkənin şimal-şərqində iqtisadi çətinliklərə və qiymətlərin bahalaşmasına qarşı etirazlardan başlayıb, lakin bir çox yerlərdə həmin çıxışlar siyasi rəng almağa başlayıb, etirazçılar siyasi şüarlar səsləndirib.
Şüarlar, o cümlədən, İranın ali rəhbəri ayətullah Əli Xameneyi, prezident Həsən Ruhani və İranın bölgədəki siyasətinə qarşı olub.
İki gün davam edən etirazlardan sonra hazırda, ölkədə Telegram və İnstagram sosial platformalarının fəaliyyəti "müvəqqəti" məhdudlaşdırılıb.