HƏMAS "Əsrin müqaviləsi"nə qarşı çıxdı - ÇAĞIRIŞ

Baxış sayı:
1662

Fələstin rəhbəri Mahmud Abbas və HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə arasında telefon danışığı olub.

Xarici KİV-lərin məlumatına görə, HƏMAS lideri Trampın “Əsrin müqaviləsi”nə qarşı çıxıb və bu planın Fələstin milli layihəsinin ləğv edilməsini hədəf seçdiyini bildirib.

Haniyə bütün fikir ayrılıqlarını bir kənara qoyub, Fələstin milli layihəsini ləğv etmək planına qarşı çıxmağa səsləyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib.

İki ölkə liderləri İsrail-Fələstin münaqişəsinə dair Sülh planı ilə bağlı bəyanat veriblər.

Tramp ABŞ tərəfindən Fələstin-İsrail münaqişəsini həllini nəzərdə tutan planın bir sıra detallarını açıqlayıb. O, İsrailin sülh yolunda böyük bir addım atdığını söyləyib: “ABŞ-ın yeni planı Fələstin ərazilərinin faktiki ikiqat artırılmasını nəzərdə tutur. Bu xəritəyə görə, Şərqi Qüdsdə Fələstin paytaxtı da yaradılacaq, burada ABŞ qürurla səfirliyini açacaq”.

Tramp Birləşmiş Ştatların Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı planı həyata keçirmək üçün digər ölkələrlə də işləməyə hazır olduğunu bildirib: “ABŞ bütün tərəflərlə işləməyə hazırdır. Bir çox ölkələr də bizimlə işləmək istəyir. Mən onların çoxu ilə danışmışam”.

Onu da qeyd edək ki, Tramp tərəfindən "Əsrin sövdələşməsi" olaraq xarakterizə edilən Yaxın Şərq Sülh planının müzakirəsi üç il müddətində gündəmdə olsa da müxtəlif səbəblər üzündən hər dəfə təxirə salınırdı./Virtualaz.org