​Fransa mediasında Azərbaycan futbolu ilə bağlı məqalə

Baxış sayı:
4272

Fransanın “footballski.fr” portalında “Azərbaycan SSR-də futbol: Anatoli Banişevski. Qaranlıq konturlu əfsanə” sərlövhəli məqalə dərc olunub.
Muxalifet.az xəbər verir ki, məqalədə Azərbaycanda idmanın bu növünün tarixi, inkişafı, eləcə də əfsanəvi futbolçu Anatoli Banişevskinin karyerası haqqında məlumat verilib. Xüsusilə 1965-ci il noyabrın 21-də Braziliya və SSRİ millilərinin görüşündə Banişevskinin yığma komandanın heyətində vurduğu qoldan bəhs olunub.
Yazıda Bakıda anadan olan Banişevskinin “Neftçi” klubuna daxil olmasından, qısa zamanda karyerasındakı yüksəlişdən söz açılıb, onun haqqında tanınmış futbolçuların fikirlərinə yer verilib.
Bildirilib ki, onun karyerasının pik nöqtəsi Azərbaycan futbolunun böyük uğur qazandığı 1966-cı ilə təsadüf edir. Məhz həmin il Bakının “Neftci” klubu SSRİ çempionatında uğurla çıxış edərək üçüncü yerdə qərarlaşmışdı. Bu uğurun qazanılmasında Banişevski ilə yanaşı Kazbek Tuayevin, Aleksandr Trofimovun və qapıçı Sergey Kramarenkonun da gözəl oyunu xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, 20 yaşlı futbolçu çempionatda 51 qarşılaşmada 19 qol vurub.
Banişevskinin yalnız Bakı klubunda oynamağa üstünlük verdiyinin, Azərbaycan paytaxtını heç vaxt tərk etmək istəmədiyinin vurğulandığı yazıda o dövrdə forma geyən futbolçuların onunla bağlı fikirlərinə istinad olunub.
Diqqətə çatdırılıb ki, Banişevski azərbaycanlıların yaddaşında ən yaxşı futbolçu kimi yaşayır.
Məqalədə 1991-ci ildə Azərbaycan futbolunun 80 illiyinə həsr edilmiş tədbirdə onun istedadlı futbolçu olduğunun xüsusi vurğulandığı diqqətə çatdırılıb.