Ermənistanın xarici borcları artır - işğal siyasəti İrəvana baha başa gəlir

Baxış sayı:
226

Kasıb ölkənin böyük müdafiə xərcləri onun boynundan ən ağır yük kimi asılı qalır, inqilab da çarə olmadı; Rusiyadan kredit asılılığı güclənir; Nikol Paşinyan isə ölkədə kassa çeklərinin artması ilə öyünür - “düt dülü” effekti...  

Ermənistanda “məxməri inqilab”dan bir ildən çox vaxt ötsə də ölkənin iqtisadi-maliyyə göstəricilərində müsbət işarəli ciddi heç bir dəyişiklik qeydə alınmayıb. Yeni baş nazir Nikol Paşinyanın dərin iqtisadi islahatlar barədə vədləri elə vəd olaraq qalır və getdikcə unudulmaqdadır. Onun “iqtisadi inqilab” vədini isə artıq ən nikbin erməni iqtisadçı belə qeyri-ciddi hesab edir. İnqilabdan məyus olan əhalinin artan narazılığı da öz yerində.

Acı gerçək belədir ki, Paşinyanın özünü qərbyönlü kimi təqdim edib Qərbin iri maliyyə mərkəzlərindən böyük sərmayələr qoparmaq, Ermənistana böyük investisiyalar cəlb eləmək cəhdləri də iflas olub. Qərbdən aydın şəkildə ona anladıblar ki, Ermənistan Rusiyanın orbitində qaldıqca İrəvan buna ümid eləməsin. Hətta Avropa və ABŞ-dakı zəngin ermənilər də müharibə vəziyyətində və Kremldən vassal asılılığında olan Ermənistana maliyyə yatırımı etməyə həvəsli deyillər.

*****

ermənistanın xarici borcu ile ilgili görsel sonucu

İnqilabdan ötən müddətdə isə Rusiyadan bütün sferalar üzrə asılılıq azalmaq əvəzinə artıb. Halbuki Nikol xalqa bunun tam əksini söz vermişdi. Səbəb sadə: Azərbaycan torpaqlarını işğalda saxlamaq üçün tələb olunan maliyyə, silahlanma yarışında Azərbaycanla ayaqlaşmaq zərurəti blokadada olan Ermənistana Moskva ilə anlaşmaqdan, ondan aşağı faizli kredit və ucuz təbii qaz diləməkdən savayı yol saxlamayıb. Rusiya isə silah kreditini, ucuz silah və təbii yanacağı elə-belə vermir.

Yeri gəlmişkən, Moskvanın vəd elədiyi 200 milyon dollarlıq üçüncü silah krediti ilə bağlı anlaşma hələ icraya tam yönəlməyib. Ermənistana satılan Rusiya qazının qiyməti ilə bağlı da aylardır danışıqlar getməsinə rəğmən, tərəflər arasında yekun anlaşma hələ ki yoxdur. Ötən həftə Sank-Peterburqda Rusiya lideri Vladimir Putinlə görüşdə N.Paşinyan bir daha qaz məsələsini gündəmə gətirsə də, nəticə olmamışdı. Paşinyan İrəvana yenə “əli ətəyindən uzun” qayıtmışdı.

ermənistanın xarici borcu ile ilgili görsel sonucu

Erməni baş nazir həmçinin görüş zamanı Rusiyadan yeni silahlar istədiyini bildirmişdi. Ancaq rus demiş, “arzulamaq  ziyanlı iş deyil”. Gərək aldığın müasir silahların pulunu ödəmək iqtidarında da olasan. Ya da daha böyük kredit boyunduruğuna girəsən - nəyi ki, sələfləri kimi, Paşinyan hökuməti etməyə hazır görünür. Axı işğal rejimini davam etdirmək pul, silah-sursat tələb edir, hərbçilərin əmək haqqı məsələsi var.

Beləcə, kasıb ölkənin müdafiə (işğal) xərcləri onun boynundan ən ağır yük kimi asılı qalır. Bu isə bilavasitə xarici borcların artmasına rəvac verir.                     

*****

“Ermənistanın dövlət borcu 2019-cu ildə də artacaq”. Bu məlumatı “Sputnik Ermənistan” yayıb (Axar.az). Sayt 2019-cu ildə İrəvanın 490 milyon dollar xarici kredit götürəcəyini bildirib. Bu kreditlərin təxminən 40%-i Rusiyanın payına düşəcək. Götürülən kreditin böyük hissəsi Metsamor AES-in kapital təmirinə xərclənəcək. Digər vəsait isə Moskvanın verdiyi üçüncü hərbi kreditdir.

ermənistanın xarici borcu ile ilgili görsel sonucu

Rusiya ilə bərabər Dünya Bankı, Asiya Bankı, Avropa İnvestisiya Bankı, Almaniyanın KfW bankı, Fransa İnkişaf Agentliyinin də İrəvana kredit verəcəyi, bu kreditlərin böyük hissəsinin müxtəlif layihələrin hazırlanmasına xərclənəcəyi bildirilir.

Eks-baş nazir Karen Karapetyanın dövründə kreditlərin yalnız layihələr üçün ayrılmasını nəzərdə tutan qərar qəbul edilsə də, İrəvan bu il də qəbul etdiyi qanuna əməl etməyəcək. Belə ki, bu il də İrəvan ümumi büdcənin dəstəklənməsi üçün kreditlər almağa davam edəcək. Ermənistanın cari ildə alacağı kreditlərin hamısı heç də yeni kreditlər olmayacaq. Belə ki, onların böyük hissəsini davam edən mövcud kredit proqramları təşkil edəcək. Yeni kreditlər isə büdcənin dəstəklənməsi üçün götürülən borclar olacaq. Belə ki, 150 milyon dollar büdcənin dəstəklənməsi üçün götürüləcək. Götürəcəyi 490 milyon dollarlıq krediti isə İrəvan 740 milyon dollar olaraq geri qaytarmalıdır.

“Yeni Müsavat” xatırladır ki, 2018-ci ilin nəticələrinə görə, İrəvanın dövlət borcu 6,923 milyard dollardır. Bu, İrəvan üçün indiyə qədər qeydə alınan ən böyük borc göstəricisidir.

*****

Diqqətçəkəndir ki, bu fonda baş nazir Nikol Paşinyan narazı və məyus kütlənin başını qatmaq, ictimai fikri əsas problemlərdən yayındırmaq üçün ən müxtəlif təbliğati-psixoloji fəndlərə əl atır. Məsələn, Paşinyan özünün facebook-dakı son statuslarından birində ölkədə kassa çeklərinin artmasını sanki böyük iqtisadi uğur (islahat) kimi təqdim eləməyə çalışıb.

Sitat: “2019-cu ilin mayında Ermənistanda kassa-nəzarət aparatları tərəfindən 13 milyon 182 min 667 kassa çeki vurulub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə çoxdur. Bu, o deməkdir ki, biz təkcə inqilaba qədərki yox, inqilabdan sonrakı göstəriciləri də yaxşılaşdırmışıq”.

Buna deyərlər, “düt-dülü” ilə özünə təsəlli vermək.../musavat