Ermənistan Rusiyadan qırıcılar alacaq - Azərbaycanın qərarı nə olacaq?

Baxış sayı:
9391

Rusiya Ermənistanı bəsləməkdə davam edir. 2020-ci ildə Kreml İrəvana 4 SU-30SM qırıcı təyyarəsi satacaq. Texnikanın ixrac qiymətindən xeyli ucuz, Rusiya ordusu üçün nəzərdə tutulan qiymətdə olacağı bildirilir. On illərdən bəri ilk dəfə Ermənistan Hərbi Hava Qüvvələri işlənmiş deyil, yeni aviatexnika alacaq.

Ermənistana satılacaq bu silahlarla bağlı müxtəlif fikirlər səslənir. Rəsmi İrəvanın bu texnikanı almağa gücünün yetmədiyi hər kəsə məlumdur. Bu baxımdan üzdə silah alış-satışı kimi görünsə də, Rusiyanın bu təyyarələri Ermənistana peşkəş edə biləcəyi yönündə müxtəlif fikirlər səslənir.

Kremlin Ermənistanda baş nazir Nikol Paşinyan iqtidarının vəzifəsinin icrasına başlayandan sonra Qərbə doğru meyillənməsinin qarşısını almaq üçün bu addımı atdığı ehtimal edilir. Hərbi ekspertlər 4 qırıcı təyyarənin qarşılığında rəsmi Moskvanın Ermənistan qarşısına şərtlər qoyacağını istisna etmirlər.

Bütün bunların fonunda Azərbaycanın nə etməli olduğu barədə də suallar yaranıb. Rəsmi Bakının balansı qorumaq üçün Rusiyadan silah almasının vacibliyi vurğulanır. Eyni zamanda, İsrailə də üz çevirməsindən söz açılır.

Yaşar Aydəmirov ile ilgili görsel sonucu

Yaşar Aydəmirov: “Paşinyanı ələ almaq üçün 1-2 silah hədiyyə edilə bilər”

General-leytenant Yaşar Aydəmirov “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Ermənistanın elə bir qırıcı təyyarələr almağa imkanı varmı? O təyyarənin birinin qiyməti 15 milyondan az deyil. Elə 10 dənə alsa, bu 150 milyon edir. Bu pul onlarda varmı? Digər tərəfdən Azərbaycanın nəinki Rusiya ilə, başqa dövlətlərlə də uzunmüddətli müqavilələri var. O müqavilələrin icra müddətləri var. Əgər üç il bundan qabaq hər hansı bir dövlətlə müqavilə imzalanıbsa, bunun müddəti var. Bir faktı da deyim ki, ermənilər o qədər silah alsalar belə, Azərbaycanla tarazlıq məsələsi olmayacaq. Çünki ermənilərin buna gücü çatmaz. Silahlar almaq üçün güclü iqtisadiyyat, valyuta ehtiyatları lazımdır ki, o silahları ala bilsin. Yəni bunlar boş şeylərdir, ermənilərin növbəti təbliğat xarakterli şoularıdır. Belə şoulara fikir vermək də lazım deyil. Azərbaycan ilk növbədə, hazırda silah almasa belə, əlindəki silahlar kifayət qədər güclüdür. Amma unutmaq olmaz ki, Azərbaycan silah alışını heç zaman dayandırmayıb. Bu barədə heç düşünmür də. Çünki yeni modelli silahlar icad olunur, ordunu yüksək səviyyədə saxlamaq üçün silah alışı davam etməlidir. Düşünürəm ki, Paşinyanı ələ almaq üçün Rusiya Ermənistana 1-2 silah hədiyyə edə bilər, şərtlərlə də bunu etməsi mümkündür. İstənilən halda bu, Azərbaycanla balansa heç bir təsir etməyəcək. Paşinyan öz ordusunda qayda-qanunu bərpa etsin, sonra danışsın”.

Şair Ramaldanov ile ilgili görsel sonucu

Şair Ramaldanov: “Qarabağda onların tətbiqi mümkün olmayacaq”

Digər hərbi ekspert Şair Ramaldanov hesab edir ki, bu qırıcı təyyarələr Ermənistana heç bir üstünlük verməyəcək: “İlk növbədə, o təyyarələrin üstünlüyünü nəzərə alsaq, o, geniş hava məkanında istifadə olunacaq təyyarələrdir. Əgər biz Qarabağ bölgəsini götürsək, demək olar, onlar bir göz qırpımında həmin hava məkanından çıxırlar. O təyyarələrin alınıb-alınmayacağı barədə çox suallar var. Çünki burada bir neçə amil ortaya çıxır. Ermənistanın iqtisadi vəziyyəti hər kəsə bəllidir. Onların bu gün imkanları yoxdur ki, o təyyarələri alsınlar. Digər tərəfdən, o təyyarələri idarə edən pilot heyəti ilə Ermənistan ordusu təmin olunmayıb. Onlar hələ ki öyrənməlidirlər. Bunlar təkcə mənim fikirlərim deyil, analitiklər də belə deyirlər. Fərz edək ki, Rusiya bu təyyarələri hədiyyə edəcək, Ermənistan da əldə edəcək. Amma yenə də Azərbaycan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri bu gün hər hansı bir uçuş aparatlarının qarşısını almağa və uçuş aparatından müdafiə etməyə imkan verir. Bilirsiniz ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş komandanı, cənab prezident İlham Əliyev Belarusda olanda orada memorandum imzalandı. Bu memorandum nəticəsində Azərbaycanın yeni nəsil hava hücumundan müdafiə sistemlərinin alınması və köhnə radarların yeni nəsil radarlarla yenilənməsi, müasirləşdirilməsi istiqamətində Belarus mütəxəssisləri ilə müqavilə imzalanıb. Onlar burada o işləri aparırlar. Bu gün Azərbaycanın hava məkanı hava hücumundan müdafiə cəhətdən tam təminatlıdır. Ona görə də Ermənistan hansı uçuş aparatlarından silahlansa da, onlar öz məqsədlərini, tapşırıqlarını yerinə yetirə bilməyəcəklər. Bir daha qeyd edim ki, bu 4 təyyarə Ermənistana heç nə verə bilməyəcək. Çünki ərazi baxımından Qarabağda onların tətbiqi mümkün olmayacaq. Ona görə ki, oranın hava məkanı çox məhduddur. Azərbaycan isə hava hücumundan müdafiə sistemlərini elə qurub ki, hər hansı bir hava məkanından zərbənin qarşısını ala bilər”./“Yeni Müsavat”