“DEYİRLƏR Kİ, BÜTÜN SƏNƏDLƏR HAZIRDIR, SADƏCƏ...” – Azərbaycanda parlament seçkiləri gözləntisi

Baxış sayı:
4579

Taliyət Əliyev:“Azərbaycan cəmiyyəti üçün Azərbaycan parlamentinin əhəmiyyəti yoxdur”
İqbal Ağazadə: “Yenə əvvəlki seçki keçiriləcəksə, heç onu keçirməyə ehtiyac yoxdur”
Əli Əliyev: “Müstəqillik tarixmizdə indiki qədər qeyri-peşəkar parlament olmayıb”
Gülağa Aslanlı: “Növbədənkənar parlament seçkiləri ola bilər”

2016-cı il 26 sentyabr tarixində keçirilmiş sonuncu referendumla Konsitusiyaya dəyişiklik ediləndən sonra Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün ciddi əsaslar olduğu və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimalları daima səsləndirilib. Çünki Konstitusiyaya edilən son dəyişikliyə əsasən, ölkə başçısına növbədənkənar seçki təyin etmək səlahiyyəti  verilib. O baxımdan, hətta parlament seçkilərinin bu ilin oktyabr ayında keçiriləcəyi də iddia olunub.
Əslində, qanunverici orqan kimi parlamentin üzərinə vacib missiya düşür. Amma indiki parlamentin tərkibində elə millət vəkilləri var ki, nəinki missiyasını yerinə yetirir, xalqın problemlərini dilə gətirir, hətta hansısa qanunun müzakirəsində belə iştirak etmir, ancaq yetərsay üçün səs verir. O baxımdan, xalqın problemlərini dilə gətirməyən və hansısa qanunun müzakirəsində xalqı nəzərə almadan səs verən deputatların da parlamentdə əyləşməsi heç bir əhəmiyyət daşımır. Ona görə də parlementdə işi ancaq səs vermək olan deputatların yenilənməsinə və demokratik əsaslarla formalaşdırılan parlamentə ehtiyac var.
Eyni zamanda nəzərə alsaq ki, prezident seçkiləri 2025-ci ildə keçiriləcək, parlament seçkiləri isə 2020-ci ilə təsadüf edir, yəni növbədənkənar parlament seçkisi bu il keçirilməsə, bu halda 2025-ci ildə ölkədə həm prezident, həm də parlament seçkiləri keçirilməli olacaq. Bir ildə iki seçkinin keçirilməsi isə hakimiyyətə çətinlik yarada bilər. Hətta hazırda Milli Məclisdə 7 deputat yerinin boş  olması da növbədənkənar seçkilərin keçiriləcəyinə imkan verir. Amma növbədənkənar parlament seçkiləri bu il keçirilməsə də, 2019-cu ildə keçirilməsi istisna deyil. Çünki 2025-ci ildə prezident və parlament seçkilərinin toqquşması hakimiyyətə sərf etməyə bilər.

“Ola bilər ki, parlament seçkiləri baş tutsun”

Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimalları ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev “Hürriyyət”ə deyib ki, iki ilə yaxındır belə bir söhbət gəzir: “Keçən illər də deyirdilər ki, ölkədə parlament seçkiləri keçiriləcək. Müxtəlif vaxtlarda parlament seçkilərinin keçiriləcəyi ilə bağlı fikirlər səsləndi. Düzdür, bu hakimiyyətin atdığı addımların heç birini məntiqlə izah etmək mümkün deyil. Bu baxımdan, belə bir addımın atılması gözləniləndir. Ola bilər ki, belə bir parlament seçkiləri baş tutsun. Hətta son zamanlar deyirlər ki, bunun bütün sənədləri də hazırdı. Sadəcə, parlament seçkilərinin elan olunması qalıb. Bu baxımdan, gözləmək olar ki, belə bir addım atılsın”.

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi hakimiyyət üçün önəm daşıyan hadisədir

T.Əliyev vurğuladı ki, Azərbaycan cəmiyyəti üçün Azərbaycan parlamentinin xüsusi bir əhəmiyyəti yoxdur: “Yəni parlament seçkiləri indi yaxud 1-2 ildən sonra keçirilsin. Əslində, növbəti parlament seçkiləri 2020-ci ildə keçirilməlidir. Amma bu vaxta qədər 2 il zaman var. Ona görə də bunun nə vaxt keçirilməyinin Azərbaycan cəmiyyəti üçün elə bir prinsipial bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq hakimiyyət daxilində qruplaşmaların maraqlarından və yaxud bu maraqların hansısa bir nöqtədə ziddiyyət təşkil etməsindən doğan bir hadisədir. Bu baxımdan, növbədənkənar parlament seçkilərinin keçirilməsi hakimiyyət üçün önəm daşıyan hadisədir. Yəni hakimiyyət üçün önəmli bir hadisədirsə, onu həyata keçirəcək. Ola bilsin ki, 2 aydan sonra, ola bilər də sabah elan edə bilər. Yəni bu, baxır hakimiyyət üçün nə qədər xüsusi bir əhəmiyyət daşıyr. Söhbət bundan gedir. Qeyd etdiyim kimi, bunun Azərbaycan cəmiyyəti üçün prinsipial əhəmiyyəti yoxdur. Baxmayaraq ki, Azərbaycan parlamentinin özü mühüm bir qanunverici orqandır, lakin bu cəmiyyətin həyatında xüsusi bir əhəmiyyət daşımır. Parlament faktiki olaraq Prezident Aparatının bir əlavəsinə çevrilib. Oradan gələn bütün tapşırıqları qeyd-şərtsiz həyata keçirir. Əgər doğurdan da bu gün parlament buraxılsa, həmin parlamentdə seçkilərin normal şəkildə keçirilməsi ilə bağlı bir təşəbbüs, siyasi iradə ortada olsa, bu, Azərbaycan cəmiyyəti üçün də pozitiv nəticələrə gətirib çıxara bilər. Bunun əhəmiyyəti ola bilər ki, orada xalqın iradəsi ilə təmsil olunan deputatlar olsun, onlar da xalqın maraqlarına xidmət etmiş olsun. Yox, əgər planlaşdırlan parlament seçkiləri də bu vaxta qədər keçirilən seçkilər kimi formal xarakter daşıyacaqsa, yenə yuxarıların diktəsi ilə orada hər şey həll oluncaqsa, bunun Azərbaycan cəmiyyəti üçün heç bir pozitiv nəticəsi olmayacaq. Amma doğurdan ortada siyasi iradə olarsa və növbədənkənar parlament seçkiləri keçirilərsə, bu arzulanandır ki, azad və ədalətli seçkilər keçirilsin və az da olsa orada bütün siyasi qüvvələr təmsil olsunsun. Bu, Azərbaycan cəmiyyəti üçün çox böyük əhəmiyyət daşıyan hadisə olar”.
Hər şey siyasi iradədən asılıdır. Bilirsiniz ki, faktiki mövcud seçki qanunvericiliyi nə qədər mürtəce olsa da, ən azı bir qanuni seçki keçirmək olar(Çünki Məcəllədən demokratik elementlər çıxdaş edilib). Yəni bir var qanuni, bir də demokratik seçki var. Yəni Seçki Məcəlləsinə uyğun şəkildə seçki keçirilsə, mən hesab edirəm ki, bu Seçki Məcəlləsi ilə də normal bir parlamnet formalaşdırmaq olar. Amma burada söhbət siyasi iradədən gedir. Yəni ortada siyasi olmuş olsa, əlbəttə ki, ölkədə normal seçkilər keçirmək mümkündür. Yox siyasi iradə ortada olmayacaqsa, yenə də bu vaxta qədər keçirilən seçkilər kimi formal xarakter daşıyacaq və orada təmsil olunanlar da Azərbaycan xalqının iradəsini ifadə etməyəcək.
“Növbədənkənar parlamnet seçkiləri gözlənilirmi” sualına Ümid Partiyasının sədri İqbal Ağazadə belə cavab verdi: “Bu, mənə aid olan sual deyil. hakimiyyət nümayəndələrinin, prezidentin səlahiyytində olan məsələdir. Ona görə də mən bu nə şərh verə bilərəm, nə də öncəgörməlik edə bilərəm”.
“Seçki demokratik keçiriləcəksə, hər zaman zərurət var. Yox, yenə əvvəlki seçki keçiriləcəksə, heç onu keçirməyə ehtiyac yoxdur”,-deyə partiya sədri vurğuladı.
“Növbədənkənar parlament seçkiləri keçiriləcəyi təqdirdə parlamentin demokratik əsaslarla formalaşacağını güman edirsinizmi” sualını isə İ. Ağazadə belə cavablandırdı: “Bu gün bu suala cavab vermək çətindir”.

“Hakimiyyətin daxilində qabıq dəyişmə prosesi gedir”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə bildirdi ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi mümkündür: “Ona görə ki, hakimiyyətin daxilində bir yenilənmə, qabıq dəyişmə prosesi gedir. Hakimiyyət çalışır ki, köhnə komandadan xilas olsun və öz ömrünü uzada bilsin. Çünki bu dəyişikliklər hökumətdə, məmur korpusunda, biznes elitada, icra hakimiyyətlərinin başçıları sırasında da həyata keçirilir. Bu dəyişikliklərin əsas vəsiləsi parlament tərkibidir. Parlament tərkibinin mütləq əksəriyyəti hal-hazırda vəzifədə olmayan nazirlərə, uzaqlaşdırılması ehtimal olunan yüksək çinli məmurlara bağlı heyətdir. Ona görə də belə dəyişiklərin fonunda parlamenti saxlamaq məntiqli görünmür. Mən hesab edirəm ki, nəzəri baxımdan növbədənkənar parlament seçkilərinin keçirilməsi mümkün görünür. Ancaq burada bir amil mane ola bilər. O amil də hakimiyyətin diqqətindədir. Həm beynəlxalq şərait, həm də ölkə daxili vəziyyət kifayət qədər dayanıqsızdır. Seçkilərin keçirilməsini siyasi baxımdan riskli edir. Bircə bu risk ehtimalı növbədənkənar seçkilərin qarşısını ala bilər. Amma mən hesab edirəm ki, seçkilər ola bilər, ehtimal yüksəkdir”.

“Siyasətçilərin sayına görə ən az saylı parlament tərkibidir”

Ə. Əliyev hesab edir ki. növbədənkənar parlament seçkilərinin keçirilməsinə zərurət var: “Çünki indiki qədər qeyri-peşəkar parlament müstəqillik tarixmizdə olmayıb. Demək olar ki, siyasətçilərin sayına görə ən az saylı parlament tərkibidir”.

“Qismən normal seçkilərin keçirilməsi üçün təşəbbüs ola bilər”

“Mən inanmıram ki, bu hakimiyyət tam demokratik seçki keçirə bilər. Ancaq qismən normal seçkilərin keçirilməsi üçün təşəbbüs ola bilər. Hakimiyyətin iradəsindən asılı məsələdir”,-deyə VİP sədri əlavə etdi.
Müsavat Partiyasının divan üzvü Gülağa Aslanlı isə dedi ki, bu barədə Musavat partiyası 2016-cı ildə keçirilən referendumdan sonra bildirib ki, bu referendumun keçirilməsi növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi üçün bir vasitədir: “ Ona görə də növbədənkənar parlament seçkiləri ola bilər, gözlənilir. Amma onun Azərbaycan xalqına nə cür xeyir verəcəyi hələ gələcəyin işidir”
 “Azərbaycan hakimyyəti zəruri olan şeyləri yox, özləri istədiyi şeyləri həyata keçirə bilər”,-deyə G. Aslanlı qeyd etdi.
 G. Aslanlı onu da vurğuladı ki, indiki Secki Məcəlləsi ilə indiki hakimiyyətin Azərbaycanda azad, ədalətli, demokratik seçki keçirməsi xülyadır.

Hurriyyet.org