​“Bütün gücümüzü sabaha yönəltmişik” – Yoahim Löv

“İndiyəqədərki oyuna əsasən özümüzdən razı ola bilərik. Şimali İrlandiya ilə görüşün ilk dəqiqələrindən gücümüzü göstərdik, erkən qol vurduq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.
Bundestim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində son matçını Azərbaycan millisinə qarşı keçirəcək. Matçdan öncə mətbuat konfransı keçirən Löv bunları deyib: “Bütün gücümüzü sabaha yönəltmişik. Qrupdakı 10-cu matçda da qələbə qazanmaq istəyirik. Sabah kimin oynayacağını dəqiq deyə bilmərəm. Amma qapıda Ter-Ştegen dayanacaq. Həmçinin Leroy Sane də start heyətində yer alacaq. Dünən komandaya bir az sərbəstlik verdim. Kimlərin sabah oynayacağına axşam qərar verəcəm. Əlbəttə ki, artıq Rusiyadakı dünya çempionatı barədə də düşünürük. Orda olmuşam, harda qalaq məsələsi ilə maraqlanmışam. Amma püşkatmadan da çox şey asılıdı. Dünya çempionatı üçün yeni strategiyaya ehtiyacımız var. Dünyanın ən güclü komandalarından biriyik. Futbolçular  arasındakı birlik cari seçmə mərhələdəki nəticələrdə öz sözünü dedi. Yəqin ki, Rusiyadakı mundial ən çətin turnirimiz olacaq. Hamı deyir ki, Almaniya qalib olmalıdı. Amma biz indidən bu barədə nəsə deyə bilmərik. Ümid edirəm ki, həmin yarışa qədər heç kim zədələnməsin, cəzalanmasın. Bütün futbolçular bu ərəfələrdə formada olmağa çalışmalıdılar. Bəzi mövqelər tam istədiyimiz kimi deyil. Onları düzəltməyə çalışacağıq. Azərbaycan autsayder komanda deyil. Onları dünya çempionatındakı komandalarla müqayisə etmək doğru deyil. Bu seçmə mərhələ bitdikdən sonra bizim əsl işimiz başlayacaq”.