"BU, SON ŞANSDIR..." - Gürcüstan Prezidenti hakimiyyətə çağırış etdi

Baxış sayı:
12800

“Hakimiyyəti “xarici agentlər haqqında” qanun layihəsinin qəbuluna etiraz edənlərə qarşı güc tətbiq etməkdən çəkinməyə çağırıram”.
Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib.
“Bu, onların qeyri-rəsmi rusiyayönlü qüvvə olmadıqlarını nümayiş etdirmək üçün son şansdır. Bu, onların Avropayönlü olmağın boş sözlər deyil, məqsədləri olduğunu göstərmək üçün son şansdır. Hər cür güc tətbiq etməkdən çəkinsinlər, mənim onlara buradan müraciətim budur”-deyə, o bildirib.
Qeyd edək ki, son bir neçə gündür “xarici agentlər haqqında” qanunun qəbulu ilə bağlı Gürcüstanın paytaxtı Tbilisi şəhərində etiraz aksiyası keçirilir. Etirazçılar qanunun ləğvini istəyirlər.
Qanuna əsasən qeyri-kommersiya hüquqi şəxsləri və kütləvi informasiya vasitələri gəlirlərinin 20%-dən çoxu xaricdən gəlirsə, xarici agent statusu alacaqlar. Belə təşkilatlardan xarici agent kimi qeydiyyatdan keçmələri tələb olunacaq və imtina edildikdə onlar cərimələnəcəklər. Onlardan hər il öz xərcləri barədə hesabat tələb olunacaq.