Borçalıda din pərdəsi altında fars siyasəti - İRAN GÜRCÜSTANI HƏR TƏRƏFDƏN "CAYNAĞINA KEÇİRİR"

Baxış sayı:
889

Bu gün gürcü demokratiyasının imkanlarından yararlanan bütün toplumlar ölkənin sosial, iqtisadi, mədəni və siyasi proseslərində olduqca aktiv şəkildə yararlanırlar. Təkcə bizim soydaşlarımızdan savayı. Avar, acar, erməni, assur, amşen (xemşil, müsəlman ermənilər), babi, bejtı, boşa, yəhudi, hunzib, quriya, cavaxi, kaxet, kistin (çeçen), klarci, kürd, zinobani, meqrel, oset, ponti, svan, udi, şavşi, rus və ukrain toplumları istədikləri səviyyədə öz ulusal hüquqları çərçivəsində gərəkən addımları atırlar. Öz hüququndan  yararlanmayan isə Ahısqa və Azərbaycan Türkləridirlər. Bütün bunlarda gürcü dövlətini və xalqını suçlamaq, hər hansı bəhanələr bulmaq tamamilə yalnış baxışdır. Ona görə ki, bizlər öz işimizlə məşğul olmuruq. İran mollakratiya rejiminin uzantılarına hesablanmış çamur dolusu mövhumat siyasətinin girdabında isə atılan hər addımda daha fəallıq müşahidə edilir.

Milli strukturlaşma düzəni

Gürcüstanda soydaşlarımız əsasən Tiflis, Marneuli (Sarvan), Bolnisi (Bolus), Qardabani (Qarayazı), Dmanisi (Başkeçid), Salka (Barmaqsız), Tetritskaro (Ağbulaq), Saqareco (Qaraçöp), Kaspi (Xəzəryurdu), Kareli (Qara El), Telavi, (Telav), Qori (Səfiabad), Aqara,   Laqodexi (Qaval), Siqnaxi (Sığnaq), Kutaisi, Rustavi, Batum və Xaşuri (Bəytaxtı) kimi şəhərlərdə yaşayırlar. Toplam 500 min nəfər sayı olan soydaşlarımız demək olar ki, pərən-pərəndirlər. “Acarıstan Gürcü-Azərbaycan Xeyriyyə Cəmiyyəti” (Batumi), “Azərbaycan Mədəniyyətinin İnkişafı Mərkəzi” (Tiflis), "Sarvan" Folklor Rəqs Qrupu (Tiflis), “Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan Təmsilçiliyi" (Tiflis), "Birlik" Cəmiyyəti (Tiflis), “Azərbaycanlıların Tiflis Mədəniyyət Mərkəzi” (Marneuli), "Dayaq" Assosiasiyası (Marneuli), “Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyası” (Tiflis), “Qarapapaq Cəmiyyəti” (Marneuli), “Gürcüstan Azərbaycanlı Gənclərinin İttifaqı” (Marneuli), “Qeyrət” Cəmiyyəti (Marneuli), “Azərbaycan Milli Konqresi” (Tiflis) və digər onlarca sayda milli təşkilatlarımızın adlarını sadəcə kağız üzərində oxumaq mümkündür. Araşdırmalarımza görə, soydaşlarımıza məxsus 150-dən çox ictimai qurumlar mövcuddur. Ancaq, bunların heç biri davamlı fəaliyyət göstərmirlər.
Bir millət o zaman öz haqqına sahib çıxır ki, onun vətəndaş cəmiyyəti qurumları daim toplumla uzlaşdırılmış düşüncə üzərində öz işini nizamlayır. Bu gün Borçalı adına nələr varsa, faktiki olaraq, İran adlı ölkənin mollakratiya siyasətinin içində yer alıb. Bunu isbat etmək üçün yüzlərlə dəlillər var. “Əhli Beyt Cəmiyyəti”, “İslam Tələbə Gəncləri Birliyi”, “Həzrət Əli Aşiqləri Cəmiyyəti”, “Zeynəbiyyə”, “Xanım Fatimə Cəmiyyəti”, “İmam Hüseyn Aşiqləri Cəmiyyəti”, “Hüseyniyyə Cəmiyyəti”, “Nərgiz” Qadınlar Cəmiyyəti, “Əlimustafa” Dini Təhsil Mərkəzi, “Haqq yolu” və digər onlarca sayda ictimai qurumlar demək olar ki, Borçalını İran mollakratiya rejiminin bölgəsinə çevirib. Bütün bunlar azmış kimi, “Əhli Beyt”, “Nümunəvi Ailə”, “Müctəba”, “İman”, “Haqq yolu”, “Kəlam”, “Nizami”, “Hezbollah” və s. dərgiləri maliyyələşdirməklə, ana dilli mətbu orqanlarımızı tamamilə sıxışdırıbdır. Beləcə Borçalı məsələsində yerli əhali özlüyünü, Gürcüstan və Azərbaycan tərəfi çox şeyləri itirmək sindromu ilə üz-üzə qalıblar. Durumun bu axarda olması Azərbaycan Türkləri üçün “2-ci Ermənistan bataqlığı” aqibətini ortaya qoyacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyinin, 1993-cü ildən üzü bu yana Azərbaycan təhsil nazirliyi və müvafiq dövlət qurumlarının Borçalı siyasətini düzgün qura bilmədiyi üçün indi belə acınacaqlı durumun yaranmasına səbəb olublar. Vətəndaş cəmiyyətləri isə, ac timsahlar kimi “qrant ovu” haqqında düşünüblər. Beləliklə milli strukturlaşma düzənimiz Borçalıda yox kimidir.

Mollakratların Borçalı yürüşü

1991-ci ildə İran adlı ölkənin dış işlər naziri olmuş və indi saxtakarcasına özünü “Dünya Müsəlmanlarının Dini Lideri” (Vilayəti Fəqih) elan etmiş ayətulla Seyidəli Xameneyinin Qafqaz üzrə baş müşaviri Əliəkbər Vilayəti 1992-ci ildə Tehranda çap olunan “Risalət” adlı dərgidə (sentyabr sayı) açıq şəkildə belə yazırdı: “Biz Qafqazda Azərbaycan Türklərininin həyat düzənini ya İran İslam Modeli çərçivəsinə, ya da narkomaniya bataqlığına doğru sürükləməliyik”. Əslində bu ideya yeni deyil. Tarixdə ilk dəfə ifrat fars şovinizmi ideyasını Həsən Sabbah adlı axmağın birisi XII yüzildə “İsmailiyyə” təriqəti adı altında “Ələmut Şeyxliyi” hərəkatını bu prinsiplə qurub. Elə o dönəmdən başlayaraq türkün qafasını yuma siyasəti din pərdəsi altında bu günə kimi davam etdirilməkdədir.
1991-ci ildə prezident seçilmiş Zviad Qamsaxurdiyanın avantürasına uyğun bir şüar var idi: “Gürcüstan gürcülər üçündür, digər toplumlar bu torpaqları tərk etməlidirlər”. 1993-2002-ci illərdə “qoca tülkü” ayaması ilə tanınan Eduard Şevardnadzenin yönətdiyi “korrupsiya” və “traybalizm” siyasətinin sonucu olaraq, Borçalıda yaşam tərzi dəhşət saçırdı. 2002-ci ildən Gürcüstanda başlanılan demokratik proseslərdə xalqımız demək olar ki, kənarda qaldı. Bir gözü Azərbaycanda, bir gözü Rusiyada qalan Borçalı əhalisi demokratiyanın yanında yer almaqdan uzaqda dayanmağı tərcih etdi. Ona görə də bu gün onun bütün ağrı-acısını yaşamaq zorunda qalıb. Çünki, demokratik düzənlə gəlişməninin yerini İran mollakratiya rejiminin fəsadları əvəz edib. Din pərdəsi altında bu gün Borçalıda yaşanılan siyasət millətimizin sabahı üçün açılmamış bombalar deməkdir. Həmin bombaların partlayacağı gün Borçalıda bir nəfər də olsun Azərbaycan Türkü qalmayacaq. Mütilik siyasəti Tehran rejimi teoloqlarının atom bombasından da dəhşətli olan uyuşdurucu düşüncə sistemi deməkdir. Artıq Borçalının hər qarışında məscidləri, ictimai qurumları, mətbuatı, sosial-mədəni təsisatları işğal siyasəti başa çatıbdır. İran mollakratiya rejimi burada özünü çox rahat hiss etməkdədir. Gürcüstan hakimiyyətinin bütün bunlara soyuqqanlı yanaşması, demokratik təsisatların inkişafında maraqlı tərəf kimi çıxış etməməsi çox acı bir həqiqətdir.

Aydınlar mal kimi gözlərini dəyəndə

Gürcüstan kökənli Azərbaycanda azından on min alim, yazıçı, şair, müəllim, aşıq, dövlət məmuru, rəssam, işadamı, jurnalist  fəaliyyət göstərir. Bundan əlavə, Rusiya, Ukrayna, Qazaxstan, Özbəkistan, Türkiyə və başqa ölkələrdə minlərlə Borçalı kökənli zənginlər var. Onların heç birininin Borçalı məsələsində hansısa maarifçilik hərəkatına dəstək verdiklərini bu günə kimi görmədik. Beləcə Borçalı dəyərsiz bölgə halına gəlməkdədir. Bu boşluğu isə, İran mollakratiya rejiminin ixrac etdiyi dini mövhumatçılıq, Səudiyyə Ərəbistanından “vəhabilik”, qardaş Türkiyədən “nurçuluq”, “süleymançılıq” tipli gerizəkalı təriqətlər doldurub. Buna görə də, Çeçenistan, Suriya, İraq, Liviya, Fələstin, Əfqanıstan və digər dini-klerikal savaşlarda Borçalı kökənli yüzlərlə insanlarımız fərqli səngərlərdə duraraq (əsasən şiə-vəhabi) bir-birlərini qurşunlamaq kimi oyunlara cəlb ediliblər. Gürcüstandakı azərbaycanlıların təhsil aldığı milli məktəblərin və həmin məktəblərdə çalışan müəllimlərin statistikası belədir:
Milli məktəblər: 1989-cu ildə - 183, 1999-cu ildə - 167, 2009-cu ildə - 124, 2014-ci ildə - 117, 2018-ci ildə - 80 məktəb.
Milli məktəblərdə çalışan müəllimlər: 1989-cu ildə - 6922, 1999-cu ildə - 4481, 2009-cu ildə - 3777, 2018-ci ildə -  3628 nəfər.

Beləliklə Borçalıda ildən ilə anadilli məktəblərin və müəllimlərin sayı sürətlə azalmağa doğru yönünü dəyişməkdədir. Azərbaycan tərəfi heç bir iş görmədiyinə görə, Gürcüstan hökumətinə yenidən müraciətlər olunmalıdır. Bir zamanlar Tiflis Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərmiş “Azərbaycan dili və ədəbiyyatı” fakültəsi” yenidən qurulmalıdır. Özlərini Borçalının “cəfakeşi” kimi cəmiyyətə sırıyanlara isə tək sözümüz budur ki, bir daha yurdsevərlikdən danışmayın.

Cəmiyyətin sinergetik düzəni

Borçalıda soydaşlarımızın sorunlarını çözmək, sosial-iqtisadi, mədəni, təhsil və başqa sahələrdə əməli iş görmək üçün yetərincə imkanlar mövcuddur. Bu yöndə ilk addımı məhz ünlü aydınımız, şairmiz Allahverdi Təhləli atdı. O, indi Gürcüstan Yazıçılar Birliyi Azərbaycan ədəbiyyatı bölümünün başqanıdır. Fikrimizcə, “Gürcüstan Aşıqlar Birliyi”, “Gürcüstan Azərbaycanlı Müəllimlər Cəmiyyəti”, “Borçalı Tarixi Abidələrin Mühafizəsi”, “Azərbaycandilli Gürcüstan KİV-lərin Şurası”, “Gürcüstan Azərbaycanlıları Etnoqrafiya  Muzeyi” və digər təsisatların yaradılması mövcud sorunları elliklə çözmək üçün doğru addım ola bilər. Bunun üçün heç də hansısa dövlətdən “qrant” tələb etməyə ehtiyac yoxdur. “Tiflis Azərbaycan Dövlət Teatrı”nın Borçalı boyunca qastrol səfərlərinə dəstək verilməsi, mədəni həyatımızın inkişafı yönündə böyük addımlar ola bilər. Min dəfələrlə təəssüflər olsun ki, bu teatr bütün imkanlardan məhrum durumunda acınacaqlı aqibəti yaşamaq zorunda qalıbdır.
Borçalının iqtisadi inkişafı yönündə sənayeləşmə proqramlarının həyata keçirilməsi üçün xalqımızın adından millət vəkili seçilənləri məcbur etmək gərəkdir ki, bu sahədə ciddi addımlar atsınlar. Onlar uzun illərdir lal-dinməz rolunu oynamaqdan savayı heç bir iş görməyiblər. Borçalı bölgəsi Gürcüstanın ərzaq təhlükəsizliyi məkanı sayılır. Bu yöndə azından kənd təsərrüfatı məhsullarının qablaşdırılması, konserv sənayesinin inkişafı üçün bir sıra ciddi addımlar atmaq olar. Çağdaş standartlara uyğun yerli milli televiziya kanalının olması isə çox vacibdir. “Marneuli TV” və “Marneuli Radio” kanalları heç bir standarta cavab vermir. Dövlət büdcəsindən maliyyələşən “Gürcüstan” qəzetinin işi tamamilə yeniləşdirilməlidir. Bu gün Gürcüstan Dövlət Radiosunun “Azərbaycan Redaksiyası”nın fəaliyyəti, görkəmli aydın, şair və publisist Mirzə Məmmədoğlunun gördüyü işlər yeganə qürur mənbəyimizdir. Onun Tiflis arxivlərindən (TV-Radio və s.) üzə çıxardığı mənbələr sadəcə Azərbaycan xalqının deyil, bütovlükdə Qafqazın mədəni mirası deməkdir.
Gürcü cəmiyyətinə inteqrasiya olunmanın düzəni bu gün yüksək səviyyədə ona görə irəli getmir ki, soydaşlarımız bu prosesdə passiv mövqe sərgiləyirlər. Önəclər bu faktlar sadəcə Azərbaycana və Rusiyaya dikilmiş baxışların müstəvisində yönləndirilirdisə, indi  İran adlı mollakratiya rejimi bölgədəki prosesləri öz nəzarətinə alıbdır. Mövhumatçı bir təlimlə bölgədə beyinyuma siyasətini dərinləşdirən mollakratlar və onların yedəyində gedən müftəxor-parazit din xadimləri əhalinin sadəcə qafasını yumur, həm də ciblərini soyub-talamaqla məşğuldurlar. Onlara bir sualımız var: “Dünyanın hansı ölkəsində İran adlı mollakratiya rejiminin din xadimləri rifah gətirib?” Bunun cavabını kimsə verə bilməyəcək. Gürcüstanda mövcud demokratik həyat düzəni və qanunlar çərçivəsində istənilən başarıları əldə etmək çox asandır. Yetər ki, vətəndaş mövqeyi və milli iradə ortaya qoyulsun. Borçalıda soydaşlarımızın acınacaqlı yaşam durumunun nədəni budur. Ölkənin demokratik təsisatlarına əsaslanaraq istənilən başarıya imza atmaq asandır.
 
Ənvər BÖRÜSOY,
Hurriyyet.org