"Bney Yehuda"nın baş məşqçisi: "Bakıdakı 2:2 hesabını yaxşı nəticə saymırıq”

Baxış sayı:
649

İsrailin "Bney Yehuda" klubunun baş məşqçisi Yossi Abukasis "Neftçi" ilə sabah keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından öncə jurnalistlərin suallarını cavablandırıb.

Virtualaz.org-un Təl-Əvivə ezam olunmuş əməkdaşı xəbər verir ki, baş məşqçi keçirdiyi mətbuat konfransında əvvəlcə Bakıdakı oyundan danışıb: "İlk oyundakı çıxışımızdan razıyam. Xüsusən də ilk yarıdan. Amma çempionat başlamamışdan öncə bizə 3-4 yeni oyunçu lazımdır".

49 yaşlı mütəxəssis bildirib ki, ilk matçın nəticəsinin nə dərəcədə uğurlu olduğunu sabah biləcəklər: "Çünki biz hələ bu mübarizənin birinci hissəsini oynamışıq. "Neftçi"nin çox yaxşı oyunçuları var, yaxşı komandadır. Rəqibin əsas üstünlüyü mövsümdə 6-cı matçlarına çıxmasıdır. Bizdə isə bu, yalnız ikinci oyundur".

İsrailli məşqçi əks-hücum taktikasını rəqibə uyğun qurduqlarını söyləyib: "Biz böyük qüvvə ilə hücuma çıxırdıq. Məqsəd ilk matçdakı nəticəni qorumaqdan ibarət olmayacaq, əksinə, doğma publika önündə daha yaxşı oyun sərgiləməyə çalışacağıq. Təəssüf ki, ilk matçda 2:0 hesabı ilə öndə olduğumuz halda, üstünlüyümüzü qoruya bilmədik".

Abukasis heç vaxt 2:2 hesablı nəticəni yaxşı saymadığını da sözlərinə əlavə edib: "Qələbəni əldən verməyimizi yaxşı nəticə saymırıq. Bəlkə oyun 2:0 hesabı ilə bitsəydi, bunu üstünlük sayardıq. Bakıdakı oyunadək hesabın 2:2 olacağını desəydilər, bununla razılaşardıq".

Mütəxəssis daha çox gələcək haqqında danışmaq istədiyini vurğulayıb: "İlk növbədə, sabahkı oyunda qələbə qazanmalıyıq ki, növbəti mərhələyə adlayaq. "Neftçi"ni mübarizədən kənarlaşdırsaq, bu, bizim üçün böyük nəticə sayılacaq. Çünki bu cütün görüşlərinədək hamı "Neftçi"ni favorit sayırdı".

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2.