"Bayram bazarı”nda satışa narkotik çıxarıldı... - VİDEO

Zaqatalada təşkil edilən “Bayram bazarı”nda əhalinin ehtiyacını təmin etmək üçün satışa müxtəlif məhsullar çıxarılıb. Nə qədər qəribə olsa da, satıcılar arasında narkotik satmaq istəyən də olub. Amma Şəki sakininin bu arzusu ürəyində qalıb.
Zaqatala polisi rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbiri keçirib. Rayonun Əliabad qəsəbəsi ərazisində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun kənarındakı bazarda Ramazan ayının sona çatması ilə bağlı təşkil edilmiş “Bayram bazarı”nda Şəkinin İnçə kənd sakini, 59 yaşlı Osman Salamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun əlindəki idman çantasına baxış zamanı çantanın içərisində küllü miqdarda narkotik vasitə hesab olunan 5 kq 565 qr qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Osman Salamov ilkin ifadəsində Qax rayon ərazisində yabanı halda bitmiş çətənə kolları bitkilərindən toplayaraq qurutduğu külli miqdarda marixuananı gözünü müalicə etdirmək üçün satmaq istədiyini bildirib.
Faktla bağlı Zaqatala RPŞ-də CM-nin 234.4.3 maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.(ARB-Şəki)