Azərbaycan Qərb ölkələrindən silah ala biləcək? – QADAĞA GÖTÜRÜLƏ BİLƏR...

Baxış sayı:
10789

"Mümkündür ki, Emmanuel Makronun səfəri zamanı iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı saziş imzalansın"

Heç kimə sirr deyil ki, son illər Azərbaycan ordusu silahlanmaya xüsusi önəm verir. Çünki Qarabağ münaqişəsinin həlli istiqamətində uzun illərdən bəri aparılan danışıqlar prosesi nəticə verməsə, o zaman Azərbaycan pozulmuş ərazi bütövlüyünü bərpa etmək məqsədiylə bütün mümkün vasitələrə baş vura bilər. Bu isə o deməkdir ki, hər an ikinci Qarabağ savaşı başlaya bilər. Məhz elə bu səbəbdən də rəsmi Bakı haqlı olaraq ordunu ən müasir silah-sursatla təmin etmək üçün Rusiya, Ukrayna, Türkiyə, Belarus, Pakistan, İsrail və digər ölkələrlə hərbi-texniki sahədə əməkdaşlıq edir. Bundan başqa, Azərbaycan Şimali Atlantika Alyansına (NATO) üzv olan dövlətlərdən də silah və hərbi texnika almaqda maraqlıdır. Lakin NATO ölkələri Qafqaz regionuna silah satışına embarqo qoyduğundan, bu, mümkün deyil. Qeyd edək ki, onlar bunu Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması ilə izah edirlər.
Belə ki, NATO ölkələri münaqişə zonasına silah satıb, konflikti daha da alovlandırmaq istəmədiklərini bəyan edirlər. Elə bu səbəbdən də Azərbaycan Qərb dövlətlərindən silah-sursat almaq imkanından məhrumdur. Lakin artıq bir sıra Avropa ölkələri Azərbaycana silah satışına yönəlik embarqonun ləğvinin tərəfdarı olduqlarını bəyan etməyə başlayıblar. Məsələn, Çexiya Müdafiə Sənayesi Assosiasiyasının prezidenti Yirji Qinek hələ ötən il Avropa İttifaqı dövlətlərinin Azərbaycana silah satışına qoyduğu embarqonu götürməyə çağırıb. O, hesab edir ki, Avropa İttifaqı dünyanın əsas silah alıcılarından biri olan Azərbaycan bazarında təşəbbüsü ələ almaq üçün bizə silah ixracının tətbiqi məsələsinə baxmalıdır. Lakin Fransanın Ermənistandakı səfiri Conatan Lakot isə bir neçə ay əvvəl verdiyi açıqlamasında bunun əleyhinə olduğunu bildirib. Belə ki, ölkəsinin Minsk Qrupunun 3 həmsədrindən biri olduğunu və bu səbəbdən də münaqişənin dinc yolla nizamlanmasının tərəfdarı olduğunu vurğulayan səfirin sözlərinə görə, Fransanın Ermənistan və Azərbaycana silah satmaq fikri yoxdur.
Bu arada, Fransanın Gürcüstana hava hücumundan qorunmaq üçün "Mistral Atlas" hərbi avadanlığını satdığını deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, bununla bağlı müqavilə 3 il əvvəl 2015-ci ildə imzalanıb: "Gürcüstan hərbi avadanlığa görə Fransaya 100 milyon avro ödəyib. Bu pulu da Gürcüstan Fransanın "Societe General" bankından kredit götürüb. Mistral zenit raket kompleksi dünyada ən yaxşılarından sayılır. Həmin raketlərin Gürcüstanda sınağını Fransanın bu ölkədəki səfiri Paskal Menye də müşahidə edib. O deyib ki, Fransa Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyindən Gürcü ordusunun güclənməsində Tbilisiyə dəstək verəcəklər. Səfir də onu da deyib ki, Fransanın havadan müdafiə qüvvələri Gürcüstanın hava sahəsində istənilən təhlükədən qoruyacaq". Fransa ilə yanaşı, ABŞ-ın da Gürcüstanla hərbi əməkdaşlığı davam etdirdiyini vurğulayan politoloq bildirib ki, ABŞ Gürcüstanda köhnə helikopterləri modernləşdirəcək: "Bu haqda Gürcüstanın baş naziri Mamuka Baxtadze məlumat verib. 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsindən sonra Qərb ölkələri qeyri-rəsmi Gürcüstana silah satmırdılar. Ancaq bir neçə ildən sonra Qərb ölkələri Gürcüstana tətbiq etdikləri embarqonu yumşaltdılar. Rusiyanın Krımı ilhaqından sonra Qərb ölkələri Gürcüstana embarqodan imtina etdilər. Qərb ölkələri Gürcüstana hərbi dəstək verməklə Rusiyanın bölgədəki siyasətini məhdudlaşdırmağa çalışırlar".
ABŞ və Avropa ölkələrinin Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycana silah satmadıqlarının xatırladan Elxan Şahinoğlunun fikrincə, bu siyasətin effekti yoxdur: "Çünki Azərbaycan ona lazım olan silahı Rusiya, İsrail, Türkiyə, Ukrayna, Belarus və digər dövlətlərdən alır. Beləliklə, Azərbaycanla əməkdaşlıdan bu ölkələrinm hərbi şirkətləri qazanc əldə edirlər. Ona görə də Qərb ölkələri Azərbaycanla hərbi əməkdaşlıq siyasətini yenidən nəzərdən keçirmək istəyirlər. Fransa Azərbaycana silah satacaq ilk Avropa ölkəsi ola bilər. Bakıda keçirilən "ADEX-2018" Beynəlxalq Müdafiə Sərgisində Fransa şirkətləri də iştirak edirdi. Fransanı təmsil edən "Naval Group" şirkəti hərbi-dəniz müdafiəsi sahəsində Avropada liderdir. Şirkət əsasən sualtı qayıqları və gəmiləri layihələndirir və inşa edir. Fransanın sərgidəki digər iştirakçısı isə "Thales" şirkəti idi. Şirkət sərgidə hava hərəkətinin idarəolunması, hava müşahidə sistemləri, zirehli maşınlar, təlim və simulyasiya üzrə məhsul və xidmətlərini təqdim edirdi". Azərbaycanın Fransa ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşdığını deyən ekspertin sözlərinə görə, ilkin olaraq Bakı Paris ilə müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməyi nəzərdə tutur: "Fransa prezidenti Emmanuel Makron bir neçə gündən sonra Azərbaycana rəsmi səfər edəcək. Mümkündür ki, bu səfər zamanı iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı da saziş imzalansın".
ABŞ başda olmaqla, Qərb dövlətlərinin müharibə edən ölkələrə hücum silahlarının satılmasını qadağan edən qanun qəbul etdiyini vurğulayan hərbi ekspert Ramil Məmmədli Azərbaycan, Ermənistan və Gürcüstanın da bu siyahıya daxil olduğunu qeyd etdi: "Artıq uzun illərdir Qərb dövlətləri xüsusi istisnalar olmaqla müharibə edən tərəflərə hücum silahlarının satışını həyata keçirmirlər. Lakin son illərdə vəziyyət dəyişməyə başladı. Bu, xüsusilə region ölkəsi olan Gürcüstanla bağlı məsələdə ortaya çıxdı. Mixail Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlməsi ilə bu ölkə birmənalı olaraq Qərbə - Avropaya inteqrasiya yolunu tutmağa başladı və Qərbin tam olaraq maraq dairəsinə daxil oldu. Rusiya tərəfindən 1990-cı illərin əvvəllərindən başlayaraq aqressiyaya məruz qalan Gürcüstan ilk dəfə olaraq rəsmi Moskvanın əleyhinə açıq çıxışlar etdi. Bu mövqeyi isə Qərb təkcə siyasi baxımdan yox, həm də hərbi-texniki əməkdaşlıqla dəstəklədi. Aradan bir qədər vaxt keçdikdən sonra 2008-ci ildə Rusiya-Gürcüstan hərbi qarşıdurması isə vəziyyəti pik həddə çatdırdı. Bundan sonra Qərb Rusiya ilə həmsərhəd olan "qala"sını, yəni Gürcüstanın təhlükəsizliyinə hərbi-texniki yardımı artırdı". Ekspertin fikrincə, hava hücumundan müdafiə üzrə təyinatlanan "Mistral Atlas" zenit-raket sisteminin Gürcüstana verilməsi də bu qəbildən olan prosesin tərkib hissəsidir: "Yəni Gürcüstan açıq Avropa mövqeyini tutmaqla Rusiya ilə həmsərhəd olmasına baxmayaraq, rəsmi Moskvaya meydan oxumağa başladı. Bu gün də həmin proses davam edir. Gürcüstan Rusiya ilə regional layihələrin heç birində yer almır və buna cəhd də etmir. Ona görə də Qərb Gürcüstanın iqtisadi, maliyyə, siyasi və hərbi təhlükəsizliyinə xüsusi əhəmiyyət verir. Nəzərə alın ki, Gürcüstanda həm NATO-nun, həm də ABŞ-ın hərbi bölməsi xidmət aparır".
Azərbaycanla bağlı məsələdə vəziyyətin bir qədər fərqli olduğunu deyən Ramil Məmmədli rəsmi Bakının üzərinə hər hansı bir xüsusi öhdəlik götürmədən balanslı siyasət yürütdüyünü bildirdi: "İqtisadi münasibətləri çıxmaqla, Avropa ilə dərin əlaqələr yaratmır. Ermənistan isə Rusiya ilə hərbi müttəfiqdir. Avropada bilirlər ki, bu iki ölkənin hərbi imkanlarının güclənməsi bir-birinə qarşı yönəlib. Bu isə Qərbi qane etmir. Qərb dövlətləri istisna hal kimi yalnız öz düşmənlərinə qarşı mübarizə aparanlara lazımi hərbi-texniki dəstək verirlər. Bu düşmən isə Rusiyadır. Nə Ermənistan, nə də Azərbaycan Rusiya ilə müharibə vəziyyətində deyillər. Baxmayaraq ki, Azərbaycan ərazilərinin 20 faizdən çoxunun işğalında, Xocalı soyqırımının törədilməsinə rus hərbçisinin "əməyi" az deyil, lakin hüquqi baxımdan işğalçı tərəf Ermənistan olaraq tanınır. Yəni bu mənada Qərbin Azərbaycana hansısa hücum silahını satması avropalılar üçün uyğun görünmür". Lakin NATO üzvü olan Türkiyə və ABŞ-a bağlı olan İsrail bu missiyanı öz üzərinə götürdüyünü qeyd edən hərbi ekspert hesab edir ki, Azərbaycana qarşı tətbiq edilən embarqonun götürülməsi tam mümkün deyil: "Hər iki ölkə - Türkiyə və İsrail Azərbaycanı hərbi texnika ilə təmin edirlər. Embarqonun götürülməsi isə tam mümkün deyil. Qərblilərin baxışları ilə desək, bunun obyektiv və subyektiv səbəbləri var. Lakin müəyyən yumşalma var. Xüsusilə bu Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri zamanı müşahidə olundu. Belə ki, Fransanın bəzi şirkətləri Azərbaycanla əməkdaşlıq etməkdə niyyətli olduqlarını söylədilər. Ümumilikdə isə real vəziyyət bizim istəmədiyimiz şərtləri diktə edir. Açıq desək, Rusiya ilə hərbi-texniki münasibətlərin yaxınlaşması, Qərbə bu istiqamətdə əməkdaşlığın genişlənməsinə imkan vermir".

Hurriyyet.org