Avropa çempionatı: Yığmamız Almaniya ilə qarşılaşacaq

Voleybolçu qadınlar arasında Avropa çempionatında qrup mərhələsinə bu gün Milli Gimnastika Arenasında keçiriləcək 3 oyunla yekun vurulacaq. 
A qrupunda yer alan Azərbaycan millisi Almaniyanı sınağa çəkəcək. İlk 2 turu qələbə ilə başa vuran Faiq Qarayevin baş məşqçi olduğu kollektiv hətta minimal fərqlə uduzsa belə, qrup lideri kimi 1/4 finala yüksələcək. Amma Macarıstan və Polşaya heç bir şans verməyən Azərbaycan millisinin qrupdakı son oyununu məğlub başa vuracağı inandırıcı görünmür.
C qrupunda isə 2 oyun olacaq. Əvvəlcə Rusiya və Bolqarıstan milliləri üz-üzə gələcək. Rusiya qalib gəlsə, qrup lideri kimi birbaşa 1/4 final mərhələsinə yüksələcək. Bu qrupun digər oyununda ilk iki turu məğlubiyyətlə başa vurmuş Türkiyə və Ukrayna yığmaları qarşılaşacaq. Rusiya və Bolqarıstana minimal fərqlə uduzduğu üçün Ukraynanın 2 xalı var. Türkiyə isə cəmi 1 xala malikdir. "Ay-ulduzlular" qrup 3-cüsü kimi "pley-off"a çıxmaq üçün mütləq qalib gəlməlidirlər.
 
Avropa çempionatı 
A qrupu 

18:00. Almaniya - Azərbaycan 
Hakimlər: Stefan Takaişvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya) 
Xal durumu: Azərbaycan - 6, Polşa - 5, Almaniya - 4, Macarıstan - 0.
 
C qrupu
15:30. Rusiya - Bolqarıstan 
20:30. Türkiyə - Ukrayna 
Xal durumu: Rusiya - 5, Bolqarıstan - 4, Ukrayna - 2, Türkiyə - 1. 
Qeyd edək ki, digər 2 qrupda mübarizəyə yekun vurulub. İtaliya B qrupunun, Serbiya D qrupunun lideri kimi 1/4 finala yüksəlib. Onların rəqibləri "pley-off" mərhələsinin Belarus - Çexiya və Hollandiya - Xorvatiya görüşlərinin qalibləri olacaq.
/Report.az/