​“Arsenal”ın erməni futbolçusu Azərbaycana gəlməkdən imtina etdi - Henrix Mxitaryan nə üçün belə bir qərar verdi? – SƏBƏB

Baxış sayı:
4081

Xəbər verdiyimiz kimi, Avropa Liqasının ikinci turu çərçivəsində oktyabrın 4-də "Qarabağ" klubu Bakıda "Arsenal"ı qəbul edəcək.
Yerli KİV-lər yazır ki, "Arsenal" ın əsas qapıçısı Peter Çex Bakıya gəlməyəcək. Çünki çexiyalı qapıçı zədəlidir, iki və ya üç həftə oyuna çıxa bilməyəcəyi ehtimal edilir. Çox güman ki, "Qarabağ" ilə matçda onu alman əsilli futbolçu Bernd Leno əvəzləyəcək.
Bu arada, “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın da Bakıya gəlməyəcəyi haqda informasiyalar var. Ermənistan milli futbol komandasının yarımmüdafiəçisi olan H.Mxitayanın bu qərarı şəxsən özü verdiyi məlum olub. Buna səbəb kimi isə, H.Mxitaryanın bir neçə dəfə Ermənistan tərəfindən işğal olunan Qarabağa səfər etməsidir. Yəni o, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sında olduğundan, öz istəyi ilə ölkəmizə gəlməkdən imtina edib.
Qeyd edək ki, London klubu oyundan bir gün əvvəl Azərbaycana səfər edəcək. Belə ki, komanda çərşənbə axşamı Londondan yola düşəcək və qonaqların 6 saatlıq uçuşdan sonra yerli vaxtla günortadan sonra Bakıda olması gözlənilir.
Çərşənbə günü "Arsenal" Bakı Olimpiya Stadionunda məşq öncəsi təlim keçirəcək. Matç cümə axşamı 20:55-də başlayacaq. Oyundan dərhal sonra isə, "Arsenal" futbolçuları Londona yola düşəcək.
Xatırladaq ki, Henrix Mxitaryanın Bakıya səfəri ilə bağlı Azərbaycan XİN-in mətbuat xidməti belə açıqlama vermişdi: “Azərbaycan idman ölkəsidir və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən, digər ölkələrin erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub. Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər isə sırf hüquqi məsələdir”.
 
Muxalifet.az