ABŞ NİYƏ İRAN GENERALLARINI ARADAN QALDIRIR? - Vaşinqtonun şok siyasi gedişləri

Baxış sayı:
3862

Yanvarın 3-də Birləşmiş Ştatların İraqda İranın əfsanəvi (rəsmi Tehranın nöqteyi-nəzərindən) hərbi liderlərini: İİKK-nin "Qüds" xüsusi birləşməsinin rəhbəri general Kasım Süleymani və İraqın "Haşdi-Şaabi" qruplaşmasının rəis müavini Əbu Məhdi əl-Muhandisi aradan qaldırması regionda İranın xarici siyasətinə ciddi zərbə vurur.

Daxili siyasətində uğursuzluğa düçar olan İran rejimi üçün Suriya və İraqdakı uğurlar daxili inqilabi əhval-ruhiyyəni müəyyən dərəcədə neytrallaşdıran yeganə amillərdir. Bununla əlaqədar İranın İraqda, Suriyada məğlubiyyəti molla rejiminin zəifləməsi və İranda antiklerikal hərəkatın güclənməsi demək olacaq.

Süleymaninin qətlindən sonra İran hakimiyyəti ABŞ-ın ünvanına qisas bəyanatları səsləndirsə də, bu bəyanatlar növbətçi və təmkinli xarakter daşıyırdı.

"Təəssüf ki, ABŞ region üçün kifayət qədər təhlükəli ola biləcək yeni yola girib, buna görə indiki şəraitdə dost ölkələrin daha sıx məsləhətləşmələri və koordinasiyası zəruridir", deyə İİR prezidenti Həsən Ruhani yanvarın 4-də Qatarın xarici işlər naziri Muhammed Əl Tanini qəbul edərkən bildirib.

İran XİN ABŞ tərəfindən gərginliyin daha da artırılmasına yol verməmək məqsədilə qonşu ölkələrin XİN başçıları ilə təbliğat xarakterli operativ məsləhətləşmələr aparıb. İİR XİN-in xarici işlər naziri Muhammed Cavad Zərifin Azərbaycan, Qatar, Tacikistan, Türkiyə və Əfqanıstandakı həmkarları ilə telefon söhbətləri haqqında məlumatlar qısa olub: "ikitərəfli münasibətlərdə son hadisələr və mühüm regional və beynəlxalq problemlər haqqında telefonla söhbət etdik".

İranın informasiya mənbələrinin yaydığı məlumatların tədqiqi göstərib ki, Süleymaninin dəfni cəmiyyətin mərasimə zəif cəlb olunduğunu nümayiş etdirib. Bunu xalqın mollaların xarici siyasət kursuna dəstəyinin olmaması, habelə İslam İnqilabı Keşikçilərinin və digər hərbiləşmiş təşkilatların şəxsində dayaqlarının olmaması kimi dəyərləndirmək olar.

Hakimiyyət cəmiyyətdəki antihökumət əhval-ruhiyyəsini dərk edərək, birləşmə çağırışı ilə cəmiyyətə müraciət etməyib və kütləvi mitinqlər təşkil etməyib. Öz növbəsində, cəmiyyət Süleymaninin ölümünə kortəbii kütləvi münasibət bildirməyib.

ABŞ-ın arzuolunmaz qarşıdurma qətiyyətini və daxili qeyri-sabitliyi nəzərə alan rəsmi Tehran hər-hansı qisas addımı atmayacaq. Mollalar daha çox açıq hərbi qarşıdurmadan qaçmağın yolları haqqında düşünürlər, belə ki, hazırki ictimai əhval-ruhiyyə fonunda xarici düşmənə qarşı birləşmə deyil, rejimin əleyhinə olan qüvvələrlə rejim qüvvələriarasında qarşıdurma baş verəcəyini, rejimin mövqeyinin zəifləyəcəyini başa düşür.

"Son illər ABŞ-ın mənasız əməlləri regionda gərginliyin artmasına gətirib çıxarıb", deyə Ruhani Qatarın XİN başçısı ilə görüşdə bildirib və qeyd edib ki, Tehran regionda gərginliyin artmasını istəmir.

Yaranmış vəziyyətdə qisas almaq iqtidarının olmaması və İraq və Suriyada nüfuzun itirilməsi İranda rejimə ictimai müqaviməti daha da gücləndirəcək və onun daha da zəifləməsinə səbəb olacaq.

ASTNA.BİZ